İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhməramlı kontingentin rəhbəri və heyəti niyə dəyişdi - Lentsovun təyinatına rəylər

1050 27.04.2023 11:49 Siyasət A A

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin rəhbəri və şəxsi heyətinin tərkibində dəyişikliklər edilib.

Belə ki, Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırıb. Onun yerinə general-polkovnik Aleksandr Lentsov təyin edilib.

Volkovun xələfi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadrlarından biridir. Onlar uzun illər birlikdə çalışıblar. Əfqanıstanda döyüş əməliyyatlarında iştirak edib: rota komandirindən başlayaraq, 234-cü paraşüt alayının batalyon komandirliyinə qədər yüksəlib. O, Bosniyadakı rus sülhməramlılarının bir hissəsinin komandiri kimi Yuqoslaviyada olub.

Həm çeçen müharibələrində, həm də 2008-ci ildə Gürcüstanda və 2014-2015-ci illərdə Ukraynada hərbi əməliyyatlarda iştirak edib. 2016-cı ildə isə Rusiya Silahlı Qüvvələrinin Qoşunlar Qrupu (Qüvvələr) komandirinin Suriyadakı komendantlıqlar üzrə müavini vəzifəsində çalışıb. Həmçinin general Lentsov bu təyinata qədər Rusiya müdafiə nazirinin müşaviri, 2020-ci ilə qədər isə Quru Qoşunlarının baş komandanının müavini olub.

Andrey Volkov barədə onu bildirək ki, bu şəxs 11 yanvar 2022-ci ildə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə komandan təyin edilib.

General-mayor A.Volkov Rusiyanın Kostroma vilayətində Ali Hərbi Komandanlıq Kimyəvi Silahlardan Müdafiə Məktəbində təhsil alıb. Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında xidmət edib. Volkov 1986-cı ildə Əfqanıstanın Künduz şəhərində zabit kimi xidmətə başlayıb. Əfqanıstanda xidmət etdikdən sonra o, Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında xidmətə başlayıb. 201-ci motoatıcı diviziyasının və Baqlan əyalətində Puli-Xumridə yerləşən motoatıcı alayın komandiri olub. O, bir müddət Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb.

2000-ci ildə ona müddətdən əvvəl polkovnik hərbi rütbəsi verilib və “Şücaət” ordeni ilə də təltif edilib. Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib.

Nəzərə çatdıraq ki, Volkov sülhməramlıların komandanı olduğu müddətdə separatçı ermənilərə isti münasibəti ilə də yadda qalıb. Onun adı son 4 ayda daha çox hallanıb. Belə ki, azərbaycanlı QHT rəhbərləri, ekofəallar sülhməramlıların nəzarətində olan ərazilərdə baş verən ekoloji və hərbi cinayətlərə görə, 2022-ci il dekabrın 12-dən bu günədək Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində etiraz aksiyası keçirirlər. Aksiyanın ilk günlərindən nümayişçilər Volkovu hadisə yerinə çağırıb, onu sorğulamaq istəsələr də, Volkov ora gəlməmişdi.

Volkovun komandanlığı dövründə sülhməramlıların nəzarətində olan ərazilərdə ermənilər xeyli sayda cinayətlər, təxribatlar törədiblər.

Xankəndi-Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi quraşdırıldıqdan dərhal sonra Volkovun geri çağırılmasını ermənilər müxtəlif cür yozurlar. Yəni onun cəzalandırılacağına, yerinə gələnin ermənilərə daha isti münasibət göstərəcəyinə dair utopik iddialar səsləndirirlər.

Ciddi ekspertlər isə bildirir ki, Volkov, sadəcə, rotasiya qaydasında dəyişir. Necə ki, ondan əvvəlki komandan Rüstəm Muradov bir müddət sonra getmişdi...

Bu arada maraqlı bir informasiya da odur ki, Volkovla yanaşı, sülhməramlı kontingentin tərkibində də dəyişiklik olacaq.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “RBC Ukrayna”ya müsahibəsində deyib ki, Rusiya gizli şəkildə Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti çıxarmaq və mövcud kontingenti çağırışçı gənclərlə əvəz etməyə qərar verib.

“Yəni müqaviləli əsgərlər çıxarılır, çağırışçılar göndərilir”, - deyə Budanov bildirib. Onun fikrincə, Rusiya Qarabağdakı hərbçiləri Ukraynada müharibəyə cəlb edəcək. Həmin hərbçilərin yerini doldurmaq üçün çağırışçılar Qarabağa gətiriləcək.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Budanovun iddialarına hələlik şərh verməyib...

Aqşin Kərimov: Növbəti danışıqlara hazırlıq: Rusiya, yoxsa Avropa İttifaqı?  - KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Aqşin Kərimov: “Azərbaycan Volkovun fəaliyyətindən məmnun deyildi, çünki...”

Siyasi şərhçi Aqşin Kərimov bu dəyişiklikdə iki versiya görür: “Rusiya sülhməramlı kontingentinin komandanının dəyişdirilməsini planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilən təyinat kimi başa düşmək olardı. Lakin ortada olan bir neçə məsələ mövzuya fərqli istiqamətdən girməyi də aktual edir. Burada iki versiya ağıla gəlir. Birinci, Azərbaycan Volkovun fəaliyyətindən məmnun deyildi, çünki Qarabağdakı ermənilərin ən böyük təxribatları məhz həmin generalın sülhməramlıların başında durduğu zamanlarda baş verdi. Azərbaycan Rusiya ilə danışıqlar zamanı ola bilsin ki, Volkovdan narazı tezisləri Kremlin diqqətinə çatdırıb və Moskva da onu dəyişmək qərarına gəlib. Azərbaycanın narazılığı əsasında sülhməramlıların komandanının dəyişdirilməsi təcrübəsi olduğuna görə bu versiya daha məntiqli səslənir. Xatırladım ki, Qarabağdakı sülhməramlıların ilk komandanı Rüstəm Muradovun yerinə 2021-ci ilin sentyabrında Mixail Kosobokov təyin edilmişdi. Kosobokovun Azərbaycan Müdafiə Nazirliyində nazir Zakir Həsənovla keçirdiyi görüş görünür o qədər də xoş atmosferdə olmamışdı. Çünki Müdafiə Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda heç bir foto yox idi - bu, məncə, Azərbaycanın Kosobokovdan nə qədər xoşu gəlmədiyinin göstəricisi idi. Az keçməmiş Kosobokov geri çağırıldı, onun yerinə Gennadi Anaşkin gətirildi. Bu, artıq rotasiya qaydası çərçivəsində deyil, Bakının narazılıqlarının nəticəsi kontekstində izah edilə bilərdi. İkinci versiyanı bu cür səsləndirə bilərik ki, ümumiyyətlə, Rusiyanın özü Andrey Volkovun fəaliyyətini bəyənməyib və onu lazımi addımlar ata bilmədiyi üçün tənbeh stuluna oturdub. Çünki Volkov Rusiyanın regiondakı gücünün aparıcı fiquruna çevrilə bilmədi, Ruben Vardanyanı mühafizə edə bilmədi. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun müsahibəsinə gəlincə, bunun sülhməramlı kontingentin məzmununa o qədər də dəxli yoxdur. Çünki nəhayətdə onların başı üzərində zabitlər dayanacaq, əmr və göstərişlərə müntəzir olacaqlar. Bu, sülhməramlıların Rusiya üçün strateji funksiyasını dəyişə bilən motivə malik deyil. Azərbaycan sülhməramlılar üzrə əməliyyatları diqqətdə saxlamalıdır və yeni komandanı, necə deyərlər, "təqib etməlidir".

Telman Qasımov: “Əziz Ələkbərli Ramiz Mehdiyevin ən sadiq adamlarından biri  idi” Pravda.az

Telman Qasımov: “Volkovun geri çağırılmasında səbəblər kifayət qədər çoxdur”

Hərbi ekspert Telman Qasımov Volkovun gedişində bir neçə səbəb görür: “Burada bir səbəb ola bilməz. İlk səbəb ondan ibarətdir ki, Volkovun dövründə Qarabağdakı sülhməramlıların özbaşınalıqları daha da artdı, yəni öz öhdələrinə düşən işlərlə deyil, başqa işlərlə məşğul olmağa başladılar. Buna da Azərbaycan tərəfi dəfələrlə öz etirazını bildirdi. Təkcə bir faktı deyim ki, ötən il 12 dekabrda ekofəallarımız Xankəndi-Laçın yolunu bağlayandan sonra tələb etdilər ki, Volkov onlarla görüşə gəlsin. Lakin saymazlıq etdi. Bu günə qədər də aksiyaçıların qarşısına çıxmadı. Nəticədə vəziyyəti getdikcə daha da ağırlaşdırdı. Onun getməsi tələbləri durmadan artdı. Ermənilərə hətta şərait yaratdı ki, nəzərdə tutulmayan yoldan alternativ yol kimi istifadə etsinlər. Yəni onlara əsas yolu biz bağlasaq da, alternativ yol açmışdı. Son baş verən məlum hadisələrdən də hər kəs xəbərdardır. Bir sözlə, Volkov gələndən ancaq və ancaq Qarabağda vəziyyəti ağırlaşdırmağa xidmət etdi. Qarşı tərəfləri üz-üzə qoydu. Tamamilə başqa işlərlə məşğul oldu. Getdikcə nə Ermənistanda, nə də Azərbaycanda bu adamın nüfuzu qalmamışdı. Bir sözlə, gördüyünüz kimi, Volkovun geri çağırılmasında səbəblər kifayət qədər çoxdur və onların əsaslarını sizə sadaladım”.

Hərbi ekspert Budanovun dedikləri və Volkovun rotasiya qaydasında geri çağırıla biləcəyi barədə də ehtimallarını irəli sürdü: “Burada hər şey gözləniləndir. Hazırda Rusiya ordusunda ciddi problemlər yaşanır. Rusiya mümkün olan bütün addımları atacaq. Hər şey Rusiyanın öz əlindədir. Bəli, istədiyi zaman kontingentin tərkibində dəyişikliklər edə bilər, yeni çağırışçıları ora göndərə bilər. Ukrayna tərəfindən may ayından etibarən yeni kütləvi əks hücumların başlanması gözlənilir. "Vaqnerçilər"in sayı getdikcə azalır, onlar qırılır. Küçələrdən insanları tutub “Vaqner”in tərkibinə qatırlar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR