İnsanlara hürriyət, millətlərə istiqlal!

Tarixi fiqurlar və konkilər haqda

2354 26.03.2022 04:00 Yazarlar A A

Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandası var, bunu bilirdinizmi? Bir rus balası var, Putinin adaşıdır, Vladimir Litvinsev adını daşıyır, hətta bugünlərdə hansısa turnirdə 17-ci yeri tutmuşdur.

Mən təklif edirəm yerdə qalan rus idmançıları da bayrağımızın qanadları altına alaq, çünki Ukraynaya hücuma görə Rusiya idmançılarını bütün turnirlərdən qovublar. Ümumiyyətlə, Rusiyaya embarqo və boykotları yarmaq üçün hər cür şərait yaratmalıyıq, bunu bizdən İbrahimxəlil xanın, Cavad xanın, Hüseynqulu xanın, canım sənə desin, lap elə 20 yanvar və Xocalı qurbanlarının ruhları tələb edir. Bir də gördün Günəş təzədən şimaldan doğdu.

Günəş demişkən, onun bu aralar yoxa çıxması da böyük ehtimal fiqurlu konkisürənlərimizin uğurları ilə bağlıdır. Göygöl niyə donmuşdur? Volodya Litvinsevin üzərində sürüşməsi üçün. Bir neçə il mart belə keçsə, biz hətta milli hokkey komandamızı yaradarıq. Oveçkindən-filandan birinə də çoxlu maaş verərik, məşqçi olar. Pulumuz var. Əslində, hokkey komandasını bu saat da yaratmaq olar, iqlim şəraiti o qədər önəmli faktor sayılmaz. Ona qalsa yüz ildir hava futbol oynamağa imkan verir, oynaya bilirikmi?

Tarixə ekskurs eləmişkən... Bu yaxında deputat Ziyad Səmədzadənin “dünya şöhrətli ekonomist” olmasından yazmışdım. Bir tarixi fakt yadımdan çıxmışdı, jurnalist dostumuz Elçin Məmmədli xatırlatdı. Deyir 1990-91-ci illərdə, hələ Azərbaycan SSRİ üzvü olanda Ziyad müəllim Ali Sovetin sədr müavini idi və AXC üzvləri müstəqillik uğrunda dava salanda Səmədzadə birbaşa parlament kürsüsündən demişdi: “Mən iqtisadçıyam, sizin hər birinizə sübut edərəm ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxmaqla, müstəqil şəkildə bir gün də yaşaya bilməz”.

Bəli. Nədənsə müstəqil yaşaya bildik. Ancaq qəribədir ki, indi müstəqilliyin ən yağlı kökələrini məhz bu cür tiplər – onun əleyhinə çıxanlar basır.

Ümumiyyətlə, cəbhəçilər ağılsız adam idilər. Çoxu vəzifəyə xalqa xidmət etmək üçün gəlmişdi. Millət rüşvət verirdi, almaq istəmirdilər. Bugünlərdə İmişli rayon icra hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyev üzərində məhkəmə gedir, ordakı çıxışlardan birini oxuyanda AXC hakimiyyətini xatırlamalı oldum. Öncə çıxışı yazım: “Yaxşı münasibətimiz olub Vilyam Hacıyevlə. Duz-çörək kəsmişik. Tanışım var idi, Səadət Şəhpələngova, bağça müdiri işləyirdi, səhv işləyirdi. Vilyam müəllim də onu çıxartmaq istəyirdi. Gəldim Vilyam Hacıyevə xahiş elədim, eşitdi. Səadət buna görə mənə 5 min manat verdi, aparıb icra hakimiyyətinin mühasibi Cəmilə çatdırdım. Vilyam müəllim, başına dönüm, səni mən həmişə sevmişəm. Amma kişi kimi danışaq da, 5 min manatı vermişəm”.

Çıxışı edən İmişlidə məmə yeyəndən pəpə deyənə qədər hər kəsin tanıdığı qoca “qurdlardan” biridir. Adı Məmi Atakişiyevdir. Odda yanmaz, suda batmaz, dəyirmanın gözündən ölü sal, diri çıxsın – Məmi müəllim haqda deyilmiş ata sözləridir. Pambıq zavodunun direktoru, İmişli şəhər icra nümayəndəsi, hazırda Bəcrəvan kənd bələdiyyə sədri – bunlar Məmi müəllimin vəzifələrinin qısa siyahısıdır. Əmin edirəm sizi, sabah marsiançiklər İmişlini işğal eləsin, Məmi müəllimi ən azı Bəhrəmtəpə qum karyerində uçan boşqablar üzrə müavin vəzifəsində görməsək adımı dəyişərəm.

Həqiqətən Məmi müəllim Vilyam müəllimə çox pul daşıyıbdır, bunu da düz deyir. Bir yerdə əlli ton çörək kəsiblər, indi baqaja qoymasına baxmayın. Nəsə, söhbət çox uzandı, keçək xatirəyə. Yeri gəlmişkən, bu əhvalat korrupsiya, idarəçilik haqda dərsliklərə salınmağa layiq əhvalatdır.

Bunu mənə 1992-ci ildə AXC-nin İmişliyə icra başçısı qoyduğu İltizam Əkbərli danışıb. Deyir bir gün işdə oturmuşam, qəbula əlində yekə diplomat çantayla Məmi Atakişiyev gəldi. Salam-kəlamdan sonra açır diplomatı, içi pulla doluymuş. Hardasa 1 milyon manat imiş. İltizam bəyə deyir ki, bu pulları götürməlisən. Bəy çaş-baş qalır, hirslənir: “Birincisi, mən rüşvətxor deyiləm. İkincisi, səndən kim pul istəyib?” Atakişiyev məcbur olur “izah” eləsin: “Mən pambıq zavodunun direktoruyam, sən də rayonun baççısı. Səndən qabaq hər il rayonun başçılarına bu məbləği ödəmişəm, indi də sən almalısan. Almasan mən işləyə bilmərəm”. İş az qalır əlbəyaxa səviyyəsinə çıxsın, axırda İltizam bəyin əlacı kəsilir, deyir bu pulu apar rayondakı şəhidlərə yardım fonduna keçirt, elə hesab et mənə vermisən.

Xalqımız zəngin tarixə malikdir. Bunu da yazdım, yaddan çıxmasın.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR