İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Bakıda həbs olunan casuslarından imtina edir - nə baş verir?

870 24.05.2023 12:53 Siyasət A A

 

İran XİN agentura şəbəkəsi ilə əlaqəni inkar edir, hətta “Hüseyniyyun” terrorçuları da onların adını çəkmir - ekspertlərdən fərqli reaksiyalar

Son aylar Azərbaycanın müvafiq qurumlarının keçirdikləri əməliyyatlar nəticəsində İrana casusluq edən bir çox şəxslər saxlanıb. Məlumdur ki, molla rejimi Azərbaycanda hələ 90-cı illərdən bəri özünün casus şəbəkəsini yaratmağa nail olmaqdadır və indi onların “təmizlənməsi” prosesi həyata keçirilir. 

Saxlanılan şəxslər ifadə verərkən molla rejiminə işlədiklərini və mollaların tapşırıqlarını yerinə yetirdiklərini, İran xüsusi xidmət orqanları ilə işbirliklərini etiraf edirlər. Ən dəhşətlisi odur ki, dünyəviliyə qarşı yönələn bu təbliğatı aparmaq üçün seçilən şəxslərin əksəriyyəti gənclərdir. “Yeni Müsavat” qeyd edir ki, bu gənclər müxtəlif yollarla əməkdaşlığa cəlb edilərək, İran təbliğat maşınının qurbanına çevrilir, öz xalqına qarşı məqsədyönlü fəaliyyətə yönləndirilir. İnformasiya texnologiyalarının yaratdığı imkanlardan sui-istifadə etməklə dövlətin ərazi bütövlüyü ilə bağlı məlumatlar təhrif edilir, terrorizm ideologiyasının təbliği və terror aktlarının planlaşdırılması üçün internet şəbəkəsindən fəal istifadə olunur.

Artıq ortada təkzibolunmaz faktlar və həbs edilən şəxslərin etirafları var. İran zaman-zaman Azərbaycandan dini təhsil almağa gedən gəncləri, yaxud dini ziyarətlərə gedənləri öz kəşfiyyat toruna salıb və onlardan casus kimi istifadə edib. İran rejimi Azərbaycandan bu ölkəyə müxtəlif məqsədlər üçün gedən savadsız insanları da “şiəlik” adı altında casusluğa cəlb edib, bir casus şəbəkəsi yaradıb. Bir sözlə, fars-molla rejimi din pərdəsi altında Azərbaycana qarşı cinayət əməlləri törədib.

İranın casus şəbəkəsinin üzvləri ifşa olunduqca Tehran rəsmiləri onlardan imtina etməyə başlayırlar. Heç yutub “qəhrəmanları” olan “Hüseyniyyun” terrorçuları da onların adını çəkmir. Molla rejimi mümkün qədər həbs edilən şəxsləri özündən uzaq tutmağa çalışır. “Azad İran” teleqram kanalı İranın İSNA agentliyinə istinadən yazır ki, İran XİN-in sözçüsü Naser Kənani İslam Respublikasının Azərbaycanda həbs edilən İran agentura şəbəkəsinin üzvləri ilə hər hansı əlaqəsini inkar edib. Kənani casus şəbəkəsi ilə molla hökumətinin heç bir əlaqəsi olmadığını iddia edir. Molla rejimi Azərbaycandakı əlaltılarını niyə inkar edir? Onlardan əlini çəkib, yoxsa hiyləgərlik edərək guya ona aidiyyəti olmasını danmağa çalışır? Onu da deyək ki, növbəti belə əməliyyat zamanı casusluqda şübhəli bilinən mərsiyəxan Seymur adlı şəxs saxlanılıb. Xəbər mayın 23-də yayılıb. Bundan əvvəl isə mayın 16-da Seyyid Cahangir və Fədaim Cəfərov saxlanılıblar.

Arzuxan Əlizadə: Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyub

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bunu təbii sayır. Onun “Yeni Müsavat”a dediyinə görə, İran agentura şəbəkəsi formalaşdırdığını heç zaman etiraf etməz: “Amma danılmaz faktdır ki, saxlanılan şəxslərin əksəriyyəti İranda təhsil almış və Tehranın xüsusi xidmət orqanları ilə əlaqəsi olanlardır. Hətta "Kərimə" dövləti qurmaq ideyasını təbliğ ediblər. Ancaq bu gün Tehran rejimi ifşa edilən casus şəbəkəsinin olduğunu etiraf etmək istəmir. Artıq həbslərdən kənarda qalanlar da bilməlidirlər ki, İran onları müdafiə etməyəcək". A.Əlizadə şəbəkənin sona qədər çökdürülməsinin tərəfdarıdır. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə hesab edir ki, İran rəsmiləri casus şəbəkəsini dolayı yolla müdafiə edir. Onun sözlərinə görə, Tehranda ayrı-ayrı şəxslər bəyan edir ki, guya günahı olmayan adamları tutublar: “Bir müddət sonra tam müdafiəsinə qalxa bilərlər. Digər tərəfdən, həmin casus şəbəkəsinin üzvləri "piyada"lardır. Molla rejimi demək istəyir ki, gedib ilişməyin. Yəni açıq kartlardır, de-şifrə olunublar, kiçik icraçılardır, Tehran demək istəyir ki, onları əvəz edəcək adamlarımız hələ var. Belə desək, onlar küt, ağlı olmayan, maddi maraq və ya din adı altında sifariş yerinə yetiriblər. Məncə, daha sonra İran rəsmiləri bəyan edəcək ki, Tehranı guya qaralamaq üçün belə əməliyyatlar aparılır". Partiya sədrinin fikrincə, bu şəbəkə çox böyükdür: “İran illər ərzində öz agenturasını müxtəlif sahələrdə yerləşdirib. Onları zamanla sıradan çıxarmaq lazımdır. Bu bir günün işi deyil. Sosial şəbəkələrdə, siyasi çevrələrdə, siyasi partiyalarda belə onları müdafiə edənlər var. Hətta bəzi deputatların mövqeyində fərqli yanaşmalar olur. Ona görə hüquq-mühafizə orqanları araşdırmalar aparmalıdır ki, reallıqlar üzə çıxsın”.

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun fikrincə, İran-Azərbaycan münasibətlərinin normallaşması üçün Moskva və ya Ankaranın vasitəçiliyinə ehtiyac yoxdur: “Tehran Azərbaycana qarşı təxribatlarını durdursun, ölkəmizdə "5-ci kolon" və xəfiyyə şəbəkəsi formalaşdırmaq siyasətindən imtina etsin, səfirliyə hücumun araşdırılmasının hazırki durumu barədə Bakını məlumatlandırsın, bu halda normallaşma prosesi başlaya bilər. Bu addımlar atılmadan başqa dövlətlərin vasitəçiliyi də heç nəyi həll etməyəcək".

Fuad Əliyev: Zəngəzur dəhlizinin açılması ermənilər tərəfindən uzanır

Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyev isə hesab edir ki, İranın etirafını gözləmək sadəlövhlük olar. Onun fikrincə, Tehran öz casus şəbəkəsini bu halda tamamilə bitirər: “Həbs edilənlər və kənarda qalanlarda belə rəy yarana bilər ki, Tehrana güvənmək olmaz, bizə sahib çıxmırlar. Ancaq agentin işi ələ keçməməkdir. Molla rejimi ona qulluq edənlərin qarşısında şərti şumda kəsir ki, ifşa olmayın, sonra sizi həbsdən azad etmək mümkün olmayacaq. Ona görə rəsmi Tehran məsələni üzərindən atır. Eyni zamanda İran tutulan şəxslərin Azərbaycan vətəndaşları olduğunu hesab edir, yəni bizdən deyillər. Əvəzində Azərbaycanın axtarışa verdiyi və İrana sığınan terrorçulara qahmar çıxırlar”.

Ekspertin sözlərinə görə, “Husseyniyyun” dəstəsi çox keçməz ki, onların müdafiəsinə başlayar: “Onlar sosial platformalarda, internet kanallarında Azərbaycanı gecə-gündüz ittiham edir, şər-böhtan yağdırırlar. İndiki səssizlik müvəqqətidir, yeni kampaniya başlana bilər. Ancaq həbslər davam etməkdədir. Azərbaycan vətəndaşları olan bu xainlər bir-bir üzə çıxarılmalıdır. Onlar bizimlə düşmənçilik edən bir rejimə xidmət göstəriblərsə, dövlətə, xalqa qarşı informator işləyiblərsə, cəzasız qalmamalıdırlar. Bu şəbəkə hansı sektorlarda mövcuddursa, demontaj olunmalıdır”.

SEPAH Bakını müdafiə edən türk kəşfiyyatçını hədələdi, cavabını aldı -  Ulusal.Az

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) sabiq əməkdaşı, kəşfiyyat mütəxəssisi Əli Burak Darıcılının maraqlı təhlilində isə deyilir ki, İranın Azərbaycana qarşı təxribatlarında çox ciddi artım var: “Çünki Tehran Azərbaycanın inkişafından, güclü kəşfiyyat strukturu qurmasından, ordusunu möhkəmləndirməsindən narahatdır. Azərbaycanın hökumət sistemi gücləndikcə, Tehranın Bakıya qarşı şiəlik üzərindən əldə etməyə çalışdığı güc zəifləyir. O cümlədən güney azərbaycanlıların şimalla əlaqələr yaratma ehtimalını nəzərə alaraq Azərbaycan ərazisində sıx kəşfiyyat sistemi formalaşdırmağa çalışır. Amma Azərbaycan kəşfiyyat strukturu çox uğurlu bir şəkildə İran şəbəkəsinin üzvlərini ifşa edir və qarşısını alır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR