İnsanlara hürriyət, millətlərə istiqlal!

Strateji sektorların özəlləşməsi gündəmə gəlir? - nazirin vədi

1424 15.02.2023 13:05 İqtisadiyyat A A

Mikayıl Cabbarovun hökumətin strateji sahələrdə özəlləşməyə daha da yaxınlaşması barədə dedikləri maraq doğurur

Azərbaycanda xarici və yerli sərmayələr üçün müəyyən bir məkan yaradılıb ki, bu da dövlət şirkətlərinin idarə edilməsində son iki ildə edilən dəyişikliklərdən qaynaqlanır. Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov həftəsonu “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda səsləndirib.

Nazir Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilən dövlət şirkətlərində müsbət dəyişikliklərin olduğunu qeyd edib: “Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilən şirkətlərin nəticələrinə baxsaq, 2020-ci ildə dövlət şirkətlərinin portfelinin toplam mədaxili 50 milyard manat idisə, ötən il bu, 120 milyard manat olub. Burada bir şirkət deyil, xüsusi çəkisi ilə seçilən dövlət şirkətləri var. Amma ayrılıqda baxsaq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), ”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) və digər bütün dövlət şirkətlərinin nəticələrinin dayanıqlı şəkildə yaxşılaşmasını görürük. Bu da strateji sektorlarda özəlləşmə imkanlarını bizim üçün yaxınlaşdırır".

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci ilin noyabrın 6-da verdiyi sərəncamla Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “AzerGold”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib.

Prezidentin həmin gün imzaladığı başqa bir fərmanda fondun tərkibinə veriləcək dövlət müəssisələrinin adları açıqlanıb. Bu siyahıda “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni”, “Azərenerji”, “Azərbaycan Beynəlxalq Bankı” və digərləri də daxil olmaqla ümumilikdə 17 müəssisə yer alıb.

Fərmanda AİH-in ilk üç il ərzində dövlət büdcəsi vəsaiti, idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcəyi qeyd olunub.

Qeyd edək ki, Azərbaycan İnvestisiya Holdinqi (AİH) Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunub. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb.

Əsasnaməsində qeyd olunur ki, Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

İqtisadiyyat nazirinin səsləndirdiyi fikirlər maraq doğurur: Azərbaycan hökuməti böyük şirkətləri özəlləşdirməyə çıxarmaq qərarı verəcəkmi?

Onu da qeyd edək ki, iri dövlət şirkətlərinin özəlləşdirilməsi, yaxud özəl əllərə idarəetməyə verilməsi onların maliyyə fəaliyyətində səmərəliliyin, dayanıqlı inkişafın, hesabatlılığın təmin olunmasının əsas yolu kimi qiymətləndirilir. Uzun illərdir külli miqdarda zərərlə işləyən, dövlətin boynunda ağır yükə çevrilmiş, korrupsiyanın tüğyan etdiyi iri dövlət şirkətlərindəki vəziyyət cəmiyyətin ən aktiv müzakirə mövzularındandır. Çünki bu şirkətlərin bir çoxu geniş əhali kütləsinə xidmət göstərən təbii inhisarlardır və onların fəaliyyətindəki problemlər milyonlarla insanın həyatına mənfi təsir göstərir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bu şirkətlərin özəlləşdirilməsi, yaxud idarəetməyə verilməsi məsələsi dəfələlə hökumətin gündəminə gətirilib. Bir qayda olaraq, dünya bazarında neftin ucuzlaşması nəticəsində ölkənin gəlirlərinin azaldığı vaxtlarda hökumət iri şirkətlərin maliyyə yükündən azad olmaq, əlavə gəlir əldə etmək barədə düşünməli olub, özəlləşdirmə, yaxud idarəetməyə verilmə metodları barədə söhbətlər aparılıb. Lakin növbəti mərhələdə neft qiymətləri yüksəlib, müzakirələr, hətta atılan bəzi addımlar, verilən qərarlar yaddan çıxıb, iri dövlət şirkətlərinə dövlət büdcəsindən subsidiyalar artıb. Bu baxımdan, M.Cabbarovun hökumətin strateji sahələrdə özəlləşməyə daha da yaxınlaşması barədə dedikləri maraq doğurur. Bu açıqlama göstərir ki, hökumət iri dövlət şirkətlərinin hamısını da olmasa, bir hissəsini özəlləşdirmək planına sahibdir. Planın detalları məlum olmasa da, ölkənin neft ixracı, bununla bərabər gəlirlərinin də azalması prosesinin sürətlənməsi nəticəsində onun icrasının da sürətlənəcəyi hiss olunmaqdadır.

Ölkəmizin neft hasilatı ilə bağlı RƏSMİ AÇIQLAMA – Yeni Çağ Media

Belə ki, Azərbaycanda neft hasilatı gözlənildiyindən daha sürətlə azalır. Rəsmi məlumata əsasən, 2023-cü ilin yanvar ayında ölkədə 2,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 6,9 faiz azdır. 2022-ci ilin yanvarında hasilat 2,9 milyon ton təşkil etmişdi ki, bu da 2021-ci ilin yanvarından 6,1 faiz az idi. Göründüyü kimi, hasilatın azalma tempi sürətlənib. Bununla yanaşı, analitik mərkəzlərin proqnozlarına əsasən 2023-cü ildən etibarən neftin dünya bazar qiyməti geridönməz şəkildə azalmağa başlayacaq. Bu isə yaxın illərdə Azərbaycana daxil olacaq neft gəlirlərinin kəskin azalması deməkdir. Təbii qaz ixracı artsa belə, onun gəlirləri neft ixracından itiriləcək həcmləri kompensasiya edəcək qədər olmayacaq. Belə şəraitdə hökumətin iri şirkətlərin yükündən azad olmaqdan başqa yolu qalmayacaq.

AİH-in idarəetməsinə verilən dövlət şirkətlərinin fəaliyyətində nə qədər dəyişiklik var? Şirkətlərin maliyyə hesabatlarına nəzər yetirdikdə dəyişikliklərin cəmiyyətin gözləntilərindən kəskin şəkildə az olduğunu görmək mümkündür. Bu, ilk növbədə şəffaflıq və hesabatlılığa aiddir. Şirkətlər maliyyə hesabatlarını bəzən 2 illik fasilə ilə açıqlayırlar - əksəriyyət əvvəl də açıqlayırdı - məhdud şəkildə. İdarəetməyə veriləndən sonra açıqlanan hesabatlarda hər hansı keyfiyyət dəyişikliyi yoxdur. Xüsusilə əhalinin geniş kütlələri ilə işləyən kommunal sektor şirkətlərinin fəaliyyətində qapalılıq, səmərəsizlik olduğu kimi qalır.

SOCAR istisna olmaqla, AİH-in idarə etdiyi hər bir şirkətin əlçatan olan son maliyyə göstəricilərini təqdim edirik:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2022-ci ilin I yarısını 48,742 milyon manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Son 3 ildə quru sərhədlərin bağlı olmasından sui-istifadə edərək aviabiletlərin qiymətini kəllə-çarxa qaldıran “Azərbaycan Hava Yolları” QSC (AZAL) da mənfəətə çıxmamaqda israrlıdır. 2023-cü ilin ikinci ayı olmasına rəğmən, QSC hələ də 2021-ci ilə dair maliyyə hesabatını açıqlamayıb. 2020-ci ili isə irihəcmli dövlət dəstəyinə rəğmən 76.41 milyon manatlıq xalis zərərlə başa vurub. Nəticədə milli aviaşirkətin 1 yanvar 2021-ci il tarixinə balansındakı yığılmış zərəri 1 milyard 763.92 milyon manata çatıb.

Nəqliyyat şirkətlərindən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 2021-ci ilə dair 2023-cü ilin yanvarında açıqladığı hesabata görə, həmin ili 25,98 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki səhmdar cəmiyyəti 2020-ci ildən 484,005 milyon manat xalis zərərlə çıxmışdı. Son nəticədə qurumun yığılmış zərəri 0,6 faiz azalaraq 4 milyard 470,997 milyon manata düşüb.

Oxu.az - “Forbes” Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında məqalə yazdı

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) 2020-ci ili 1,338 milyon manat xalis mənfəətlə başa vurub. QSC-nin maliyyə hesabatından aydın olur ki, bu, 2019-cu illə müqayisədə 4,9 dəfə çoxdur.

Bakı Metropoliteni 2021-ci ilə dair maliyyə hesabatını hələ də açıqlamayıb. 2020-ci ili isə 83.54 milyon manatlıq xalis zərərlə başa vurub. Bu, 2019-cu ilin göstəricisindən 51.6 faiz çox idi. 2021-ci il yanvarın 1-nə cəmiyyətin bölüşdürülməmiş ümumi zərəri 565.24 milyon manat məbləğində qiymətləndirilir.

BakıBus MMC-nin 2017-ci ildən bəri heç bir maliyyə hesabatı əlçatan deyil.

Büdcənin ağır yüklərindən biri olan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 2021-ci ildə xalis mənfəəti 2020-ci illə müqayisədə 4,5 dəfə azalaraq 79,2 milyon manat təşkil edib. Belə ki, 2020-ci ildə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 352,9 milyon manat xalis mənfəət əldə etmişdi.

2021-ci il hesabatını hələ açıqlamayan “Təmiz Şəhər” ASC 2020-ci ili 20,065 milyon manat zərərlə başa vurub. Bu, 2019-cu illə müqayisədə 26,5 faiz azdır. Bununla belə, səhmdar cəmiyyətinin yığılmış zərəri 9,1 faiz artaraq 241,33 milyon manata çatıb.

“Azərişıq” ASC 2020-ci ili 2 milyon 866 min manat, 2021-ci ili 12 milyon 666 min manat xalis mənfəətlə başa vurub. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Azərişıq”ın xalis mənfəəti 4,4 dəfə artıb.

“Azərenerji” ASC 2021-ci ildə ilk dəfə mənfəətə çıxıb - ili 147 milyon 227 min manat xalis mənfəətlə başa vurub. Halbuki 2020-ci ili 206 milyon 924 min manat xalis zərərlə bağlamışdı. Xalis mənfəətlə əlaqədar olaraq “Azərenerji”nin yığılmış zərəri 2 milyard 748 milyon 472 min manatdan 2 milyard 601 milyon 245 min manata düşüb (xalis mənfəət qədər azalıb).

Kommunal sektordakı təbii inhisarlardan biri olan “Azərsu” ASC 2021-ci ili 552,23 milyon manat xalis zərərlə başa vurub.

Qurumun maliyyə hesabatına görə, bu, 2020-ci illə müqayisədə 70,9 faiz çoxdur. Son nəticədə səhmdar cəmiyyətin yığılmış zərəri 7,6 faiz artaraq 7 milyard 855,686 milyon manata çatıb.

“Azəristiliktəchizat” ASC 2021-ci ili 10,372 milyon manat zərərlə başa vurub. Halbuki qurum 2020-ci ildən 1,033 milyon manat mənfəətlə çıxmışdı.  Nəticədə 2021-ci ildə səhmdar cəmiyyətinin yığılmış zərəri 11,7 faiz artaraq 98,918 milyon manata çatıb.

AİH-in idarəçiliyində olan Azər Türk Bank 2022-ci ildə 11 milyon manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Beynəlxalq Bankı isə 2022-ci ili 254 milyon 380 min manat xalis mənfəətlə başa vurub. Bank 2021-ci ili 208 milyon 780 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ABB-nin xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 21,8 faiz və ya 45 milyon 600 min manat artıb. Bankın maliyyə sektorundakı payını, dövlətin ona dəstəyini nəzərə aldıqda, bu nəticəni böyük uğur hesab etmək mümkün deyil.

Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) 2021-ci ili 14 milyon 295 min manat zərərlə başa vurub. 2020-ci ildə isə sığorta şirkəti 1 milyon 919 min manat mənfəət etmişdi.

“AzerGold” QSC-nin 2022-ci ilin ilk yarım ilindəki maliyyə hesabatı göstərir ki, onun xalis mənfəəti öncəki illə müqayisədə azalıb. QSC 2022-ci ilin birinci yarısında 11.25 milyon dollar, yaxud 19.07 milyon manat xalis mənfəət əldə edib. 2021-ci ilin eyni dövründə “AzerGold”un xalis mənfəəti 12.75 milyon dollar olub. Bu isə 2022-ci ilin ilk yarısında xalis mənfəətin 11.8 faiz azalması deməkdir.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR