İnsanlara hürriyət, millətlərə istiqlal!

Tayfaqırğı - Əkbər Qoşalının yazısı

826 26.03.2023 11:00 Yazarlar A A

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dünən növbəti rəsmi məlumat yaydı (https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-melumati-47134.html ).

Zatən Müzəffər Silahlı Qüvvələr, qalib ölkə olaraq Azərbaycanın Ermənistanın və sülhməramsızların “naz”ı ilə çox oynayacaq halı yoxdur. Məlumatdı – əldə etmişdik; çəkilişdi – aparmışdıq (https://mod.gov.az/az/news/qeyri-qanuni-ermeni-birlesmeleri-ucun-qanunsuz-herbi-dasimalar-davam-edir-video-47113.html ); çəkdiklərimizi ictimailəşdirmişdik; xəbərdarlıqdı – etmişdik və s. Yəni günah bizdən getmişdi. Odur ki ordumuzun gördüyü tədbirlər zərurətdən irəli gəlmişdir (https://mod.gov.az/az/news/mudafie-nazirliyinin-melumati-47131.html ).

Məğlubkən əvəzçıxma azarından qurtula bilməyən Ermənistanın təxribatlarının qarşısı alınmasaydı bunu necə əsaslandıra, hansı kitab-dəftərə yaza bilərdik? 

Elə deyilmi? Əgər göz görəsi silah-sursat daşınırsa və qarşısı alınmırsa cırtdan Ermənistanda nə düşünərdilər, separatçılar özlərində necə bir güc və arxayınçılıq hiss edərdi? Biz bunu hansı rəfə, hansı fayla qoyardıq? Digər tərəfdən kimsə bizə deyirsə ki, dünənki uğurlu hərbi əməliyyatın nəticələrindən geri duraq, bu, birbaşa “hərbi postların təchizatını, personalın əvəzlənməsini durduran hərəkətlərdən çəkinin” demək olar. Ermənistan həmin hərbi postları bizim ərazilərdəki qondarma rejimin ayağına yazmaq istəsə də, belə “ayağa yazmaq” ağıllı-başlı hərəkət deyil və bununla canqurtarmaq mümkün olmayacaq. Olub-bitənləri başa yazmaq lazımdır, ayağa yox! Başsa ya yoxdur ya da ağlı azıb... Azmaq yolsuzluqdur, yolunu itirməkdir, yanlış yola düşməkdir. Yol demişkən... 

Müstəqil Azərbaycan dövləti öz büdcəsindən ayırmalar hesabına tam təmirli, təhlükəsiz yol çəkmişkən, xeyir ola, sən o yolu buraxıb, hər anlamda əyri yola düşürsən? “Sən” dediyimiz – Ermənistanın, Qarabağdakı qondarma rejimin və havadarlarının cəmini ifadə edir. Bəli, düz adamın əyri yolda nə iti azıb? Düz yoldan silah-sursat daşıyırdın, ekofəalların aksiyasından sonra bunu edə bilməyincə, dərə-təpə yola düşmək qərarına gəldin, indi o dərə-təpəni, bərəni-bəndi də kəsdik. Yenidən biz çəkən yola qayıtmalısan. O yolunsa sadə tələbi var: adam balası kimi gedib-gələcəksən! Bununçün şərtlər həm çətindir həm asan. Çətindir – ermənilərin onilliklər boyu apardığı təbliğat, xərclədiyi milyardlar, ürətdiyi ideologiya dağ sellərinə qərq olur. Sadə erməni görürü ki məgərsə hər şey palavraymış! Asandır – Azərbaycan kimi humanist, xeyirxah dövlət var – Ermənstanı normal qonşuluğa, Qarabağdakı ermən sakinləri isə normal davranışa, firəvan həyata səsləyir. Adam balası ola bilməyənlərlə humanizm, xeyirxahlıq kateqoriyasında danışmaq mümkün də deyil, məsləhət də deyil və belə danışıq heç olmayacaq da! Necə deyərlər, Ceyhun Bayramovla (ölkədışı), Ramin Məmmədovla (ölkəiçi) danışa bilməyənlər Zakir Həsənovla, Şahin Məmmədovla danışmalı olacaq!

Beləliklə, ermənilərin daxili və beynəlxalq ictimai rəyi çaşdırmaq istəkləri anlamsızdır, belə anlamsızlıqsa gələcək vəd etmir. Azərbaycan dövləti öz suveren ərazisində təxribatların qarşısını almaqçün məcburi tədbirlər görüb. Bu, hər bir özünəsayğılı dövlətin yapdığı, yapacağı işdir. Kimsə qanunsuz silah-sursat, canlı qüvvə daşınmasını haqlı hesab edirsə, zəhmət çəksin bunu öz ərazilərinə proyeksiyalasın. Ermənilər kiminçün əzizdirsə, uzun illərdir biz bəsləmişik, indi biz incimərik, buyursunlar bir az da onlar bəsləsin. “Bir az” yazıram, ona görə ki, çox keçmədən ermənilər oralarda da pozuculuqla, separatizmlə, nə bilim, nə ilə uğraşacaqdır. Biz bu tayfaqırığını çox yaxından tanıyırıq. Sülhməramsızlara gəldikdə isə, onlar Volski babalarından daha irəli getmək istəmiş ola bilər amma (necə deyərlər) zaman da irəli gedib, bizim imkanlar da irəlidir və Volkov, Medvedyev, Zaytsev olmur kim olur-olsun iradəmizin üstündə iradə tanımayacağıq. Sülhməramsızlara dəfələrlə müraciət edildi, tədbir görülmədi; bu azmış kimi, ermənilərə havadarlıq edildi. O zaman “qüsura baxmayın” yəni.

Qarabağ ermənilərini Bakıya çağırdıq – gəlmədilər;

Ermənistana sülh üçün beynəlxalq hüquq normalarına uyğun şərtlər irəli sürdük – qəbul etdilər etmədilər, etmədilər etdilər etmədilər – oyun oynamağa, vaxtı saqqız kimi uzatmağa başladılar;

“Brüssel Sülh Gündəliy”inə sadiq olduq – Ermənistan siyasi hakimiyyəti arapozanlıq elədi;

“Üçtərəfli Bəyanat”ı xatırlatdıq – Ermənistan da, hətta Kreml də aradabir onu öz yozumlarına uyğunlaşdırmaq istədi və s. və i.

Yaxşı, bəs onda biz neynəməliydik? Dayanıb Ermənistanın növbəti təxribatlarınımı gözləməliydik? Qarabağa qnunsuz silah-sursat daşıınmasına göz yummalıydıqmı?

Əlbəttə, biz bir Haqlı dövlət, bir Qalib ölkə necə davranmalıydısa, o şəkildə davrandıq. Ermənilərin qanunsuz istifadə etdiyi yollar nəzarətə götürüldü. Bununla ən azı iki sonuca varmış olduq: 1) Beynəlxalq ictimaiyyət gördü ki, ekofəalların aksiya keçirməsini yalan-yanlış yerlərə aparıb çıxarmaqçün çığır-bağır salanlar alternativ yollardan istifadə edirmiş – özü də rus sülhməramsızlarının müşayiəti ilə. O rusların ki, düz-dünya Rusiya-Ukrayna müharibəsinə görə, ölkələrini ən təpədən ən sonadək mərcək altına almağa çalışır, sanksiya üstünə sanksiya qəbul edir...

 Artıq hər nə olacaqsa, sorumluluq Ermənistanın üzərində olacaq. Qarabağ, Qarabağa gətirən-aparan yollar bizimçün zarafat mövzusu deyil. Ciddi ola bilməyənlər özlərinə bir az çəki-düzən vermək zorundadır! – Qəbul etmək zorundadırlar ki, Azərbaycan dözülməz duruma son qoyur, silah-sursat daşınmasının qarşısını alır və bizim qırmızı çizgimizi keçməyə, bizi haytalandırmağa kimsə qalxışmasa daha yaxşı olar.

Ermənistan Qarabağa mina, silah-sursat göndərə bilməyəcək, artıq torpaq yollar nəzarətə götürüldü!

Hava yoluna – izn verməyəcəyik,

dəmir yolu mümkün deyil, yeraltı yollarsa – Ermənistan üçün xəyalın ötəsində bir olaydır.

Əvəzində: Füzuli, Zəngilan hava limanlarını tikmişik, Laçın hava limanını tikirik;

su yolu – bunun Ermənistana dəxli yoxdur;

Zəngəzur dəhlizinə xidmət edəcək dəmir yollarını çəkirik, təmir-bərpa edirik;

yeraltı yollar – onu da biz çəkirik, nəinki Azərbaycanın, Güney Qafqazın ən uzun tunellərini, Yer kürəsinin ən uzun tunellərindən birini Kəlbəcərdə inşaa edirik.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

4f01ec685981b5adb0b6773cc152b4ce (1).jpg (87 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR