İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sükut günü”nə 3 gün qalmış... - Zəfər seçkisində yüksək fəallıq gözlənilir

660 03.02.2024 12:52 Gündəm A A

Xankəndidə seçkiyə hazırlıq prosesi başa çatıb; seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət bitib

7 fevral növbədənkənar prezident seçkisinə sayılı günlər qalıb. Təhlillər göstərir ki, seçkidə yüksək seçici fəallığı olacaq. Bu da gözləniləndir. Çüni bu, sıradan bu seçki deyil və Qərbin Azərbaycana qarşı artan haqsız hücumları şəraitində baş tutacaq. 

Növbədənkənar prezident seçkisi ilə əlaqədar seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət artıq başa çatıb. Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsini təmin etməli idi. 

Məzahir Pənahovun sədrliyi ilə fevralın 1-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Bildirilib ki, Komissiya prezident seçkiləri ilə əlaqədar seçki günü səsvermə məntəqələrində proseslərin əvvəldən-axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmasına qərar verib. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkisində tətbiq olunacaq bütün informasiya texnologiya qurğuları, video-foto və digər avadanlıqların hamısı ən yeni nailiyyətləri özündə birləşdirir: “Qısa müddətdə 6 000-dən çox məntəqə müasir informasiya kommunikasiya sistemləri və dayanıqlı internetlə təmin edilib. 1000 məntəqədə müşahidə kameraları quraşdırılıb. Qurğu və avadanlıqlarımız o qədər müasirdir ki, qarşıdan gələn bir neçə onilliklərdə onlardan istifadə imkanımız olacaq”,- deyə o qeyd edib.

Növbədənkənar prezident seçkilərində müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı dərc olunub. 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Siyahı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.

O ki qaldı işğaldan azad olunmuş ərazilərə, MSK sədri Məzahir Pənahov bu yaxınlarda bildirmişdi ki, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək. “Hər məntəqəyə orta hesabla təxminən 800-900 nəfər seçici düşür. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərdəki siyahılar dəqiqləşdiriləcək” deyə o qeyd etmişdi.  

Son məlumata görə, Şuşada 1 189 nəfər, Xankəndidə 800-900 seçici, Zəngilan şəhərində ümumilikdə 32 min 50 nəfər səsvermə hüququndan istifadə edə biləcək. 

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə əməkdaşlığı çərçivəsində növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir. APA-nın Naxçıvan bürosu xəbər verir ki, bu istiqamətdə növbəti dəyirmi masa Naxçıvan şəhərində təşkil olunub. Ombudsman çıxışında seçki prosesi ilə bağlı tədbirlər planı hazırladıqlarını və bu istiqamətdə tədbirlərin keçirildiyini bildirib: “İlk dəfə olaraq bu seçkilər suveren Azərbaycanın bütün ərazilərində keçiriləcək. Bu, həm də qürurverici məqamdır. Azərbaycan tarixi ədaləti bərpa etdikdən sonra keçirilən bu seçki tarixə yazılacaq. Seçkidə prioritet hüquqlardan olan seçki hüququnun təmini önəmlidir. Demokratiyanın əsas göstəricisi olan seçki sisteminin inkişafı üçün maarifləndirici yöndə silsilə tədbirlər təşkil olunub. Eyni zamanda seçki günü Ombudsman Aparatına daxil olan müraciətlər araşdırılacaq. Ombudsman Aparatının əməkdaşları həmçinin seçki məntəqələrində, hərbi hissələrdə, cəzaçəkmə məntəqələrində də müşahidələr aparacaqlar”.

O ki qaldı müşahidəçilərin fəaliyyətinə, MDB müşahidəçilər missiyası isə seçkiyə hazırlığın monitorinqinin nəticələrinə dair aralıq hesabat dərc edib. Bildirilib ki, bütün səviyyələrdəki seçki komissiyaları Azərbaycanda seçkilərin keçirilməsi üçün zəruri tədbirləri görür: hər şey ölkə qanunvericiliyinə ciddi şəkildə uyğun təşkil olunub. Seçki kampaniyasının monitorinqi çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər ölkə ərazilərində -Abşeron, Ağsu, Goranboy, Qobustan, Quba, Qusar, Cəlilabad, Yevlax, İmişli, İsmayıllı, Lənkəran, Masallı, Sabirabad, Salyan, Siyəzən, Ucar, Xaçmaz, Şabran, Şamaxı rayonları, Naxçıvan MR, Bakı, Gəncə, Yevlax, Lənkəran, Şirvan şəhərlərində olub, dairə və məntəqə seçki komissiyalarının işi ilə yaxından tanış olublar. Komissiyaların səsvermənin təşkili üçün zəruri olan rabitə vasitələri, ofis avadanlığı və s. ilə təmin olunduğu bildirilib. Hesabatda vurğulanıb ki, müşahidə missiyası seçki prosesinə və dövlətin daxili işlərinə qarışmadan Azərbaycan qanunvericiliyini, Birlik çərçivəsində qəbul edilmiş sənədləri rəhbər tutmaqla öz funksiyalarını sərbəst və müstəqil şəkildə həyata keçirir.

MDB-dən olan müşahidəçilər seçkilərə hazırlığın monitorinqi çərçivəsində Mərkəzi Seçki Komissiyası və Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə seçki kampaniyasının gedişini müzakirə ediblər. Prezidentliyə namizədlərin təşviqat qərargahının nümayəndələri ilə görüşlər keçirilib. Hesabatda həmçinin, bildirilib ki, bütün prezidentliyə namizədlərə seçkiqabağı təşviqat aparmaq üçün bərabər şərait yaradılıb. Müşahidəçilər qeyd ediblər ki, Azərbaycanda təşviqat kampaniyası sakit və mütəşəkkil şəkildə, seçki qanunvericiliyinin tələblərinə ciddi şəkildə uyğun olaraq keçirilir. Hesabatda vurğulanıb ki, mərkəzi və aşağı seçki komissiyaları, kütləvi informasiya vasitələri (KİV) ölkə əhalisini seçki kampaniyası ilə bağlı ətraflı məlumatlandırır. Aralıq hesabatda o da qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi (MSK) və MSK Katibliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq brifinqlər və mətbuat konfransları keçirilir, seçkilərə hazırlığın gedişatı işıqlandırılır, seçki qanunvericiliyinin normaları izah edilir: “Mərkəzi Seçki Komissiyası ölkə vətəndaşlarını seçkilərdə iştiraka çağıran fəal kampaniya aparır. Bu kampaniyaya televiziya və radioda müntəzəm olaraq məlumat xarakterli videoçarxların və sosial reklamların yayımı daxildir. Üstəlik, bu kampaniya həmçinin səsvermə günü barədə seçiciləri məlumatlandırmaq üçün reklam lövhələri, bannerlər və afişalardan istifadəni əhatə edir”.

Vurğulanıb ki, 2024-cü il yanvarın 15-dən etibarən Mərkəzi Seçki Komissiyasının “Seçki-2024" Müstəqil Media Mərkəzi fəaliyyət göstərir: ”Burada yerli və xarici KİV nümayəndələri seçki kampaniyasının gedişi ilə bağlı aktual məlumatlar əldə edə bilərlər.

MDB-nin müşahidəçi missiyasının tərkibində 169 nəfər akkreditə olunub. Buraya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, həmçinin MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya İttifaqı Parlament Assambleyası, MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildir.

Uzunmüddətli əsaslarla isə 8 müşahidəçi çalışır. Onların fəaliyyətini missiyanın Bakıdakı qərargahı əlaqələndirir.

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün fevralın 6-da tam tərkibdə Bakıya gələcək. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 6 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatorları Teymuraz Kiladze və Səbuhi Təmirov daxildir.

Qeyd edək ki, GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.

ATƏT-in Parlament Assambleyasından (PA) isə seçkini izləmək üçün 80-dən çox müşahidəçi ölkəmizə gələcək. Bu barədə “Report”a ATƏT PA-dan məlumat verilib. Qeyd olunub ki, bu, ATƏT PA-nın 1995-ci ildən bu yana Azərbaycanda onuncu seçki müşahidəsi olacaq.

ATƏT PA-nın müşahidəçi nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın vitse-prezidenti Daniela De Ridder (Almaniya), ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri isə İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədr müavini Artur Gerasimov (Ukrayna) olacaq.

“Biz prezident seçkilərinin demokratik prinsiplərə nə dərəcədə uyğun olduğunu, azad səsvermə prosedurlarının, ədalətli atmosferin, medianın əlçatanlığının və nəticələrin dəqiq işıqlandırılmasının təmin olunmasına nəzarət üçün ATƏT DTİHB missiyası ilə sıx əməkdaşlıq edirik”, - D.De Ridder bildirib.

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb. Azərbaycanın ABŞ-dəki diplomatik missiyasının “X” sosial şəbəkədəki müraciətdə bildirilib ki, 7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar səfirlikdə seçki məntəqəsi yaradılıb:

“ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, - paylaşımda qeyd edilib. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR