İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sükut günü”nə bir həftə qalmış... - Ərdoğan 5 il öncəki nəticənin bir addımlığında

1001 06.05.2023 13:25 Gündəm A A

Fikrət Yusifov: “Türkiyəni bundan da güclü görmək istəyən hər kəs Ərdoğana səs verəcək”

Elxan Şahinoğlu: “Ərdoğanın çətinliyi ondan ibarətdir ki...”

Qardaş Türkiyədə seçkiöncəsi “Sükut günü”nə bir həftə qaldı. Bu ərəfədə “Optimar” Araşdırmalar Mərkəzi Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar 25-29 aprel tarixləri arasında apardığı son sorğunun nəticələrini açıqlayıb. Sorğu ölkənin 77 vilayətində 3005 respondent arasında aparılıb.

Sorğuya görə, hakim partiya - AKP 38.6 faiz, ən yaxın rəqibi CHP isə 30.1 faiz səs toplayıb. Prezident seçkilərində “Cümhur İttifaqı”nın namizədi, prezident Rəcəb Tayyib Ərdoğan 51.4 faiz, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 48.6 faiz səs alıb. “Hər iki namizəd son on gündə yüksəlişdədir. Ərdoğan zəlzələdən özünə gəlib və artıq iki həftədir ki, yüksəlişdədir. Beləcə, deyəsən, Ərdoğan 2018-ci ildəki seçkilərdə qalib gəldiyi nəticəyə yaxınlaşıb”, - “Hürriyet” qəzeti sorğunun nəticələri barədə yazıb. Araşdırmada İYİ Partiya və Yaşıl Sol Partiya adıyla seçkilərə gedən HDP-dəki eniş diqqətdən qaçmayıb. İYİ Partiya 7, Yaşıl Sol Partiya isə 7.8 faiz səs toplayıb. Sorğuya əsasən, seçki ikinci tura qalarsa, Ərdoğan 51.4 faiz, ən yaxın rəqibi Kılıçdaroğlu isə 48.6 faiz səs alacaq. Bundan əvvəl “Areda Survey” də son sorğusunun nəticələrini açıqlamışdı. Araşdırmaya 14 193 nəfər qatılıb. “Prezident seçkilərində hansı namizədə səs verəcəksiniz” sualına respondetlərin 51.1 faizi Rəcəb Tayyib Ərdoğanın adını çəkib. Mümkün ikinci tur üçün isə Ərdoğanın səs nisbəti 53.3 faiz olub. Parlament seçkilərində də “Cümhur İttifaqı” öndədir. “Parlament seçkilərində hansı partiyaya səs verəcəksiniz” sualına belə cavab verilib: AKP - 41.3 faiz; CHP - 26 faiz; MHP 8.8 faiz; Yaşıl Sol Partiya - 8.7 faiz; İYİ Partiya - 7 faiz; Məmləkət Partiyası - 2.8 faiz; Türkiyə Fəhlə Partiyası - 1.7; Yenidən Rifah Partiyası - 1.5 faiz; Zəfər Partiyası - 1.4 faiz; Böyük Birlik Partiyası - 0.4 faiz; Digəri - 0.4 faiz.

Bu arada CHP lideri Kamal Kılıçdaroğlu deyib ki, prezident seçilsə, ilk mərhələdə “iqtidarın gücü” olaraq xarakterizə edilən adları işdən çıxaracaq. “TÜİK, AFAD, TOKİ, Mərkəz Bankı, Qızılay və Kommunikasiya başçısı və TRT baş direktorunu vəzifələrindən azad edəcəyəm. Siyahıda MİT, MTŞ, İmmiqrasiya İdarəsinin rəhbərləri və nazir müavinləri, YÖK üzvləri, rektorlar da var”, - Kılıçdaroğlu bildirib.

Bəs Ərdoğan öz postunda qalsa, öz komandasında kardinal dəyişiklik edəcəkmi?

Fikrət Yusifov: "Qarşıda bizi ciddi bir təhlükə gözləyir"

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Kılıçdaroğlunun bu davranışlarını siyasətçiyə yaraşdırmır: “Qardaş Türkiyədə mayın 14-də keçiriləcək seçkilər bu gün dünyanın diqqət mərkəzindədir. Türkiyəni sevənlər də, onun yüksəlişini istəməyənlər də səbirsizliklə bu seçkilərin necə yekunlaşacağını, kimin qalib gələcəyini gözləyirlər.

Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Dünyada bir birinə bu qədər dəstək verib güvənən dövlətlər demək olar ki, yoxdur. Tarixin müəyyən məqamlarında bir millətin fərqli dövlətləri arasında, dövlət başçıları səviyyəsində yaranmış anlaşılmazlıqlar və münaqişələr üzündən epizodik çatışmalar baş versə də, Türkiyə türkləri ilə azərbaycanlıların bir millət - fərqli dövlətlər anlayışı həmişə ortada olub. Lazım gəldikdə onlar bizim üçün, biz də onlar üçün savaşmışıq.

Bu gün Türkiyəmiz böyük tarixi imtahan qarşısındadır. Bir tərəfdə son 20 ildə Türkiyəni türk adına layiq bir dövlət səviyyəyə çatdırmış və qarşıda hələ çox görməli işləri olan indiki prezident Rəcəb Tayyib Ərdoğanın, digər tərəfdə isə birləşmiş müxalifətin namizədi, özünü bir çox hallarda siyasətçiyə yaraşmayan səviyyədə aparan çılğın, cəmiyyətin və dünyanın gözləri qarşısında cılız bir siyasət adamı obrazı yaradan Kamal Kılıçdaroğlu dayanır.

Kim qalib gələcək? Bunu türk vətəndaşı həll edəcək. Biz indiki prezident Ərdoğanın bu seçkilərdə qalib gələcəyinə şübhə etmirik. Çünki o, gerçəkdən son 20 ildə Türkiyənin Osmanlı dönəmindəki nüfuzunu bərpa etmək istiqamətində çox işlər görüb. Bu gün Türkiyə ilə böyük regionda və dünyada hesablaşmayan bir dövlət yoxdur. Ərdoğanın Türkiyəmiz üçün yaratdığı bu imic türk dünyasını nə qədər sevindirsə də, türkün düşməni olanları bir o qədər məyus edir. Bu səbəbdən türkün uğurlarından məyus olanlar seçkilərlə yaranacaq “şanslarından” maksimum yararlanmağa çalışacaqlar.

Lakin bunun faydası yoxdur - Türkiyə xalqı ayıqdır və ağı qaradan seçməyi çox yaxşı bacarır. Türkiyə vətəndaşı bütün təxribatları puç edəcəkdir - necə ki, bunu 2016-cı il 15 iyul tarixində Qərbin düzənlədiyi və 100%-lik nəticəyə hesablanmış dövlət çevrilişi cəhdini bir neçə saat  ərzində boğaraq etdi.

Seçkiyə sayılı günlər qalmış Kılıçdaroğlu seçildikdən sonra bu gün hakimiyyətin müxtəlif kürsülərində oturan məmurları işdən çıxamaqla hədələyir. Bu bir siyasət adamına, Türkiyə kimi bir dövlətin prezidenti kürsüsünə namizəd olan şəxsə yaraşmayan cılız hərəkətdir. Onsuz da seçkidən sonra yeni seçilən prezidentlər öncəki komandada çalışanları bir qayda olaraq istefaya göndərirlər. Bunu seçkiöncəsi bəyan etməyə nə lüzum var? Yəqin əlini qələbədən üzmüş Kılıçdaroğlu bu kimi cılız hərəkətləri ilə “saman çöpündən” belə yapışmağı özünə ar bilmir. Bir sözlə, sağlam düşünüb, reallıqları dərindən təhlil edə bilən və Türkiyənin gələcəkdə bundan daha güclü bir dövlət kimi görmək istəyən hər kəs Ərdoğana səs verəcək".

Elxan Şahinoğlu: "Masada və beyin oyununda da

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu seçki ətrafındakı sorğuları bir qədər şübhəli sayır.

Onun sözlərinə görə, Türkiyədə prezident və parlament seçkilərinə sayılı günlər qaldıqca rəqib namizədlər və rəqib partiyalar arasında mübarizə sərtləşir: “Mübarizə iştirakçıları qələbə qazanmaq üçün bir-birlərinə qarşı sərt ittihamlar səsləndirirlər. Türkiyə Ərdoğanın hakimiyyətdə olduğu 20 ildə böyük məsafə qət edib, müdafiə sənayesi inkişaf edib, terrorla mübarizədə uğurlar əldə edilib, Türkiyə bölgənin enerji mərkəzinə çevrilib, meqa-layihələr reallaşıb, ancaq səhvlər də olub, iqtisadi və sosial vəziyyət qənaətbəxş deyil, inflyasiyanın qarşısı alınmayıb, xarici siyasətdə Suriya, Misir və İsrail istiqamətlərində yanlışlar olub, milyonlarla qaçqın Türkiyəyə əlavə problemlər yaradıb. Fikrimcə, səhvlərdən biri də vaxtilə FETÖ şəbəkəsinin qurama Ergenekon və Balyoz” əməliyyatlarının qarşısının alınmamasıydı, yüzlərlə zabit saxta ittihamlarla həbs olundu, mərhum dəniz zabiti Əli Tatar saxta ittihamlarla razılaşmayaraq özünə qəsd etdi.

Buna baxmayaraq, Ərdoğanın reytinqi yüksəkdir. Türkiyədə çoxpartiyalı seçki ilk dəfə 1950-ci ildə keçirilib. Ərdoğan yeganə siyasətçidir ki, 20 il ərzində bütün seçkilərin qalibi olub. Bu, Türkiyə kimi ölkədə asan məsələ deyil. Ancaq Ərdoğanın çətinliyi ondan ibarətdir ki, o, müxalifətin bütün qüvvələri ilə təkbaşına mübarizə aparır. Müxalif “Millət ittifaqı” blokunda müxtəlif liderlər var və onlar mitinqlərdə prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə bərabərdirlər, çıxışlar edir, şüarlar səsləndirirlər. Ərdoğan isə bütün yükü tək daşımaq məcburiyyətindədir. Buna rəğmən, Ərdoğan bu yükü daşıyaraq rəqibi ilə mübarizədə nisbi üstünlüyü əldə etməyə çalışır.

Türkiyədə seçkiqabağı sorğular şübhə doğurur. Çünki hakim partiyaya yaxın sorğu mərkəzləri Rəcəb Tayyib Ərdoğanın birinci turda qələbə çalacağını, müxalifətə bağlı mərkəzlər isə Kamal Kılıçdaroğlunun ya birinci, ya da ikinci turda qələbə çalacağını bildirirlər. Ona görə seçkinin keçiriləcəyi 14 mayı gözləməliyik. Ərdoğan qələbə çalacağı halda yeni komanda formalaşdırmalı olacaq. Onun qarşısında duran əsas vəzifə iqtisadiyyatda dönüş yaratmaq, inflyasiyanı azaltmaqdır, ölkəyə xarici investorları da cəlb etmək lazımdır. Kamal Kılıçdaroğlu qələbə çalarsa, onun da başlıca vəzifəsi iqtisadi və sosial problemlərin həlli olacaq. Bütün hallarda kim qalib gəlirsə-gəlsin, iqtisadi və sosial problemləri il ərzində həll etmək çətin olacaq, istənilən prezidentin zamana ehtiyacı olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR