İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşadakı TÜRK SAMMİTİnə saatlar qaldı: Yeni Turan qurulur! TƏHLİL

1165 05.07.2024 12:23 Siyasət A A

Zamanla TDT-nin “Turan” müdafiə bloku yaradacağı da istisna deyil; analitik: “Azərbaycanın yaratdığı reallıqlar ”Türk Dünyası-2040" vizyonu üçün mühüm istiqamətlər təqdim edir..."

İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı keçiriləcək. Sabah bütün gözlər azad edilən bu şəhərimizdə olacaq. Çünki Türk dünyası Qarabağa toplaşır və nəzərlər Şuşadakı sammitdə veriləcək bəyanatlarda olacaq.

Toplantıya Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentləri qatılacaq.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə milli fitbol komandasının Almaniyada keçirilən 1/4 finalını izləməyə gedəcəyi üçün, üzürlü səbəbdən Şuşaya gələ bilməyəcək. Onu Türkiyənin vitse-prezidenti Cövdət Yılmazın əvəz edəcəyini deyilir.

Şuşada baş tutacaq zirvə görüşünə Şimali Kipr Türk Cümhuriyyəti də dəvət edilib ki, bu da tarixi önəm kəsb edir. Artıq Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Bakıdadır və onun 2-ci Azərbaycan səfəri başlayıb.

Bəs tarixi sammitdən dünyaya veriləcək əsas mesaj nə olacaq?

Şübhəsiz, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi tarixi hadisədir. Bu, azad olunmuş ərazilərdə keçiriləcək ilk beynəlxalq səviyyəli sammitdir. Şuşaya və işğaldan azad edilən digər bölgələrə müxtəlif ölkələrin liderləri ayrı-ayrılıqda belə səfərlər ediblər. Lakin bu mühüm regional, iqtisadi, siyasi məsələlərin müzakirə ediləcəyi sammit ölkə tarixində özünəməxsus yer tutur.

Zirvə görüşü hər şeydən öncə azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin edildiyinin beynəlxalq səviyyədə nümayiş etdirilməsi deməkdir və perspektivdə bu ərazilərə həm siyasi, həm iqtisadi dividentlər vəd edir. Yəni bu tədbirin Azərbaycanın və bütün Türk dünyasının ən mühüm simvolik mərkəzlərindən biri olan Şuşada keçirilməsi bir mesaj, həmrəylik əlamətidir.
Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin iştirakı da gözlənilir. “Nəqliyyat bağlantısı və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması” mövzusunda keçiriləcək sammit təşkilatın əsas məsələləri və gündəliyi üzrə yüksək səviyyəli müzakirələr üçün platforma rolunu oynayacaq. Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir.

Tədbirdən əvvəl isə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. Şuşa sammitindən sonra bütün Qarabağ siyasi dialoq məkanına çevrilə bilər. Çox güman ki, bu sammitdən sonra bölgəyə daha çox xarici investisiyanın cəlb edilməsinə şərait yaranacaq.

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimovun qeydlərinə görə, TDT dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi zirvə görüşü dünyada baş verən sürətli dəyişikliklərin regional təsirlərinə baxış prizmasından önəmlidir: “İkinci önəmli cəhət zirvə görüşünün Şuşada keçirilməsidir, bu, o deməkdir ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqlar "Türk Dünyası-2040" vizyonu üçün mühüm istiqamətlər təqdim edir. Şuşada keçiriləcək sammit Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibələrinin beynəlxalq təhlükəsizlikdə yaratdığı qeyri-müəyyənliklərdə TDT-nin davranış modelləri üçün müzakirələrlə yadda qala bilər. Çünki TDT dünyada tüğyan edən münaqişələrə baxmayaraq sülh və təhlükəsizlik, əməkdaşlıq modellərinə daha çox yer ayıran təşkilata çevrilib. Həmin tezisləri Şuşada keçiriləcək sammitlə inkişaf etdirmək TDT-nin gündəliyinə daxildir. Yəni Şuşa zirvəsi TDT-nin regional səviyyədən qlobal miqyaslı ittifaqa çevrilməsi istiqamətində əlavə stimuldur".

Ekspertin fikrincə, TDT öz proqram və strategiyasını inkişaf etdirməlidir, buna görə isə qlobal dinamikaya əsaslanan ideoloji hab, institusional əməkdaşlıq üçün alternativlər yaratmalıdır: “Bu, o zərurətdən qaynaqlanır ki, dünyada Qərbin təqdim etdiyi dəyər və prinsiplərin çöküşü baş verir. TDT üçün fürsətdir ki, üç güc mərkəzi - NATO, Rusiya və Çinlə balanslı dinamikanı saxlamaqla ideoloji cəbhələrdə yaranan boşluqları doldursun. Hesab edirəm ki, TDT-də təmsilçilik hüququna malik dövlətlərin liderləri görüşlər zamanı bu məsələyə ayrıca vurğular edirlər.
İdeoloji çətir üçün ortaq dil, mədəniyyət və siyasi iradə mövcuddur ki, bu da qlobal nizama təsir edə biləcək müştərək ideoloji proqramın yaranması ehtiyacını meydana çıxarır. Fikrimcə, TDT iqtisadi, sosial və mədəni, ideoloji standartlarını yüksəltmək üçün Şuşadakı zirvə görüşündən yararlanacaq. Bu, qlobal və regional geosiyasi reallıqları dərk edən TDT-nin sülhə, sabitliyə, təhlükəsizliyə nail olmaq şanslarına təkan verəcək".

AbzasMedia - Məmur "quş"ları - Samir Əsədli

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, sammitin ilk dəfə Qarabağda keçirilməsi bölgənin təhlükəsiz bir yerə çevrilməsinin dünyaya nümayişidir. Partiya rəsmisi türk dövlətlərinin prezidentlərinin mühüm bəyanatlarla çıxış edəcəyini gözləyir: “Bu, gələcəkdə də başqa toplantıların, müxtəlif platformaların zirvə görüşlərinin Şuşada, həmçinin Xankəndidə təşkili üçün bir presedent ola bilər. Bununla dünya şahid olsun ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və regionu xunta rejimindən təmizləyib. Fikrimcə, sabah vacib iqtisadi mesajlar veriləcək, təşkilatın gələcəyi ilə bağlı müxtəlif fikirlər səslənəcək. Hətta bu təşkilatın vahid hərbi missiyasının yaradılması da mümkündür. Necə ki, NATO, KTMT var, biz də "Turan" müdafiə bloku yarada bilərik. Doğrudur, buna bəzi qonşu və kənar ölkələr isti baxmaya bilər, amma addım atmaq lazımdır. KTMT-də olan türkdilli dövlətlərin niyə də TDT çərçivəsində hərbi bloku olmasın?! Təbii ki, Azərbaycan heç bir hərbi bloklara qoşulmur, Qoşulmama Hərəkatına üzvdür, amma burada situasiya fərqlənir".

S.Əsədli Şuşa sammitində Türkiyə liderinin də mühüm ismarışları gözlənilir: “Üzv ölkələrin Qarabağın bərpasına dəstək verməsi lazımdır. Bu istiqamətdə onların iştirakı var, amma daha da inkişaf etdirmək olar. Hər halda, sabahkı toplantıda buna dair açıqlamalar olacaq. Bu cür beynəlxalq tədbirlərin keçirilməsi nəticəsində iştirakçı dövlətlər türk inteqrasiyası, eləcə də ticari-iqtisadi və investisiya sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətlərində öz təşəbbüslərini irəli sürmək üçün daha geniş imkanlar əldə edə biləcəklər. Məncə, növbəti beynəlxalq tədbirlərdən birinin Xankəndidə keçirilməsinin tam vaxtıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR