Ermənistanın tanınmış hərbi simalarından biri olan Tiran Xaçatryan yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan barəsində cinayət təqibinə xitam verilməyib.
Pastinfo-nun məlumatına görə, məhkəmə müdafiə tərəfinin bununla bağlı vəsatətini rədd edib. Həmin vəsatətdə cinayət təqibinin müddətlərinin pozulduğu da bildirilib.
Xatırladaq ki, ötən il 44 günlük müharibə zamanı vəzifə səhlənkarlığında ittiham olunan Tiran Xaçatryan barəsində həbs qətimkan tədbiri seçilmişdi. Sünik (Zəngəzur) ümumi yurisdiksiya məhkəməsinin son qərarı ilə onun barəsindəki həbs qətimkan tədbiri 25 min dollar məbləğində girov və ölkədən çıxmamaq haqqında iltizamla əvəz olunmuşdu. Vəkillər vəsatətlərində üç müharibədə iştirak etmiş generalın himayəsində əlilliyi olan həyat yoldaşının olduğunu da qeyd ediblər.
Tiran Xaçatryan 1977-ci ildə anadan olub. Ermənistan mənbələrinin məlumatına görə, o, yeniyetmə yaşlarından erməni könüllü dəstələrinə qoşulub. Birinci Qarabağ müharibəsi zamanı əvvəlcə rabitəçi kimi fəaliyyət göstərərək Ermənistanın sərhəd bölgələri, İrəvan və Qarabağdakı erməni separatçı qüvvələri arasında əlaqələrin təmin edilməsində iştirak edib. Daha sonra 1991–1994-cü illərdə erməni millətçi Daşnaksütyun təşkilatının qondarma Şuşa batalyonunun tərkibində döyüşüb. Sonrakı illərdə Ermənistan ordusunda müxtəlif rəhbər vəzifələr tutub, 2020-ci ildə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini təyin edilib. O, Birinci Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin 44 günlük müharibəsində iştirak edib. 44 günlük müharibə zamanı göstərdiyi xidmətlərə görə 2020-ci il oktyabrın 22-də Ermənistanın "Milli Qəhrəmanı" adına layiq görülüb və "Vətən" ordeni ilə təltif edilib.
Musavat.com






