İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqları Moskvada davam edəcək: görüş yerini dəyişmək olmaz...

1267 15.02.2023 09:40 Siyasət A A

Danışıqların hansı ünvanda keçirilməsinə Bakının etirazı yoxdur, amma Ermənistan Rusiya ilə münasibətlərə nəzərən bundan çəkinir

Bir müddət öncə Azərbaycan sülh müqaviləsinin mətni ilə bağlı Ermənistana öz təkliflərini təqdim edib. Bu barədə parlamentdə keçirilən brifinqdə “Mülki müqavilə” parlament fraksiyasının deputatı, Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sərkis Xandanyan bildirib.

“Biz bu təkliflər üzərində işləyirik və hazır olduqdan sonra onları Azərbaycana göndərəcəyik”, - deyə Xandanyan bildirib. Sərkis Xandanyan deyib ki, rəsmi İrəvan Laçın dəhlizinin açılmasını Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesində iştirak üçün ilkin şərt hesab etmir. “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bu görüşdə iştirak edib-etməyəcəyi vəziyyətdən asılı olacaq. Buna baxmayaraq, bu və ya digər vasitəçilik, o cümlədən Rusiya ilə təşkil olunan görüşlərdə iştirak baxımından bizim üçün heç bir problem yoxdur”, - deyə Xandanyan əlavə edib.

Nəzərə çatdıraq ki, Azərbaycan 2022-ci ildə Ermənistana 5 bənddən ibarət təklif vermişdi. 2022-ci ilin avqustunda belə açıqlamalara rast gəlinirdi ki, bu təkliflər üzrə razılaşdırılmayan məqamlar çox azdır. Ermənistanın xarıci işlər naziri Ararat Mirzoyan deyib ki, rəsmi İrəvan təklifləri nəzərdən keçirir və mətn üzərində işləməyə davam edir. Rəsmi Bakının dediyinə görə, təkliflər yanvarın üçüncü ongünlüyündə verilib. Detallarla bağlı nə Bakı, nə İrəvan heç bir açıqlama vermir. Ekspertlər hesab edir ki, “hansısa təkliflərin dəyərləndirilməsi” vaxt uzatmaqdan başqa bir şey deyil. Rusiya isə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü məsələsi müzakirə edilir. Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov son mətbuat konfransında bunu təsdiqləyib. O qeyd edib ki, Rusiya tərəfi bu məsələnin müzakirəsini diqqətdə saxlayır. “Vəziyyətin stabilləşməsi istiqamətində görülən işlər üçün müxtəlif dialoq məkanları və formatlarının təmin edilməsi nöqteyi-nəzərindən əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik”, - deyə nazir müavini bildirib. Qeyd edək ki, ötən il dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olmalı idi. Məlumata görə, dekabrın 23-də Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanması məsələlərinin müzakirəsi planlaşdırılırdı. Amma Ermənistan bundan imtina etdi. İndi isə deyirlər ki, görüşdən imtina edilməyib, sadəcə, təxirə salınıb. Rusiya da görünür ki, masada yeni təkliflərin olduğunu nəzərə alaraq, danışıqları qaldığı yerdə - yəni Moskvada davam etdirilməsini istəyir.

Danışıqların hansı ünvanda keçirilməsinə Azərbaycanın etirazı yoxdur, amma Ermənistan Rusiya ilə münasibətlərə nəzərən bundan çəkinir. Detallar nə ola bilər ki, ermənilər bu qədər fikirləşir? Ermənistan Moskva danışıqlarına niyə isti baxmır?

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirdi ki, yenə dövriyyəyə sülh danışıqları, Azərbaycan-Ermənistan rəsmilərinin guya hansısa görüşlərinin təşkili söhbətləri buraxılıb: “Görəsən, bu cür fikirləri səsləndirən rəsmilər özlərinə və sözlərinə nə vaxtsa hörmət göstərməyi bacaracaqlarmı? Artıq 2023-cü ilin ikinci ayı da yavaş-yavaş başa çatmağa doğru gedir. Ortada isə zərrə qədər də olsa, nə sülh danışıqları, nə də sərhədlərin müəyyən edilməsi ilə bağlı işartılar belə yoxdur. Yenidən dövriyyəyə buraxılmış perspektivi və nəticəsi əvvəlcədən sıfır olan söhbətlər də Rusiya-Ermənistan birgə oyunbazlığının, hoqqabazlığının bariz nümunəsidir. Bunlar heç nə etmədikləri kimi, bundan sonra da maksimum çalışacaqlar ki, vaxt uzansın, tərəflər arasında gərginlik yaşansın. Bundan da istifadə edən Rusiya öz çirkin və uzaqgedən məqsədlərinə çatmaq üçün hansısa yeni gedişlər etsin”.

Ü.Cəfərov qeyd etdi ki, sülh prosesinə açıq şəkildə mane olan dövlət də Rusiyadır: “Qarabağ probleminin illərdir həll olunmasına mane olan tərəf də Ermənistandan daha çox rəsmi Moskvadır. 2 aydan çoxdur ki, Azərbaycan insanının sivil aksiyasına etinasız yanaşan bir dövlət, indi yenə ”sülh göyərçini" obrazına girmək istəyir. 2016-cı ilin aprel, 2022-ci ilin sentyabr, 2023-cü ilin sentyabr hadisələrində necə ermənipərəst mövqe nümayiş etdirirdilərsə, eyni xətt, eyni davranış indi də davam etdirilir. Ortada gəzən guya tərəflər arasında sülh müqaviləsi ilə bağlı hansısa müzakirələrin getməsi də reallığı tam əks etdirmir".

Mən dəhşətə gəlirəm - Azərbaycan niyə bu qədər səbr göstərir?" - Üzeyir  Cəfərovdan həyəcan təbili

Üzeyir Cəfərov 

Polkovnik Cəfərov bildirdi ki, Azərbaycanın verdiyi təkliflərə müxtəlif bəhanələr, absurd təkliflər verən Ermənistan və havadarları problemlərin həllini istəmirlər və məsələni bu və ya digər şəkildə uzadırlar: “Belə davam edəcəyi təqdirdə, biz yaxın perspektivdə hər hansı bir müsbət nəticəyə də ümid edə bilmərik. Sonda isə məsələnin güc yolu ilə həlli məsələsi gündəmə gələndə biz düşmənlərimizin nə qədər vaxt uzadaraq öz hərbi və iqtisadi potensallarını gücləndirdiklərinin şahidi olacağıq. Buna isə əsla yol vermək olmaz və verilməməlidir. Ermənistana konkret vaxt deyilməli və problemlərin həlli üçün sözdə deyil, real əməldə addım atmaları tələb olunmalıdır”.

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a dedi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada XİN rəhbərləri səviyyəsində keçirilən görüşə qatılmaması Kreml tərəfindən demarş və qərbyönümlü siyasətin davamı kimi qiymətləndirildi: “Laçın yolunun bağlanmasına dair iddialar da öz təsdiqini tapmadı və beynəlxalq miqyasda Ermənistanın Azərbaycanı qınamağa dair həyata keçirdiyi kampaniya da iflasa uğrayır. Digər tərəfdən, KTMT missiyasından imtina edərək Aİ missiyasını Ermənistana yerləşdirməyə dair İrəvanın qərarı da Kremllə münasibətləri tarıma çəkib. Rusiyada demək olar ki, bütün ekspertlər bu məsələyə münasibət bildirərkən İrəvana qarşı çıxırlar. Artıq müxtəlif səviyyələrdə Aİ-nin regionda missiyasına qarşı Rusiyadan fikirlər səslənir. Moskva təbii ki, təşəbbüsü ələ almağa çalışır və ilin əvvəlində diplomatik trekdə irəliyə çıxmağa çalışır”. İ.Hüseynov bildirdi ki, Moskvada görüşün keçirilməsi regional sülhə müsbət təsir edə bilər: “Çünki əsas müzakirə mövzusu sülh müqaviləsi barədə olacağı gözlənilir. Azərbaycanın mövqeyi isə dəyişməyib. 5 maddəlik təklif əsasında sülh müqaviləsi imzalanmalıdır. Ötən ilin əvvəlində təkliflər verildikdən sonra regionda və dünyada bir sıra mühüm hadisələr baş verib. Buna görə də təkliflərin sayı artırıla da bilər”.

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov isə hesab edir ki, Ermənistan indi mümkün sülh perspektivlərindən yayına bilmədiyinin fərqindədir: “Bu ölkənin heç bir çıxış yolu qalmayıb. Azərbaycanın təklifləri bir növ Ermənistanın qurtuluşu deməkdir. Amma Ermənistanın bu qədər fikirləşməyi konkret 4 amillə bağlıdır. Birinci amil odur ki, Ermənistan əlindəki bütün ”kontr-arqumentlərin" tükəndiyini görür". T.İsmayılovun müşahidələrinə görə, artıq dünya da Ermənistan həyasızlığından bezib: “Ona görə də vaxt uzatmaqla məchul gələcəyə ümid edirlər. İkinci amil Ermənistanın Türkiyə ilə münasibətlərin iqtisadi fonudur. Ermənistan istəyir ki, Türkiyə ilə tam iqtisadi münasibətlər formalaşsın, ondan sonra Azərbaycanla münasibətlərdə manevr edə biləcəyini zənn edir. Üçüncü amil lobbidir. Erməni lobbisinin fəlsəfəsi Azərbaycan və Türkiyə düşmənçiliyi üzərindədir. Onlar məhz bu idbarlıqdan maddi gəlir güdürlər. Rəsmi İrəvan diasporanın körpüləri yandırmağından da qorxur. Dördüncü amil isə ən vacib olandır”. T.İsmayilov qeyd etdi ki, Ermənistan müstəqil siyasi institutları olmayan oyuncaq və troll bir dövlətdir: “Belə olan təqdirdə də əlbəttə ki, qlobal imperializmdən icazəsiz addımlar ata bilmir. Moskva danışıqlarını və hətta Brüssel danışıqlarını isə Ermənistanın əli ilə Paris edir. İndi Fransa Ermənistandan istifadə edərək demarş etməyə çalışır. Ermənistanı bacardıqca Rusiyadan qoparmağa çalışırlar. Proses nəticədə Moskva danışıqlarına da zərbə vurur”.

Elə bu yazı çapa hazırlanarkən xəbər yayıldı ki, fevralın 14-də Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gəlib və Prezident İlham Əliyevlə görüşüb. Bu görüşdən nələr gözləyə bilərik? Ekspert qeyd etdi ki, Xovayevin regiona səfəri prosedur qaydasıdır: “Eyni zamanda Fransa casuslarının Ermənistanda peyda olmağı Rusiyanı narahat edir. İndi Rusiya bölgənin nəbzini yoxlamağa çalışır. Proses iki mənzərə yaradır: birincisi, Cənubi Qafqaz Ermənistana görə yeni Qərb-Rusiya qarşıdurmasına çevrilir, ikincisi, Rusiya Ermənistana böyük iqtisadi zərbələrə hazırlaşır”.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR