İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh əleyhdarları birləşir - tanınmış erməni diplomatın ilginc iddiaları

1655 22.04.2022 10:20 Gündəm A A

Eks-nazir Oskanyan nə olursa-olsun sülh müqaviləsinin imzalanmasından yayınmağa çağırıb; analitiklər bunu Rusiya bağlantısı ilə izah edir: “Ermənistanda onların ictimai dəstəyi azalır, revanşistlərin aqoniyasıdır”

Ermənistanda sülh sazişinin əleyhinə olan qüvvələr bir-bir üzə çıxmağa başlayıb. 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olan Vardan Oskanyan da artıq xortlamağa, sülh əleyhinə olan qüvvələri ətrafında toplamağa hazırlaşır.

“Yeni Müsavat” məlumat verir ki, Oskanyan son məqaləsində keçmiş prezident Levon Ter-Petrosyanla hazırkı baş nazir Nikol Paşinyan arasında müqayisə aparıb: “Levon Ter-Petrosyan, Laçın istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağın yerinə Dağlıq Qarabağın statusunu sonraya saxlamağı təklif edirdi. Nikol Paşinyan isə statusdan vaz keçərək Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırdır”.

Bununla belə, V.Oskanyan Paşinyanın Azərbaycanla sülh sazişi imzalaması ideyasının əleyhinədir. Oskanyan Paşinyanın beynəlxalq aləmə istinadının yanlış olduğunu belə izah edib: “Tam əksinə, beynəlxalq aləm dağınıqdır, bundan istifadə edib Azərbaycanın xeyrinə addım atılmamalıdır. Bu gün nəyin bahasına olursa-olsun sülh müqaviləsinin imzalanmasından yan keçmək və ondan yayınmaq lazımdır. Çünki bu, Qarabağın Azərbaycanın tərkibində statusunu istər-istəməz möhkəmləndirəcək”.

Левон Тер-Петросян: «После войны мы потеряли Карабах, после выборов  потеряем Армению»

Levon Ter-Petrosyan

Yada salaq ki, Suriya əsilli Oskanyan hələ Levon Ter-Petrosyanın prezidentliyi dövründən başlayaraq, uzun müddət Qarabağ danışıqlarında əsas fiqurant olub. Məlumdur ki, Oskanyan həm nazir olduğu dövrdə, həm də sonrakı illərdə  Qarabağ məsələsində radikal və güzəştsiz mövqedən çıxış edib. Belə görünür ki, Ermənistanda revanşist  qüvvələr hər vasitə ilə Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı  toparlanmağa, bəlkə də bir hərəkatda birləşmək niyyətindədirlər. Mümkündür ki, ruspərəst qüvvələr də bu prosesi əngəlləməyə çalışdıqları üçün bütün resursları səfərbər edib sülh prosesini pozmağa çalışsınlar.

Əslində revanşistləri ən çox narahat edən məqam Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı ilə bağlı verdiyi vəddir. Oskanyanın “beynəlxalq aləmdə dağınıqlığa” istinad edərək, bundan Ermənistanın maraqlarına istifadə etməyə çağırması da diqqət çəkir. Demək, hesab edirlər ki, hazırkı beynəlxalq vəziyyətdən istifadə edərək, “nəyin bahasına olursa-olsun” sülh müqaviləsinin imzalanmasından yayınmaq mümkündür. Çünki Rusiya ilə Qərb arasında “soyuq müharibə” və müharibə gedir, bu da Ermənistana sülh sazişindən yayınmaq üçün manevr imkanları yaradır. Bəs onların bu çağırışlarına Paşinyan hakimiyyəti adekvat reaksiya verəcəkmi? Rusiyanın yemlədiyi keçmiş cinayətkar klandan ibarət olan erməni müxalifəti sülh anlaşmasına gedən yolda prosesi poza və tormozlaya bilərmi? Bakı İrəvanla birgə hansı koordinasiyalı addımları atmalıdır ki, revanşist qruplar istəklərinə nail ola bilməsinlər?

Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi  müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib”

Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a şərhində xatırlatdı ki, Oskanyan Ter-Petrosyanın dönəmində nazir olub. O, sabiq prezident Levonun vaxtilə dediyi sözləri yada saldı: “Petrosyan deyirdi ki, biz kimik ki, nəyisə həll edək? İndi mən Oskanyana deyirəm: siz kimsiniz ki, sülh müqaviləsi ilə bağlı hansısa məsələləri müəyyən edəsiniz? Azərbaycan 2020-ci ilin 10 noyabrından etibarən regionda yeni reallıq yaradıb və beynəlxalq münasibətlərdə baş verən hadisələr bu həqiqəti poza bilməz. Revanşist ermənilər ümid edirlər ki, Türkiyə zəifləyəcək, Azərbaycanla əlaqələri pisləşəcək və bundan istifadə edəcəklər. Onlar doğrudan da bu nağıllara inanırlar və bu səbəbdən öz kin-küdurətlərini içlərində saxlayırlar. Deyəsən, ermənilərin ağzında hələ də dad qalıb ki, azad etdiyimiz əraziləri yenidən dağıdacaqlar, biz şəhərləri bərpa etdikdən sonra təkrar gəlib sərvətlərimizi talan edə biləcəklər. Bu, nonsensdir. Odur ki, bundan belə erməni revanşistlərin hər hansı addımları Ermənistanın məhvinə gətirib çıxara bilər”.

Siyasi ekspertin fikrincə, bu səbəbdən Paşinyan da anlayır ki, Qarabağda statusdan söhbət gedə bilməz və yalnız burada qalan ermənilərin təminatı nəzərdə tutulur: “Digər tərəfdən, reallıq həm də onu göstərir ki, Oskanyan, Köçəryan kimi revanşistlərin Ermənistanda ictimai dəstəyi getdikcə azalır. Erməni xalqı başa düşür ki, müharibə ilə heç nə etmək mümkün olmayacaq. Həmin qüvvələr sülh sazişindən sonra mühakimə ediləcəklər və bunu bilirlər. Çünki Paşinyan onları bir-bir həbs edəcək. Necə ki, bir müddət əvvəl Köçəryanı tutdurmuşdu. Onları narahat edən də Qarabağda etdikləri cinayətə görə cavab verəcəkləridir. Əgər həqiqətən Qarabağ istəyirdilərsə, niyə İrəvana qaçıb mitinq edirdilər, gəlib vuruşardılar. Oskanyanın və digərlərinin uşaqları 44 günlük müharibədə iştirak ediblərmi? Odur ki, bu çıxışlar onların aqoniyasıdır”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, müxtəlif istiqamətlərdən Paşinyana qarşı təzyiqlər başlayıb: “Ermənistanın keçmiş təhlükəsizlik naziri, parlamentdə müxalifət blokunun rəhbərlərindən biri Artur Vanesyan İrəvanın mərkəzində fasiləsiz aksiya təşkil edib və tərəfdarlarını hər gün mərkəzi meydana çağırır. Artur Vanesyan keçmiş prezidentlər Robert Köçəryanla Serj Sərkisyanın təlimatlarını yerinə yetirir. Aksiyaya dəstək verənlər arasında Nikol Paşinyanın vaxtilə təyin etdiyi keçmiş xarici işlər naziri Ara Ayvazyan da var. O, mediaya verdiyi açıqlamada Nikol Paşinyanın yalan danışıdığını sübut etməyə çalışıb. Ara Ayvazyan Nikol Paşinyanın ”beynəlxalq təşkilatlar məndən Qarabağla bağlı tələbin azaldılmasını tələb edirlər" fikrinə etiraz edərək onun nazir işlədiyi dövrdə guya belə bir tələblə üzləşmədiyini vurğulayıb. Paşinyana etiraz edənlər arasında, bəli, daha bir keçmiş xarici işlər naziri Vardan Oskanyan da var. Oskanyan Paşinyanın Azərbaycanla sülh sazişi imzalaması ideyasının əleyhinədir".

E.Şahinoğlu hesab edir ki, Brüsselin Paşinyana mesajı aydındır: “Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, Qarabağla bağlı ”status" tələbindən əl çəkməlisən. Moskva da Paşinyana eynisini desəydi, məsələni bitmiş hesab etmək olardı. Ancaq Kreml Brüsselin dediyini təkrarlamadı. Putin Kremldə Nikol Paşinyanla görüşün mətbuata açıq hissəsində dedi ki, Qarabağda hələ çox problem var. Bununla Kreml sahibi bölgədəki vəziyyətdən detallarına qədər xəbərdar olduğunu nümayiş etdirib. Bəli, Qarabağda problemlər var və bu problemi yaradanlar Rusiya hərbçiləri ilə erməni separatçılarının birgə fəaliyyətidir. Putinin bu açıqlamasından aydın oldu ki, Rusiya postlarının və Qarabağda Rusiya bayraqlarının sayının artırılması təlimatını elə Kreml sahibi verib. Putin daha sonra dedi ki, Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcək. Kreml sahibi bu cümləsi ilə Qarabağın Ermənistana dəxli olmadığı reallığını qəbul etmək istəmir. Rusiya prezidenti Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burada xoş niyyət yoxdur”, - deyərək politoloq erməni müxalifətinin haradan qidalandığını diqqətə çatdırıb. Ekspert hesab edir ki, Kremlin vasitəçiliyi ilə nə sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar intensivləşib, nə də 3 ölkənin baş nazirlərinin müavinləri kommunikasiya xətlərinin açılması istiqamətində irəliləyiş əldə ediblər.

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR