İnsanlara hürriyət, millətlərə istiqlal!

Talançı marşal, “yalançı” Əsgərov? – Jukov barədə gerçəkləri özününkülər daha sərt yazıb

3820 10.06.2024 09:00 Yazarlar A A

“Nə? Harada? Nə vaxt?" intellektual klubunun keçmiş üzvü Rövşən Əsgərovun sosial şəbəkədəki səhifəsində marşal Jukov haqqında “oğru”, “təcrübəli talançı” kimi ifadələr yazması üzündən barəsində cinayət işi açılması, axtarışa verilməsi absurdun absurdunun absurdudur.

Rusiya İstintaq Komitəsi nə deyib ona qarşı nasizmin reabilitasiyası maddəsi ilə cinayət işi açıb, tarix muzeyi nə üzlə Jukova qarşı ifadələrinə görə onu məhkəməyə verib, həm gülməli, həm də dramatik məsələdir.

rrrrov.jpeg (54 KB)

Məsələ odur ki, Rövşən Əsgərov hamımız kimi Jukov haqqında məlumatları Almaniyadan, gizli şəkildə fəaliyyət göstərən nasistlərdən almayıb, elə Rusiyanın öz mediasından götürüb. Bunların arasında Jukovun haqqında 1945-ci ildən 1974-cü ilə qədər sovet mətbuatında yazılanlar da var, 1988-ci ildən günümüzə qədər yazılanlar da.

“Qələbə marşalı” adlandırılan komandanın əsl xidməti, fəaliyyəti, hərbi, siyasi karyerası, şəxsi həyatı haqqında elə bir sirr qalmayıb, onun barəsində hər şey yazılıb və hərbi-siyasi portreti son ştrixlərinə qədər aydın təsvir olunub. Sadəcə, hazırda rus hərb maşını yenidən işə salınıb deyə adamı idealizə edir, üstünə toz qondurmaq istəmir, barəsindəki bir sıra həqiqətlərini dilə gətirilməməsini istəyirlər.

Marşal Jukov nasist Almaniyası üzərində qələbədə böyük rolu olub, Berlini götürüb, 3-cü reyxin kapitulyasiyasını qəbul edib, bunu əvəzində SSRİ rəhbərliyi ona 4 dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adı, 4 “Qızıl ulduz” medalı, 4 “Lenin” ordeni verib. Hərçənd qələbənin qazanılmasına digər marşalların və generalların da böyük rolu olub, amma sovet ideologiyası adətən və əsasən bir “qəhrəman” təyin edir simvollaşdırırdı.

wide_4_3_956d07ab8c2e728ad8f6ff626ed134d5.jpg (273 KB)

Jukovun hərbi qələbələri dərin ağıl, strateji düşüncə məhsulu olmayıb, kənd futbolundakı “Məmmədağa, vur qabağa” prinsipli kütləvi hücumlar vasitəsi ilə olub. Marşal milyonlarla əsgəri labüd ölümlərə göndərib, yüz minlərlə əsgəri mənasız yerə qırğına verib.

Müharibənin sonunda, xüsusilə də Berlin təslim olandan sonra Jukov özünü rüsvay edənlərdən biri olub. O, təkcə dinc almanların mal-mülkünün yağmalanmasına göz yummayıb, eyni zamanda “hərbi qənimət” adıyla yağmalanan varidatın böyük hissəsinə əl qoyub, mənimsəyib. Marşal Almaniyadan 19 vaqon “hərbi qənimət” gətirib – mülki avtomobillər, mebellər, çilçıraqlar, pianolar, xalçalar, gümüş qab-qacaqlar, xəz-dəri məmulatları, top-top parçalar, rəsm əsərləri, qızıl-zinət əşyaları, bir sözlə, gözə görünən, dəyəri olan hər şey.

Rövşən Əsgərov marşalı talançı adlandıranda bunları nəzərdə tutub və bunun ondan qabaq sovet-rus partiya xadimləri, generallar, tarixçilər deyib. 1948-ci ilin yanvarında sovet lideri İosif Stalinin şəxsi göstərişi ilə dövlət mühafizəsi əməkdaşları marşal Georgi Jukovun mənzilində və bağ evində axtarış aparıblar.

pic_bd73b9133165711faed9215a5d477fec.jpg (138 KB)

Onun mənzilində qızıl, brilyant və digər qiymətli əşyalar olan bir çamadan və qutunu axtarılıb. Qiymətli əşyalar olan çamadan tapılmayıb, qutu isə yataq otağında yerləşən seyfdə aşkarlanıb. Qutunun içində olan 24 dəst saatdan 17-si qızıl, daha 3-ü isə qiymətli daşlarla bəzədilmiş olub. Qutuda qızıl üzük və kulon, qızıl siqaret qutusu, qızıl zəncirlər, bilərziklər, sırğalar və çoxlu qiymətli daşlarla bəzədilmiş breloklar tapılıb. Yoxlamanın nəticələri barədə dərhal yuxarılara məlumat verilib. Raportda belə bir cümlə də olub ki, evə girəndə adam özünü Moskvanın yaxınlığında yox, Almaniyada sanır.

Daha sonra marşalın Rublevo kəndindəki bağ evində də axtarış aparılıb. Stalinə məlumat verilib ki, bağçanın iki otağı külli miqdarda müxtəlif malların və qiymətli əşyaların saxlandığı anbara çevrilib. Əmlakın siyahısı bir neçə səhifə tutub. Bağda dörd min metrdən çox yun parçalar, brokar, ipək və məxmər aşkar edilib. Almaniyanın Potsdam və digər saraylarından götürülmüş xəzlər, 323 samur, meymun, tülkü, quzu (qaragül) dəriləri, 44 bahalı xalça və iri qobelenlər tapılıb.

Bundan əlavə, əməliyyat qrupu 55 rəsm əsəri tapıb – onlar çoxu bağ evində asılmış olub, bəziləri anbarda saxlanılıb. Həmçinin bağda yeddi böyük qutuda bahalı çini qab-qacaq və çay dəstləri, iki qutu gümüş bıçaq və “Qoland-Qoland” şirkətinin 20 unikal ov tüfəngi olub. “Bu əmlak 51 sandıq və çamadanda toplu vəziyyətdədir", - deyə Jukov haqqında sovet rəhbərinə məlumat verilib.

Jukovun Almaniyadan gətirtdiyi avtomobillərin arasında zirehli “Mercedes-Benz 770”, idman üslublu “Horch 853” və iri kuzovlu “Horch 951” avtomobilləri də olub. Sonuncunu o, böyük qızına hədiyyə edib.

Bu yağmalamaya görə ona qarşı “Qənimət işi” adlı cinayət işi açılıb, onu tutmaq istəyiblər, ancaq sonra qələbənin simvolu olduğu, sovet xalqının bunu yaxşı başa düşməyəcəyini anlayaraq vaz keçiblər. Nəticədə marşal Moskvadan sürgün olunub.

preview_bb691726b95769551c4779dca24088e3.jpg (130 KB)

Əslində bu sürgünün, onun quru qoşunlarının baş komandanı vəzifəsindən uzaqlaşdırılaraq əvvəlcə Odessaya, iki il sonra isı Ural hərbi dairəsinin komandiri vəzifəsinə gödərilməsinin əsl səbəbi acgözlüyü və soyğunçuluğu olmayıb. Stalin marşalın siyasi ambisiyaya düşəcəyindən, bonopartizmə yuvarlanacağından qorxub və bu məsələdə haqlı çıxıb. Gerçəkdən də nasist Almaniyasının üzərindəki qələbədə payı olan amerikalı general Duayt Eyzenhauer ABŞ prezidenti seçiləndə çox adamın ağlına gəlib ki, Jukov da SSRİ-də ölkə rəhbəri ola bilərdi.

Stalinin ölümündən sonra SSRİ-nin müdafiə naziri olan marşal iki il bu vəzifədə qalıb, ancaq partiya elitası ilə yola getməyib. Onu nəinki nazir vəzifəsindən azad ediblər, həm də Sov.İKP MK-nın üzvlüyündən uzaqlaşdırıblar.

jiukkk.JPG (67 KB)

Marşal Konev “Pravda” qəzetində Jukovun partiyanın etimadını doğrultmadığı barədə məqalə yazıb, qeyd edib ki, o, SSRİ-nin xarici siyasətinin ən mühüm vəzifələrini dərk etməkdə və Müdafiə Nazirliyinin rəhbərliyində avantürizmə meylli idi.

Jukovu Brejnevin dövründə də siyasi elitaya yaxın buraxmayıblar. Sadəcə, 1969-cu ildə ona müharibə haqqında xatirələrini, “Xatirələr və düşüncələr” kitabını nəşr etdirməyə icazə veriblər.

Bütün bunlardan sonra Rövşən Əsgərov haqlı deyilmi? Marşala bütün damğaları öz partiyası, öz xalqı, öz cəbhədaşları vurub, Rusiya istintaqtaqçıları isə Əsgərovu axtarışa verir.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR