Suriyada PKK terrorçularına qarşı mümkün əməliyyatla əlaqədar Türkiyə silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bu barədə hökumətyönlü Türkiyə media orqanları hərbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ankara Suriyanın yeni hakimiyyət orqanlarından PKK-ya qarşı lazımi tədbirlərin görülməsini tələb edib.
Məlumatda vurğulanıb ki, Türkiyə indi hadisələrin istənilən nəticəsinə, o cümlədən hərbi əməliyyata hazırlaşır. Suriya ilə sərhəddəki qoşunlar mümkün əməliyyat üçün döyüş hazırlığına gətirilib.
Azərbaycan artıq ən yüksək səviyyədə bəyan edib ki, Türkiyənin maraqlarını müdafiə edir və edəcək. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Birgə enerji-nəqliyyat layihələrini uğurla icra edirik. Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi Şuşa Bəyannaməsi ilə rəsmiləşib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bu barədə şərhində bildirib ki, Türkiyənin Suriya siyasəti məsələsində də qardaş ölkə ilə Azərbaycan arasında koordinasiyalı siyasət yürüdülür:
“Azərbaycan Prezidenti bəyan edib ki, Suriya məsələsində Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Türkiyənin marağı bölgədə sülh, sabitlik formalaşdırmaq, Suriyanı ərazi bütövlüyü pozulmayan normal bir ölkə halına gətirməkdir. Bunun üçün də uzun illər Türkiyə və Azərbaycana qarşı olmuş və artıq tarixin arxivinə göndərilən, Ermənistanla müttəfiqlik etmiş Bəşər Əsəd rejiminin qalıqlarını, həmçinin PKK-YPG kimi terror təşkilatlarının bu bölgədə varlığına son qoymaq lazımdır. Türkiyə buna çalışır. Azərbaycan Türkiyənin haqlı maraqlarını müdafiə edir. Azərbaycanla Türkiyə arasında ilk gündən Suriya ilə bağlı məsləhətləşmələr gedir. Bu yaxınlarda Azərbaycandan Suriyaya ilk yardım karvanı da göndərildi. Bu o deməkdir ki, Azərbaycan Türkiyə ilə birlikdə Suriyada yardım kampaniyasına artıq başlayıb. Suriyanın yeni hökuməti ilə əlaqələrin qurulması istiqamətində artıq ilkin addımlar da Türkiyə Xarici İşlər Nazirliyi ilə koordinə edilərək atılıb”.
Ç.Qənizadə deyib ki, Azərbaycan bütün sıxıntılarında qardaş Türkiyənin yanında olub:
“Məsələn, meşə yanğınlarını, bir neçə il əvvəl baş verən zəlzələləri, beynəlxalq tribunalarda “Türkiyə burada yoxdursa, biz buradayıq” bəyanatının Prezident İlham Əliyev tərəfindən sələndirilməsi və digər proseslərdə Azərbaycanın davranışlarını xatırlatmaq kifayətdir. Suriya məsələsində də Azərbaycan Türkiyənin maraqlarını öz maraqları kimi qəbul edir”.
Etibar Seyidağa,
Musavat.com