İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh üçün İrəvanın son şansı - artıq bizə lazım deyil...

805 19.10.2023 13:13 Siyasət A A

Azərbaycan sentyabr ayında həyata keçirdiyi antiterror tədbirləri ilə sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazilərdəki terrorçuları, separatçı rejimi tam məhv etdi. Separatçıların “liderləri” artıq Bakıda istintaq təcridxanasındadır, Xankəndidə Azərbaycan bayrağı dalğalanır. Azərbaycan suverenliyini tam bərpa etdi.

İndi müzakirə olunan məsələ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası, həmçinin sülh müqaviləsidir. Sərhədlərin müəyyənləşdirilməsi beynəlxalq hüququn tələbidir, Ermənistan bundan heç bir halda boyun qaçıra bilməz. Sülh müqaviləsinə gəlincə, biz hərbi yolla bütün məsələləri həll etmişik, bundan sonra Ermənistan sülhdən yayınmaqla ancaq özünə pislik edəcək, bizim üçün sülh müqaviləsinin ciddi bir önəmi qalmır. Əlbəttə, regional inkişaf baxımından bu faydalı olar. Ancaq daha Ermənistanın nazı ilə oynamağa qətiyyən ehtiyacımız qalmayıb.

Ancaq deyəsən, Ermənistan reallıqları dərk edərək, bu dəfə özü sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir.

Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ilin sonunadək imzalanması yüksək dərəcədə realdır: “Avropa Parlamentinin Prezidenti Roberta Metsolanın da bildirdiyi kimi, bu ay Azərbaycan tərəfi ilə Brüsseldə görüşmək barədə razılığa gəlmişik. Artıq qeyd etdiyim prinsiplər bu görüşdə təsdiqlənərsə, o zaman Azərbaycan və Ermənistan arasında sülh və normallaşma ilə bağlı müqavilənin bu ilin sonunadək imzalanması yüksək dərəcədə realdır”.

Paşinyan qətiyyətlə sülhə doğru irəliləməyin vacibliyinə toxunub: “Bunun üçün siyasi iradə vacibdir və iqtidarda olan partiya olaraq bizim siyasi iradəmiz var. Eyni zamanda beynəlxalq ictimaiyyət, o cümlədən Avropa İttifaqı bizə dəstək verməlidir ki, biz bu imkandan istifadə edək, bunu Azərbaycan və Ermənistan üçün reallaşdıraq”.

Baş nazir həmçinin qarşılıqlı şəkildə müharibədə saxlanılanların mübadiləsinə, minalarla, eyni zamanda itkin düşən şəxslərin taleyinin araşdırılması ilə bağlı sıx əməkdaşlığa hazır olduqlarını vurğulayıb və əlavə edib ki, indiyə olan məlumata görə, 1 016 Ermənistan vətəndaşı itkindir.

Bunu Ermənistan üçün son şans hesab etmək olar. Əgər Ermənistan bu dəfə özünə lazım olan sülhdən yayınarsa, qarşıdakı müddətdə Azərbaycan, ümumiyyətlə, buna əhəmiyyət verməyə bilər və Ermənistanın dirçəlməsi də bir utopiyaya çevrilər.

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov: “Cənab Prezidentin əfv qapıları hər zaman açıqdır”

Deputat Bəhruz Məhərrəmov Ali Baş Komandanın əfv qapılarının Ermənistanın üzünə hər zaman açıq olduğunu söylədi: “Son üç ildə Azərbaycan və Ermənistan mövqeləri geosiyasi cəhətdən köklü dəyişikliklərlə müşahidə olunub. Əgər üç il əvvələ qədər özünün çoxsaylı havadarları hesabına Ermənistan işğalı, təcavüzü, eyni zamanda separatizmi ehtiva edən status-kvoya sahib idisə, bu gün artıq Azərbaycanın Müzəffər Liderinin rəhbərliyi altında biz bölgədə bütünlükdə geosiyasi situasiyaya nəzarət edirik.

3 il əvvəl sülh prosesi formal xarakter daşıyırdısa və Ermənistan daha çox diqtə etmək rolunu üstlənməyə çalışırdısa, bu gün artıq mövcud sülh şərtlərini də, eyni zamanda geosiyasi istiqamətləri də məhz Azərbaycan diqtə edir. Azərbaycan bu mövqeyə özünün Vətən müharibəsindəki qələbəsi, həmçinin antiterror tədbirlərində əldə etdiyi çox uğurlu nəticələri hesabına nail olub. Yəni hansı rakursdan baxılırsa baxılsın, bu gün Ermənistanın Azərbaycana hansısa formada şərt diqtə etmək, tələb irəli sürmək üçün nə haqqı, nə də güc və imkanı yoxdur.

Qalib tərəf olmasına baxmayaraq Azərbaycan Respublikası 10 noyabr kapitulyasiya aktından dərhal sonra sülh ritorikasına start vermiş və möhtərəm cənab Prezident bölgədə davamlı, dayanıqlı sülh və sabitliyin təmin olunması üçün beynəlxalq hüququn şərtlərinin ehtiva olunduğu 5 prinsip irəli sürüb. Lakin ötən dövr ərzində biz Ermənistanın davamlı şəkildə sülhdən yayındığının, eyni zamanda xarici qüvvələrin dəstəyi ilə ordu quruculuğu prosesi həyata keçirdiyinin və Azərbaycanla hərbi ritorika dilində, revanş dilində danışmağa cəhd etdiyinin şahidi olmuşuq. Lakin antiterror tədbirləri ilə bu prosesə də son qoyuldu. Bu gün Ermənistanla şərti sərhədlərdə bütün üstünlüklər, bütün strateji yüksəkliklər Azərbaycanın nəzarətindədir. Azərbaycan eyni zamanda həm bölgədə əməliyyat şəraitinə, həm də Ermənistanın özündə siyasi gündəmə nəzarət edə biləcək gücə çevrilib.

Həmçinin Zəngəzur dəhlizi ətrafında siyasi manipulyasiyalar etməsi Ermənistanı SSRİ dağıldıqdan sonra cəlb edilə biləcəyi ən böyük layihədən də artıq məhrum etməkdədir. Bilirsiniz ki, Azərbaycan və Naxçıvanı birləşdirəcək quru yol artıq İranla razılaşma əsasında bu ölkənin ərazisindən keçəcək. Beləliklə, proseslərin gedişatı göstərir ki, Ermənistanın seçdiyi qeyri-konstruktiv mövqe bu ölkənin fiaskosunu və dalan dövlət statusunu daha da dərinləşdirməkdədir.

Bu gün möhtərəm cənab Prezident elə bir geosiyasi konfiqurasiya formalaşdırıb ki, artıq Azərbaycan sülh yolu ilə əldə edə biləcəyi bütün üstünlüklərə sahibdir. Bu mənada sülh daha çox düşdüyü çətin durumdan çıxmaq üçün Ermənistan üçün daha vacibdir. Azərbaycanın isə şərtləri çox sadədir. Ermənistan beynəlxalq hüququn şərtlərini rəhbər tutmalı, Azərbaycana qarşı revanşist niyyətlərdən çəkinməlidir. Təbii ki, Ermənistanın revanşist niyyətləri Azərbaycanı narahat etmir. Çünki möhtərəm Prezidentin Xankəndidən də bəyan etdiyi kimi, ermənilər mövcud mənzərəni aydın şəkildə görməyi bacarmalıdırlar. Azərbaycanın səbri ilə oynamaq İrəvana daha baha başa gələ bilər.

Ermənistan hakimiyyətinin ritorikası göstərir ki, əslində Paşinyan və komandası mövcud reallığı yaxşı anlayır. Lakin erməni xisləti onları davamlı sülh və sabitlik istiqamətində ciddi addımlar atmalarına imkan vermir. Elə ötən gün Paşinyanın Avropa Parlamentindəki çıxışının ritorikası Ermənistanın Qərbin riyakar dairələrinə arxalanaraq sülhə və sabitliyə nə qədər uzaq rakursdan baxdığını, bölgədə revanşist niyyətlərini ilk imkanda həyata keçirməyə çalışacaqlarını göstərir. Əlbəttə, bu, Ermənistanın seçimidir. Lakin Ermənistan anlamalıdır ki, qarşıda çox sadə texniki prosedurları, sərhədlərin delimitasiya və demarkasiyasını, kommunikasiya xətlərinin açılmasını həyata keçirməklə əslində özünü dalandan çıxarmış olacaq.

Bir daha qeyd etməliyik ki, Azərbaycan sülh müqaviləsi imzalanacağı təqdirdə əldə edəcəyi bütün üstünlüklərə artıq sahibdir. Bu məqamda biz sülhün tərəfdarı olsaq da, artıq Ermənistanı sülhə təşviq edəcək xüsusi cəhdlər göstərməkdə maraqlı deyilik. Bizim sülh qapılarımız, möhtərəm cənab Prezidentin əfv qapıları hər zaman açıqdır, lakin Ermənistan özü sülh prosesinə hazır olmalıdır və sülhün ləngidiyi, sərhədlərin delimitasiya və demarkasiyanın ləngidiyi hər ötən gün Ermənistan üçün təhdid olaraq qalacaq".

Millət vəkili - Azər Badamov

Azər Badamov: “Regionda sülhün yaranması üçün heç bir maneə qalmayıb”

YAP-çı deputat Azər Badamov Ermənistan özünü “yaxşı aparacağı təqdirdə” ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağına ümid edir: “Azərbaycan lokal antiterror tədbirləri keçirməklə ərazilərin suverenliyini təmin edib. Ərazilərimiz artıq qeyri-qanuni silahlılardan və erməni separatçılardan təmizlənib. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulub bərpa edilməsinə və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına heç bir təhlükə yoxdur. Azərbaycanın müzəffər Ordusu Ermənistanla şərti sərhəddə dayanır və düşmən tərəfdən ola biləcək hər bir təhlükəni yerindəcə məhv edir. İndi regionda sülhün yaranması üçün heç bir mane qalmayıb.

Azərbaycan üç il əvvəl də Ermənistana sülh əlini uzadaraq münasibətlərin normallaşdırılmasını təklif etmişdi. Amma Ermənistan konstruktivlik nümayiş etdirməyərək öz çirkin niyyətlərindən əl çəkmədi. İndi artıq yeni reallıq yaranıb. Yəni Ermənistanın əvvəllər sülh müqaviləsinin imzalanması ilə bağlı düşündükləri maneələr aradan qalxıb. Ona görə də sülh müqaviləsinin imzalanması reallığa çevrilir. Azərbaycan sülhə hər zaman hazır olub və bundan sonra da mövqeyimiz dəyişilməz qalır. Amma sülh müqaviləsi imzalanmayacağı təqdirdə də bizim itirəcəyimiz heç nə yoxdur. Bu gün sülh müqaviləsinin imzalanması Ermənistan üçün çox vacibdir. Cari ayın sonunda Brüsseldə dövlət başçılarının görüşü gözlənilir. Bu görüşün təşkilatçısı neytral mövqe sərgiləməzsə, yenə bir müsbət nəticə gözlənilmir. İndi artıq üçüncü tərəf olmadan Azərbaycanla Ermənistan arasında görüşlərin keçirilməsi zamanının gəlib çatdığını hesab edirəm. Çünki regionda biz yaşayırıq və münasibətləri də özümüz təmizləməliyik. Xarici təşəbbüsçülərin isə müəyyən maraqları olur. Ona görə də sülh müqaviləsi ilə bağlı danışıqların aparılmasının ən düzgün variantının ikili format olduğunu hesab edirəm. Sərhədlər delimitasiya və demarkasiya olunaraq müəyyənləşməlidir. Azərbaycan dövləti özünün suverən ərazilərindən bir qarışı da güzəştə getmək niyyətində deyil. Belə ki, danışıqlar zamanı Ermənistanın işğalı altında qalmış 8 kəndin qaytarılması məsələsi də müzakirə mövzusudur. Ermənistan məsələlərə ədalətli yanaşacağı təqdirdə ilin sonuna qədər ölkələrimiz arasında sülh müqaviləsi bağlana bilər".

Cavanşir ABBASLI,
/“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR