İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh deyib, müharibə gördüyümüz il...

967 31.12.2022 17:29 Yazarlar A A

 

 

Təəssüf ki, yola saldığımız ildə də Azərbaycan şəhidlər verdi, xüsusilə sentyabrda ermənilərin sərhəddəki təxribatı zamanı ağır itkilərimiz oldu

Dünya üçün gərgin bir il sona çatır. 2022-ci ildə koronavirus bəlasını geridə qoysaq da, fevral ayından bəri dünyanın dəngəsini silkələyən Rusiya-Ukrayna müharibəsinə şahidlik edirik. Bir neçə milyon insan ölkəsindən qaçqın düşüb, yüz minlərlə insanın evi-eşiyi dağılıb, şəhərlər xaraba qalıb, on minlərlə insan həyatını itirib. Bu, sadəcə, işğalçı ilə işğala dirəniş göstərən iki ölkənin savaşı deyil, əslində rəsmən elan olunmamış III Dünya müharibəsidir. Bir tərəfdə arsenalında ən azı 6 min nüvə başlığı olan Rusiya, bir tərəfdə birqütblü dünyanın yaradacağı kimi xam xəyala düşmüş ABŞ və müttəfiqləri dayanıb. Ukrayna təəssüf ki, həm də zəif siyasi rəhbərliyi sayəsində bu savaşda sadəcə, yemdir, bəhanədir, poliqondur…

İl ərzində dünyada baş verən hadisələrin və proseslərin inkişafını da Ukraynadakı müharibə müəyyən etdi. Nəyin bahasına olursa-olsun öz dominantlığını qorumağa çalışan ABŞ və NATO ölkələri tezliklə bu hibrid münaqişənin əslində elan olunmamış iştirakçılarına çevrildilər.

Qərbin 10 aydır davam edən müharibədə strategiyası hərbi sirr deyil. Əksinə, daha gizlətmək mümkün deyil ki, ABŞ və NATO müttəfiqləri birbaşa qarşıdurmadan və nüvə eskalasiyasından qaçaraq, Rusiyanın hərbi, iqtisadi və sosial resurslarını tükəndirmək istəyir. Münaqişə isə uzanır və bu, bütün iştirakçı tərəflərin, o cümlədən kollektiv Qərbin potensialının tükənməz olmadığını göstərir.

Yola salmaqda olduğumuz ildə dünyada gərginlik o həddə çatdı ki, bloklara qoşulmayan Finlandiya və İsveç nüvə təhlükəsinə görə NATO-ya üzv olmaq üçün rəsmi müraciət etdilər. İyun ayında Madriddə keçirilən NATO sammitində Alyansın yeni strateji konsepsiyası qəbul olundu ki, bu da sülh və sabitlikdən daha çox dünyadakı gərginliyi artırmağa hesablanmışdı.

Moskvanın Xerson və Zaporojye də daxil qondarma qurumlarda referendum keçirərək həmin əraziləri Rusiyaya ilhaqı qərarı cavabsız qalmadı. Sentyabrın 26-na keçən gecə “Şimal axını” sualtı qaz kəmərlərində hələ də səbəbi bilinməyən partlayış törədildi, nəticədə Avropaya qaz nəql edən 4 boru kəmərlərindən 3-ü sıradan çıxarıldı. Oktyabrın əvvəlində Krım körpüsündə terror aktı törədildi.

 Payızda elan edilmiş ABŞ Milli Təhlükəsizlik Strategiyasındakı “açıq, azad, firavan və təhlükəsiz dünya” yaratmaq kimi demaqojilərini bir kənara qoysaq, əsas məqsədinin Rusiyanı sıradan çıxarmaq və “Çinlə rəqabətdə qalib gəlməklə” qlobal hökmranlıq niyyəti olduğunu nümayiş etdirdi.

Bu il nüvə təhlükəsi haqda çox danışıldı, yeni Karib böhranı vəziyyəti yarandı, amma iki ölkə rəhbərliyi bu təhlükəni Türkiyədə baş tutan danışıqlarla müəyyən dövr üçün ertələdilər.  

Payızda prezident Vladimir Putinin qərarı ilə qismən səfərbərlik həyata keçirildi: orduda xidmət etmiş və döyüş təcrübəsi olan 300 min ehtiyatda olan hərbçi silahlı qüvvələrə çağırıldı. Rusiya oktyabr ayından başlayaraq Ukraynanın kritik infrastruktur, o cümlədən elektrik enerjisi istehsalı obyektlərinə kütləvi raket zərbələri endirməyə başladı. Ukraynanın enerji infrastrukturunun 50 faizdən çoxu hazırda  sıradan çıxarılıb ki, bu da milyonlarla insanı Yeni ili soyuq və işıqsız evlərdə qarşılamağa məcbur edib.

Təəssüf ki, yola saldığımız ildə də Azərbaycan şəhidlər verdi, xüsusilə sentyabrda ermənilərin sərhəddəki təxribatı zamanı ağır itkilərimiz oldu. Laçın Azərbaycanın tam nəzarətinə qaytarılsa da, həm sülh müqaviləsi, həm Qarabağın dağlıq hissəsində məskunlaşan erməni toplumu ilə problemlər 2022-də həll edilməmiş qaldı. Atəşkəs yenə pozuldu, Azərbaycan “Qisas” əməliyyatı keçirərək ermənilərə qulaqburması verdi, sentyabrın 13-14-də baş verənləri isə “mini-müharibə” də adlandırmaq olardı. Azərbaycan Ordusu bu il də qətiyyətli mövqe nümayiş etdirərək, həm sərhəddə, həm Qarabağda strateji ərazilərə nəzarəti ələ aldı, amma Bakının istədiyi nə sülh müqaviləsi imzalandı, nə Zəngəzur dəhlizi müzakirələrində irəliləyiş oldu, nə də Xankəndi və ətrafındakı qanunsuz silahlı dəstələr torpaqlarımızdan çıxdı.      

Rusiya-Qərb gərginliyi həm sülh müqaviləsinin imzalanmasına, həm erməni separatizminin yeni dalğasına əsas səbəb kimi göstərilə bilər. Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq istəyən Qərb bu il aktiv şəkildə Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilik missiyasını gücləndirdi. Amma hər iki tərəfin sərhəd komissiyası  yaratmasına  baxmayaraq, nəticə etibarilə danışıqlar fiasko oldu. Nə Brüssel, nə Vaşinqton sülh müqaviləsinin imzalanması üçün Ermənistana kifayət qədər təsir edə bilmədilər. Bunu istəmədilər bəlkə də...

Moskva isə yenə münaqişənin həllində əsas skripka rolunu saxlamaqda davam etdi. Fransa isə bu il daha aşkar ermənipərəst mövqeyə keçdi, Azərbaycana qarşı haqsız hücumlarda və qərəzli qətnamələrdə “lider” oldu.

Qarabağdakı separatçılıq 2021-ci ilə nisbətdə yenidən xeyli artdı ki, bunun səbəbləri sırasında erməni milyarder Ruben Vardanyanın qanunsuz olaraq Xankəndə yerləşməsini göstərmək olar. Rusiya vətəndaşlığından imtina etmiş Vardanyan yenidən erməni separatizmini gizləndikləri “yuvadan” çıxardaraq Azərbaycanın üzərinə qısqırtdı. Yeraltı sərvətlərimizə qanunsuz yiyələnmə faktına görə artıq 20 gündür ki, Laçın dəhlizində ekofəalların aksiyası davam edir. Laçın dəhlizi ilin son ayında dünyada maraqlı tərəflərin ən aktual müzakirə mövzusu oldu.

Qarşıdan gələn ilin dünyanın bir parçası olan Azərbaycan üçün də mühüm olacağını indidən  demək mümkündür. Bunu şərtləndirən daxili faktorlar da var. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün yenidən cəhdlər edəcək və xoş niyyətini saxlamağa çalışacaq, Ermənistanın davranışlarından da çox şey asılı olacaq. Yeni müharibəni heç kim arzulamır, Azərbaycanın da itkilərlə bağlı yaralarını sağaltması üçün  zaman lazımdır. Təbii ki, xalq Azərbaycan ordusuna inanır və arxalanır. Ümid edək ki, qarşıdan gələn il ölkəmizə və dünyamıza əmin-amanlıq gətirəcək. Bundan artığına hələ ki, ümid etmək olmur təəssüf ki...

Nazim SABİROĞLU,
Musavat.com      

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR