İnsanlara hürriyət, millətlərə istiqlal!

Sudandakı Çevik Dəstək Qüvvələri döyüşləri şərtsiz dayandırmağa hazır olduğunu bildirib

525 03.01.2024 06:01 Dünya A A

Sudan Demokratik Mülki Qüvvələr Koordinasiyasının (DSGK) sədri, Sudanın keçmiş Baş naziri Abdullah Hamduk və Çevik Dəstək Qüvvələrinin (HDK) komandiri Muhammed Hamdan Dagalu Efiopiyanın paytaxtı Əddis-Əbəbədə iki günlük görüşdən sonra mətbuat konfransı keçirərək birgə bəyanat imzalayıblar.

"Report" xarici KİV-ə istinadla xəbər verir ki, bəyannamədə hərbi əməliyyatların dayandırılması, humanitar yardımların çatdırılması, mülki əhalinin müdafiəsi, müharibənin yekunlaşdırılması və dövlətin qurulması kimi məsələlər öz əksini tapıb.

Bəyannamədə DSGK və HDK-nın müharibəni bitirməkdə qərarlı olduğu vurğulanıb və HDK-nın ordu ilə birbaşa danışıqlar vasitəsilə dərhal və qeyd-şərtsiz döyüşləri dayandırmağa tam hazır olduğu ifadə edilib.

Həmçinin HDK xoşməramlılıq əlaməti olaraq 451 məhbusu azad edəcəyini və nəzarəti altında olan bölgələrdə mülki şəxslər üçün təhlükəsiz dəhlizlər açacağını vəd edib.

Ölkədəki bütün pozuntulara nəzarət edəcək və məsuliyyət daşıyanları müəyyənləşdirəcək müstəqil milli komitənin yaradılmasını nəzərdə tutan bəyannamədə devrilmiş prezident Ömər əl-Bəşirin partiyası və İslam Hərəkatı Milli Konqresindən başqa, geniş iştirakla mülki şəxslərin rəhbərlik etdiyi siyasi prosesin başlanması da yer alıb. DSGK-nın bəyannamənin maddələrini sülh yolu ilə həllə nail olmaq üçün əsas kimi ordu komandanlığına təqdim edəcəyi bildirilib.

Siyasi partiyaların və vətəndaş təşkilatlarının daxil olduğu DSGK ölkədə davam edən müharibəyə son qoymaq üçün mülki vətəndaşları birləşdirmək üçün yaradılıb.

Ordu komandanı general Əbdülfəttah əl-Burhan və HDK komandiri Dagalunun Şərqi Afrikada İnkişaf üzrə Hökumətlərarası Təşkilatın (IGAD) vasitəçiliyi ilə yanvarın 4-də Cibutidə görüşəcəyi gözlənilir.

Xatırladaq ki, ötən ilin aprel ayında Suveren Şuranın sədri olan ordu başçısı Əbdülfəttah əl-Burhan ilə HDK komandiri Muhammed Hamdan Dagalu arasında fikir ayrılığı səbəbindən Sudanda vəziyyət gərginləşib. Onların arasında əsas ziddiyyətlər vahid silahlı qüvvələrin formalaşdırılması vaxtı və ordunun baş komandanının kim olacağı ilə bağlıdır. Aprelin 15-də Merove hərbi bazası yaxınlığında və paytaxt Xartumda iki struktur arasında toqquşmalar başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, münaqişə zamanı 12,5 mindən çox insan ölüb, 24,7 milyon nəfər humanitar böhranla üzləşib, 1,45 milyondan çox sudanlı isə ölkəni tərk etmək məcburiyyətində qalıb.

Tərəflər Ciddədə bir sıra məsləhətləşmələr keçirib. Ordu ilə xüsusi təyinatlılar arasında bir neçə dəfə atəşkəs elan edilsə də, əldə olunan razılaşmalar tam yerinə yetirilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR