İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlıların yeni komandanı ilə bağlı yeni iddialar - erməni arvad və...

2772 28.04.2023 11:22 Siyasət A A

Rusiya yeni komandanın təyin edilməsi ilə həm Azərbaycan, həm də Ermənistan tərəfini sakitləşdirməyə cəhd edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə (RSK) yeni komandan təyin olunub. Rusiya hakimiyyəti RSK-nın komandanı general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırıb və onun yerinə Rusiyanın müdafiə naziri Serqey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsovu təyin edib.

Qarabağda RSK-nın yeni komandanı barədə məlumat verən “Hraparak” qəzetində qeyd edilir ki, Andrey Volkovun fəaliyyətindən narazı olan Moskva daha yüksək statusa və təcrübəyə malik olan Aleksandr Lentsovu Qarabağa göndərməklə bölgədə vəziyyəti öz nəzarətinə almağa çalışacaq.

Həmçinin Rusiyanın informasiya mənbələrinə görə, Aleksandr Lentsova Laçın-Xankəndi yolunda Azərbaycan tərəfindən qurulan nəzarət-keçid məntəqəsinə müstəsna olaraq Rusiya hərbçilərinin nəzarət etməsi tapşırığı verilib.

Xatırladaq ki, Andrey Volkovun sülhməramlı kontingentə rəhbərlik etdiyi dövrdə addımları Azərbaycan tərəfindən narazılıqla qarşılanırdı.  Ancaq bütün uğurlarımıza rəğmən RSK-nın yeni komandanı Aleksandr Lentsovun gələcək fəaliyyətini diqqətdən kənar qoymaq olmaz. Bəziləri Lentsovu Volkovdan daha təhlükəli fiqur hesab edir. Bəzi məlumatlara görə, Qarabağdakı  Aleksandr Lentsovun həyat yoldaşı erməni əsillidir. Moskvanın bu addımı son hadisələrdən narazı qalan erməniləri sakitləşdirmək məqsədilə izah edənlər var. Yeni komandanla Moskvadan ermənilərə “hər şey daha yaxşı olacaq” mesajını vermək istəyirlər. Ancaq hər bir halda, nə rusların, nə də ermənilərin haqlı tərəf olan Azərbaycana hüquqi baxımdan heç bir maneçilik törətmək şansı yoxdur.

Lentsovun bölgəyə gətirilməsi sülhməramlıların fəaliyyətində hansısa dəyişikliyə səbəb ola bilərmi? Həyat yoldaşı erməni olan bir generalın Qarabağda Rusiya sülhməramlılarının komandanı təyin edilməsi nədən xəbər verir?

Bəhruz Məhərrəmov: AQEM-in Zirvə Toplantısı Azərbaycanın Avropadakı  diplomatik qələbəsinin Şərqdə bəyanı baxımından müstəsna imkan oldu -  AZƏRTAC

Bəhruz Məhərrəmov 

Deputat Bəhruz Məhərrəmov  dedi ki, nəzarət-buraxılış məntəqəsinin qurulmasından sonra Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin edilməsi Moskvanın özünün müstəsna hüququdur, amma onu da unutmayaq ki, bu torpaqların müstəsna sahibi də Azərbaycandır: “Andrey Volkovun fəaliyyətindən biz də narazı idik, bu mənada onun vəzifəsindən geri çağırılması bizim də iradəmizə uyğundur. Yeni komandanın Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov olmasına gəlincə, ümid edirik ki, sülhməramlı kontingent fəaliyyətlərinin qalan son iki il yarımında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirər.

Daha yüksək statusa və təcrübəyə malik olan Aleksandr Lentsovun görəcəyi əsas iş Qarabağdan qanunsuz erməni silahlı dəstələri və Ermənistan ordusunun hissələrinin çıxarılması, təhlükəsizliyinə təminat verməli olduqları səlahiyyət bölgələrində qanunsuz fəaliyyətə, xüsusən minalanma kimi müharibə cinayətlərinə son qoymaq olmalıdır. Aleksandr Lentsovun Laçın-Xankəndi yolunda Azərbaycan tərəfindən qurulan nəzarət-keçid məntəqəsinə dair hər hansı təşəbbüsü mümkün və məqbul deyil. Azərbaycanın dövlət suverenliyi, daxili işləri ilə bağlı məsələlər heç bir subyektlə müzakirə olunmur".

Rəşad Bayramov: “Hakimiyyət uğrunda mübarizədə məqbul hesab etdiyimiz tək  yol seçkidir”. » Ovqat.com

Rəşad Bayramov

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov hesab edir ki, Azərbaycan tərəfi Lentsova icazə verməməlidir: “Azərbaycan ərazilərində müvəqqəti xidmət keçən Rusiya sülhməramlılarının komandanı Volkovun geri çağırılması və onun müdafiə naziri Şoyqunun müşaviri Lentsovla əvəzlənməsi bizim üçün böyük ölçüdə elə bir yenilik vəd etmir. Çünki biz bundan əvvəl də bir neçə dəfə bu cür əvəzlənmələrə şahidlik etmişik və kimin gəlməsindən asılı olmayaraq vəziyyət dəyişməyib. Onların hər birinin dövründə erməni separatçılarına himayədarlıq, qeyri-qanuni erməni hərbi birləşmələrinin təxribatlarına göz yumulması, təbii sərvətlərimizin talan olunaraq istismar edilməsi, ərazilərimizdən separatçılar üçün silah-sursat, mina, canlı qüvvə daşınmasına şərait yaradılması halları davam edib. Lentsovun da rəsmi Moskvadan gələcək göstərişləri yerinə yetirəcəyinə şübhə yoxdur. Volkovun Lentsovla əvəzlənməsinin konkret nədən qaynaqlandığını demək çətindir. Amma Rusiyanın həm statusuna, həm də təcrübəsinə görə daha yüksək olan birini sülhməramlılara komandan təyin etməsi Moskvanın regiondakı maraqlarından geri çəkilməyəcəyinin mesajı kimi qiymətləndirilə bilər.

İkinci bir tərəfdən, Rusiya yeni komandanın təyin edilməsi ilə həm Azərbaycan, həm də Ermənistan tərəfini sakitləşdirməyə də cəhd edir. Məlumdur ki, Azərbaycan tərəfinin Volkovun fəaliyyəti ilə bağlı davamlı etirazlarının ardınca, Laçın yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində sərhəd məntəqəsinin qurulmasından sonra Ermənistan tərəfi də sülhməramlılardan narazılığını ifadə etməyə başlayıb. Odur ki, Rusiya sanki bu narazılıqlardan nəticə çıxardığı görüntüsünü yaratmağa çalışır.

Təbii ki, Rusiyanın yeni komandanın qarşısında qoyduğu ilk vəzifələrdən biri sərhəd məntəqəsi ilə bağlı olacaq. Rusiya yaxşı anlayır ki, Azərbaycanın bu istiqamətdə hər hansı geri addım atması və qurulan postları götürməsi mümkün deyil. Odur ki, Lentsov üçün bir növbəti vəzifə müvafiq buraxılış məntəqəsinə Azərbaycan sərhədçiləri ilə birgə nəzarət etməyin təmin edilməsindən ibarət olacaq. Düşünürəm ki, buna qətiyyən yol vermək olmaz. Əgər Rusiya üçtərəfli bəyanatın şərtlərinə görə yola nəzarət etməkdə davam etmək istəyirsə, ilk növbədə həmin bəyanatın bütün şərtlərinin icrasını təmin etməlidir. Yəni başqa sözlə desək, 10 mindən artıq erməni terrorçusunun ərazilərimizdən çıxarılması və Zəngəzur dəhlizinin açılması təmin edilməlidir.

Aleksandr Lentsovun həyat yoldaşının erməni əsilli olması ilə bağlı iddialara gəldikdə isə bunların nə qədər həqiqəti əks etdirdiyini bilmirəm. Amma Azərbaycanın xüsusi xidmət orqanlarının əlində yetəri qədər imkan var ki, bu faktı araşdırsın. Əgər belədirsə, ümumiyyətlə, o şəxsin sülhməramlı qüvvələrə komandan təyin olunmasına Azərbaycan tərəfi razılıq verməməlidir".

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün proqnozlar iflasa uğradı!

Kamran Məmmədli 

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi ekspert Kamran Məmmədli komandan dəyişikliyini gözlənilən sayır: “Yeni komandanın təyin olunması ilk baxışdan normal və gözlənilən bir proses idi. Bundan öncə Muradov, Volkov necə təyin olunmuşdusa, indi də Lentsov o formada təyin olunub. Ancaq Qarabağda Rusiya sülhməramlılarının komandanının indiki məqamda dəyişdirilməsi siyasi baxımdan bir başqa məna da kəsb edə bilər. Bundan öncəki komandan Volkov nə qədər ermənipərəst mövqedə olsa da, iradə baxımından zəif idi və Azərbaycan Ordusu ilk dəfə məhz onun dövründə xeyli uğurlar əldə etdi. Son olaraq yeni Laçın yolunda sərhəd buraxılış məntəqələrinin, postlarımızın qurulması da məhz Volkovun dövrünə təsadüf etdi. O ki qaldı Lentsovun həyat yoldaşının erməni əsilli olması iddiasına, fikrimcə, bu da xüsusi əhəmiyyət daşıyır. Bu seçim son hadisələrdən, Volkovun fəaliyyətsizliyindən narazı qalan erməniləri sakitləşdirmək məqsədi də daşıya bilər. Yəni "narahat olmayın". Yeni komandanla “hər şey daha yaxşı olacaq” mesajını vermək istəyirlər. Ancaq hər bir halda, nə rusların, nə də ermənilərin haqlı tərəf olan Azərbaycana hüquqi baxımdan heç bir maneçilik törətmək şansı yoxdur. Azərbaycan bu məsələdə haqlı addımlarını davam etdirməli, sülhməramlı komandanın kim olmasından asılı olmayaraq, eyni strateji xətt üzərində addımlamalıdır. Son hadisələr bir daha onu göstərdi ki, Azərbaycan haqlı və hüquqi addımlarını atdıqda həm sülhməramlılar, həm də ermənilər buna boyun əyməyə məcbur qalırlar. Görünən odur ki, Azərbaycan haqlı olaraq Xankəndidə, Laçın yolunda postlarını qurduqca rusların buna verəcəyi yeganə cavab öz komandanlarını dəyişmək olacaq".

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR