İnsanlara hürriyət, millətlərə istiqlal!

Strateji məhsullar üzrə ehtiyatlarımız artırılır - rəy

496 05.10.2023 11:23 Son xəbər A A

Millət vəkili: “Bu, xüsusilə ərzaq bazarında qiymət volatilliyinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir”

2021-2022-ci illərin görünməmiş qiymət rallisindən sonra 2023-cü ildə dünyanın əksər ölkələrində inflyasiyanın azalması son iki ayda yenidən artımla əvəzlənib. Avqust ayında 38 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə istehlak qiymətləri illik ifadədə 6,4 faiz artıb. Təşkilatın yaydığı məlumata görə, bu, iyulda qeydə alınan 5,9 faizlik inflyasiyanın 5 faiz bəndi sürətlənməsi deməkdir və ardıcıl ikinci aydır ki, qeydə alınıb.

Bildirilir ki, təşkilat üzrə inflyasiyanı sürətləndirən əsas amil Türkiyədə qiymətlərin kəskin bahalaşmasıdır. Avqustda qardaş ölkədə inflyasiya 58 faizdən yuxarı olub. 38 OECD ölkəsindən 14-də inflyasiya sürətlənib, o cümlədən doqquz ölkədə 50 baza bəndi və ya daha yüksək artım qeydə alınıb.

OECD ölkələrində enerji qiymətləri əvvəlki ayda 7,5 faiz azaldıqdan sonra avqustda 1,4 faiz daha azalıb. Ərzaq qiymətləri isə 9,2 faiz bahalaşdıqdan sonra 8,8 faiz də artıb.

Ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətləri (baza inflyasiya) ötən ayda 6,8 faiz, iyulda isə 6,7 faiz artıb.

G7 ölkələrində inflyasiya 3,9 faizdən 4,2 faizə, G20 ölkələrində 5,8 faizdən 6,3 faizə yüksəlib.

Avrozonada qiymət artımı (HICP indeksi) avqust ayında bir ay əvvəlki 5,3 faizdən 5,2 faizə qədər azalıb. Ərzaq və enerji resurslarının qiymətləri nəzərə alınmadan göstəricinin artım tempi 5,5 faizdən 5,3 faizə düşüb.

Ayrı-ayrı ölkələr üzrə nəticələrə baxsaq, inflyasiyanı artıran, yaxud daha çox azalmağa qoymayan əsas amil kimi ərzaq qiymətlərinin çıxış etdiyini görərik. Məsələn, Böyük Britaniyada avqustda illik ərzaq inflyasiyası 13,6 faizə bərabər olub. Azərbaycanda isə illik ərzaq inflyasiyası avqustun yekununda 13,4 faiz təşkil edib. Sentyabrda Almaniyada ümumi inflyasiya azalsa da, ərzaq qiymətləri illik ifadədə 7,5 faiz bahalaşıb. Halbuki BMT dünyada son bir ildə ərzaq qiymətlərində 11,8 faiz enmə qeydə aldığını açıqlayır. BMT-nin məlumatına əsasən, bu dövrdə ət və ət məhsulları 5,4 faiz, süd və süd məhsulları 22,4 faiz, taxıl məhsulları 14,1 faiz, bitki yağları 23 faiz ucuzlaşıb. Son bir ildə yalnız şəkər bahalaşıb. Şəkərin qiyməti 34 faizdən çox yüksəlib.

Azərbaycanda adıçəkilən əsas məhsullardan yalnız buğda və buğda ununun qiymətində, həmçinin çörəkdə ucuzlaşma var. O da qlobal bazardakı ucuzlaşmadan iki dəfə az. Belə ki, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, avqust ayında Azərbaycanda çorək və bulka məmulatları ötən ilin avqustu ilə müqayisədə 5,8 faiz, bu ilin yanvar-avqustunda isə ötən ilin eyni dövrünə nəzərən 13 faiz bahalaşıb. Ötən ilin 8 ayında buğdanın orta idxal qiyməti 1 ton üçün 358,7 dollar, bu ilin eyni dövründə isə 274,7 dollar təşkil edib. Bu, idxal olunan buğdanın qiymətinin son bir ildə 23,4 faiz azalması deməkdir. Lakin bu azalmanı biz son məhsullarda çox cüzi səviyyədə hiss edirik, undan hazırlanan makaron məmulatlarında isə əksinə, bahalaşma var.

Analitiklərə görə, koronavirus pandemiyası, daha sonra Rusiyanın Ukraynaya hücumu nəticəsində qlobal ərzaq bazarındakı bahalaşma əksər inkişaf etmiş ölkələrdə ərzaq ehtiyatlarını artırmaq prosesini sürətləndirib: dövlətlər daha çox ehtiyat toplamaq yarışına giriblər. Məsələn, dünyanın ən çox əhalisi olan ölkələrindən biri olan Çinin anbarlarında qlobal buğda ehtiyatlarının yarıdan çoxu saxlanılır. ABŞ, Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə də ehtiyatların həcmi durmadan artırılır ki, bu da bazarda tələbin təklifi üstələyərək, bahalaşma yaratmasına səbəb olur.

Qeyd edək ki, 2022-ci ildən etibarən Azərbaycanda da strateji məhsulların ehtiyatlarının artırılmasına başlanılıb. Ötən il dövlət 2 aylıq müddətdən artıq dövr üçün ehtiyat formalaşdıran özəl şirkətlərə dotasiya ödəyir. İndi isə Milli Məclisdə strateji məhsulların dövlət ehtiyatlarının yaradılması, onların idarə olunması prosesini tənzimləyən “Dövlət ehtiyatları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə 4 fəsil və 14 maddədən ibarətdir və dövlət ehtiyatlarının yaradılması və idarə edilməsi sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.

Layihəyə əsasən, dövlət ehtiyatları ilə bağlı dövlətin vəzifələri, dövlət qurumlarının fəaliyyəti müəyyənləşir. Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək; strateji ehtiyatların və Azərbaycan Respublikasının mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların tədarükünü, eləcə də təchizatçıların seçilməsini təmin etmək; strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq; ölkənin ərzaq balansını tərtib etməkdən ibarət olacaq.

Layihə dövlət ehtiyatlarının təyinat istiqamətlərini müəyyənləşdirir. Onlara strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığının təmin edilməsi; strateji əhəmiyyətli mallar üzrə daxili bazarda qısamüddətli kəskin qiymət artmasının qarşısının alınması; fövqəladə, müdafiə və səfərbərlik ehtiyaclarının təmin edilməsi; humanitar yardımın təmin edilməsi daxildir.

Fövqəladə ehtiyatlar dedikdə fövqəladə hadisələrin qarşısını almaq, onların təsirini aradan qaldırmaq və strateji əhəmiyyətli obyektlərin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə Azərbaycanın mülki müdafiə tədbirləri çərçivəsində yaradılan ehtiyatlar başa düşüləcək.

Ölkənin istehlak bazarında strateji əhəmiyyətli mallar isə ölkənin bir sıra ərzaq malları, yanacaq materialları, tibb və dərman vasitələri ilə təchizatının dayanıqlığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması məqsədilə monitorinqi aparılan əhalinin gündəlik istehlak etdiyi həyat əhəmiyyətli malların məcmusunu nəzərdə tutur.

Qanunda strateji əhəmiyyətli malların siyahısının təsdiqlənməsi nəzərdə tutulur. Siyahı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək və onların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçiriləcək. Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən strateji əhəmiyyətli malların siyahısı əsasında müəyyən edilir.

Strateji ehtiyatların minimal həcmi dövlət ehtiyatları üzrə məsul orqan, bazar iştirakçıları tərəfindən təmin edilən malların minimal həcmi isə bazar iştirakçıları tərəfindən təmin edilir.

Strateji ehtiyatların brondan çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət ehtiyatları üzrə məsul orqan tərəfindən həyata keçiriləcək. Brondan çıxarılan mallar yeniləşdirilə və dəyişdirilə bilməz.

Layihəyə əsasən, dövlət ehtiyatları üzrə məsul orqan dövlət ehtiyatlarının mövcudluğuna, keyfiyyətinə və saxlanma şəraitinə nəzarət edəcək və onların uçotunu aparacaq. Dövlət ehtiyatlarına aid olan malların uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Məsul saxlayıcılar saxladıqları dövlət ehtiyatlarının sayının (həcminin), keyfiyyətinin, eləcə də saxlanma şəraitinin qanunla müəyyən olunmuş tələblərə uyğun olmasına görə cavabdehdirlər.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, qanunun əsas məqsədlərindən biri strateji məhsullar üzrə qiymətlərin optimallaşdırılması və kəskin qiymət artımlarının qarşısını almaqdan ibarətdir: “Nəzərə alsaq ki, oxşar praktika Rusiya-Ukrayna müharibəsindən sonra bir sıra strateji məhsulların, o cümlədən taxılın qiyməti ilə bağlı qeydə alınıb. Dövlət taxılın dünya bazar qiymətinin kəskin artımı fonunda daxili bazarda taxıl məhsullarının bahalaşmasının qarşısını almaq üçün öz ehtiyatlarından istifadə etdi. Yeni qanun 3 növ ehtiyatların formalaşdırılmasına, xüsusilə də strateji ehtiyatların həcminin artırılmasına imkan verəcək. Eyni zamanda dövlət ehtiyatlarının formalaşdırılması prosesində özəl şirkətlərlə əməkdaşlıq olunacaq”.

Millət vəkili deyir ki, strateji məhsullar üzrə dövlət ehtiyatlarının artırılması Azərbaycan bazarında qiymət volatilliyinin qarşısının alınması baxımından da mühüm əhəmiyyət kəsb edir: “Dövlətin əlində xüsusilə ərzaq bazarında baş verə biləcək kəskin dəyişikliklərə qarşı effektiv vasitə formalaşacaq. Məlumdur ki, ərzaq bazarı strateji bazardır və oradakı proseslərə əhalinin həssaslığı yüksək həddədir. Strateji ərzaq məhsulları üzrə yetərincə ehtiyatların yaradılması bu sahədə gözlənilməzlikləri önləmək baxımından mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, hesab edirik ki, dövlətin əsas strateji məhsulların ehtiyatlarının yaradılması sahəsində fəaliyyətlərin aktivləşdirilməsi doğru yanaşmadır. Pandemiya, daha sonra Ukraynadakı müharibənin yaratdığı reallıqlar bunu tələb edir”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR