İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh sazişinə bu qarant dövlətlər imza ata bilər - ADLAR

1601 13.12.2023 11:44 Siyasət A A

İki ölkə arasında razılaşmanın imzalanacağı təqdirdə onun təminatçısı hansı ölkələr ola bilər mövzusunda müzakirələr daha da aktuallaşıb; rəsmi İrəvanın son addımları sülh əldə olunacağına ümidləri artırıb, lakin...

Vaşinqton və Londonda danışıqlardan sonra Ermənistana qayıdan ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla əldə olunan “görünməmiş” ikitərəfli razılaşma və yaxın gələcəkdə sülhün əldə olunması imkanlarından danışıb.

“Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumata görə, Qriqoryan vurğulayıb ki, İrəvan həll yollarını axtarmağa və sülh müqaviləsinin hazırlanmasını başa çatdırmağa hazırdır. A.Qriqoryan bildirib ki, Ermənistan tərəfinin son təklifində sülh sazişinin təminatçıları institutunun yaradılması ilə bağlı təkliflər var. Belə görünür ki, Birləşmiş Ştatlar tezliklə, bəlkə də bu ilin sonuna qədər Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması üçün diplomatik səyləri gücləndirməkdədir. Bu səylərin bir hissəsi də ABŞ dövlət katibi Entoni  Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub. “Amerika tərəfinə bildirdik ki, Türkiyə iki ölkə arasında sülh sazişini dəstəkləyir və sənədin imzalanması üçün əlindən gələni edir”, - Fidan qeyd edib. “Biz əminik ki, regionda normallaşma regionun özünün maraqlarına uyğundur” - türkiyəli diplomat bildirib.

ABŞ dövlət katibi E.Blinkenin Azərbaycan Prezidentinə zəngindən sonra Bakıya səfər edən dövlət katibinin müavini Ceyms O’Brayenin açıqlamasından da məlum oldu ki, görüşdə sülh prosesi əlahiddə müzakirə mövzusu olub. Hər halda, ABŞ-ın Vaşinqton prosesini davam etdirmək niyyəti sezilməkdədir. Artıq xəbər verildiyi kimi, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Bakıya səfərindən sonra bildirib ki, Entoni Blinken yaxın vaxtlarda Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər rəhbərlərini qəbul etməyə ümid edir. Artıq Ermənistan tərəfi bu görüşdə iştirak etməyə hazır olduğunu bildirib. Azərbaycan tərəfinin rəsmi mövqeyi hələlik açıqlanmayıb. Qeyd edək ki, hazırda Bakıda erməni tərəfinin hazırladığı son layihə üzərində iş gedir. Onun müzakirəsi bir neçə gündən sonra Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə baş tuta bilər. Yeri gəlmişkən, sülh müqaviləsi imzalanacağı təqdirdə onun təminatçısı hansı ölkələr ola bilər mövzusunda müzakirələr daha da aktuallaşıb. Bu sülhü Qərbin konkret ölkələri, yoxsa Armen Qriqoryanın dediyi kimi, “sülh sazişinin təminatçıları institutu”nun təmin edəcəyi hələ də bəlli deyil.

Nəzərə alsaq ki, son iki ildə Ermənistanla Azərbaycan arasında danışıqlar əsasən Brüssel və Vaşinqtonun ərazilərində aparılıb, belə bir qarant institutunun Qərb dövlətləri və strukturları əsasında formalaşmasını Ermənistan tərəfinin təklif etdiyini güman etmək olar. Rusiya faktoru nəzərə alınmadığı üçün bu, qeyri-real görünür. Bəzi dairələr, əgər İrəvan və Bakı qarşılıqlı təhlükəsizlik üçün beynəlxalq təminat tələb edərsə, bu təminatı iki NATO dövləti - Azərbaycan tərəfdən Türkiyə, Ermənistan tərəfdən Fransa öz üzərinə götürə bilər. Gürcüstan parlamentinin sədri də Tiflisin sülh sazişinə evsahibliyi etməsindən danışıb Bakı səfərində... Eyni zamanda Almaniya, ABŞ və Rusiyanın qarant ölkə kimi sülh sənədinə imza ata bilər. Bəs ekspertlərimiz necə düşünür, sülh sazişinin məkanı hara ola bilər? Ümumən sülh yaxındadırmı?

İlham İsmayıl koronavirusdan sağaldı Pravda.az

İlham İsmayıl 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında Ağ Ev administrasiyasının bu məsələ ilə bağlı aktivliyinin artdığını vurğuladı: “Doğrudan da Azərbaycan və Ermənistanın son günlərdə qarşılıqlı xoş məramlı addımları bölgədə geosiyasi maraqları olan qüvvələrin, konkret olaraq ABŞ-ın də iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirən diplomatik səylərini artırıb. Amma məsələ burasındadır ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlara tərəflər aralarında razılaşdırılsa belə, yekun sənədin imzalanmasına ciddi maneələr hələ də qalır. Söhbət təminatçı vasitəçilərdən gedir. Qərb platforması, qeyd edildiyi kimi, fəal diplomatik gedişlərlə sanki təşəbbüsü tam ələ almış kimi görünür. Ermənistanın da siyasi xətti əvvəldən məsələnin Qərb müstəvisində həll edilməsinə istiqamətlənib. Azərbaycan da Qərb platformasına normal yanaşıb, amma son antiterror əməliyyatından sonra Avropa İttifaqının, ABŞ-ın Azərbaycana qarşı haqsız ittihamları, yersiz şərtləri Qərbin ədalətli mövqe sərgiləyəcəyini şübhə altına aldı. ABŞ yanlış siyasətinin çox tez fərqində oldu və Azərbaycanla münasibətləri yumşaldan addımlar atdı”. 

Bəs ABŞ təkbaşına sülhün təminatçısı ola bilərmi?

İlham İsmayıl: “Rusiya faktoru olmasaydı, bəlkə də... Qeyd etdiyiniz kimi, bu faktoru da nəzərə almadan sülh qeyri-real görünür. Rusiyanın diplomatik reaksiyası, açığı, Mariya Zaxarovanın brifinqlərdə Ermənistan rəhbərliyinin tənqidinə yönəlmiş açıqlamalarından, təzyiq reaksiyası isə Lars yolunda yaratdığı maneələrdən artıq deyil, hələlik. Hesab edirəm ki, dekabrda Paşinyanın da iştirak edəcəyi Sankt-Peterburq görüşündə Putin mövqeyini bildirəcək. Əgər "xoşbəxtliyi Brüsseldə axtarmağın" zərərlərini sərtliklə, xəbərdarlıqla çatdıracaqsa, məsələ uzana bilər, çünki Ermənistan da asanlıqla bu vəziyyətlə razılaşmayacaq. Və Qriqoryanın söylədiyi “sülh təminatçıları institutu” ideyası o mənada cəlbedici görünə bilər ki, Rusiyanı qıcıqlandırmasın, çünki hiss olunur ki, bu ideya Qərbdən gəlir. Baş verəcəyi məkan isə böyük ehtimalla Gürcüstan ola bilər. Rusiyanın Ukrayna cəbhəsində uğura yaxın bir mərhələyə daxil olduğu barədə informasiyalar yayılır. Bu ərəfədə bəlkə də Rusiya bütün diqqətini Ukrayna ətrafında Qərblə dil tapmağa yönəldib, Gürcüstan variantına razılıq versin. Yəqin şərti də o ola bilər ki, “təminatçı institut”da o da təmsil olunsun. Amma bu variant sülhü uzada bilər". Ekspertin sözlərinə görə, ən yaxşı platforma vasitəçisiz olaraq, tərəflərin öz aralarında sülh müqaviləsini Tiflisdə imzalamasıdır: “Təminatçı mütləq şərt olarsa, şəxsi qənaətim odur ki, yalnız Böyük Britaniya bu rolu üzərinə götürə bilər və tərəflər də razı qala bilərlər”.

Elxan Şahinoğlu: "Putin “taxıl sazişini” uzatmaq istəmir"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, sülh sazişinin yerinə yetiriləcəyinə hansı dövlətin və ya dövlətlərin təminat verəcəyi ciddi məsələdir: “Çünki Ermənistanda hakimiyyət dəyişərsə, yeni iqtidar Azərbaycanla imzalanan sülh sazişini yerinə yetirməkdən imtina edə bilər. Bu, Azərbaycanla Ermənistan arasında yeni müharibəyə səbəb olacaq və bu bölgədə sülh və əməkdaşlığa ağır zərbə olacaq. Ona görə də Prezident İlham Əliyev imzalanacaq sülh sazişinin yerinə yetirilməsinin təminatının vacib olduğunu bildirib. İlham Əliyevin digər haqlı tələbi ondan ibarətdir ki, əgər sülh sazişində ermənilərin Qarabağa qayıdışı məsələsi yer alacaqsa, sənəddə eynilə azərbaycanlıların da Ermənistana geri qayıdışı bəndi olmalıdır. Bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Qarabağa qayıdışı məsələsinin sülh sazişinə əlavə edilməsini istəmir. Çünki o, eyni zamanda azərbaycanlıların da Ermənistana qayıtmasını istəmir”. E.Şahinoğlunun fikrincə, təminatçı dövlətlər məsələsində digər mürəkkəblik ondadır ki, ABŞ və Avropa ölkələri Rusiya ilə birgə eyni masada oturaraq Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin ortaq təminatçısı olmaq istəməyəcəklər: “Ona görə də təminatçı dövlətlər qismində ya yalnız Azərbaycana və Ermənistana qonşu olan, ya da neytral ölkələr çıxış etməlidirlər”. Politoloq təsdiqləyir ki, sülh sazişinin harada imzalanacağı sualı da aktual məsələdir: “Gürcüstan hakimiyyəti Azərbaycanla Ermənistan təmsilçilərinin Tiflisdə danışıqlar aparmasını və yekun sülh sazişinin Gürcüstan paytaxtında imzalanmasını istəyirlər. Bunu Bakıya səfər edərək Prezident İlham Əliyevlə görüşən Gürcüstan parlamentinin sədri bir daha təkrarladı. Sülh sazişinin Tiflisdə və ya Azərbaycanla Ermənistan arasındakı sərhəddə imzalanması optimal variantdır. Böyük dövlətlər bunun əleyhinə çıxmayacaqlar. Böyük dövlətlər Azərbaycanla Ermənistan arasında başlanan birbaşa danışıqları da dəstəklədilər. Bu sırada bir-biri ilə zidd mövqedə olan Rusiya, Fransa, ABŞ və İran da birbaşa danışıqları və əldə edilən razılaşmaları dəstəklədilər. Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların əleyhinə çıxmaq mümkün deyil, bu həmin dövlətin bölgədə sülh və əməkdaşlıqda maraqlı olmadığını göstərər. Ona görə də sülh sazişi məhz vasitəçiyə ehtiyac olmadan birbaşa danışıqlar nəticəsində əldə oluna bilər”.

Hələ ki ortada ənənəvi bəyanatlardan başqa real nəticələr yoxdur. Hərbi əsirlərin qarşılıqlı şəkildə qaytarılması və Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi ilə bağlı təşəbbüsünün Ermənistan tərəfindən dəstəklənməsi, Bakının namizədliyinə “hə” deyilməsi müəyyən ümidlər yaratsa da, rəsmi İrəvanın siyasi iradə sahibi olmasına şübhələr prosesin rəvan gedəcəyinə inamı azaldır. Gözləyək...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR