SSRİ-də naməlum uçan obyektlərlə (UFO) bağlı aparılmış gizli araşdırmaları əks etdirən, 30 il əvvəl Rusiyadan gizlicə çıxarılmış sənədlər nəhayət ictimaiyyətə açıqlanıb. Sənədlər sovet hakimiyyətinin rəsmi olaraq UFO-ları “amerikan imperialistlərinin uydurması” adlandırmasına baxmayaraq, fenomenin onilliklər boyu ciddi şəkildə araşdırıldığını göstərir.
Musavat.com xəbər verir ki, sənədləri 1993-cü ildə Rusiyadan gizlicə çıxaran və bu ilin 16 yanvarında səssiz şəkildə dərc edən şəxs məşhur amerikalı jurnalist Corc Knappdır. Materiallar SSRİ və daha sonra Rusiya Federasiyasının UFO müşahidələri, iddia edilən yadplanetli görüşləri və hətta qaçırılma halları ilə bağlı minlərlə məlumatı topladığını ortaya qoyur.
Gizli proqramlar və artan müşahidələr
Sənədlərə əsasən, SSRİ-də bir neçə rəsmi UFO tədqiqat proqramı mövcud olub:
“Set-AN” – 1979-cu ildən,
“Qalaktika-MD” – 1981–1985-ci illərdə,
“Pluton-7” – 1989–1990-cı illərdə,
və hazırda da davam etdiyi iddia edilən “Nit-3” proqramı.
1993-cü ilə aid hesabatda bildirilir ki, UFO müşahidələrinin və onlarla qarşılıqlı təmasların sayı xüsusilə 1978-ci ildən sonra “əhəmiyyətli dərəcədə artıb”. Hökumət bir sıra şahid ifadələrini kifayət qədər etibarlı hesab edərək dərin araşdırmaya cəlb edib.
Şok yaradan epizodlar
Sənədlərdə yer alan bəzi hadisələr xüsusilə diqqət çəkir:
Nalçik hadisəsi (13 fevral 1989):
Kabardin-Balkar paytaxtı Nalçik üzərində yüzlərlə insan eni təxminən 450 fut olan, yer səthindən 300 fut hündürlükdə uçan “meduza formalı” nəhəng UFO gördüyünü bildirib. Qırmızı işıq şəhər üzərinə enib, sonra yaşıl işıq nöqtələrinə bölünüb, 10 dəqiqə sonra yenidən birləşərək göyə qalxıb. 90 dəqiqə sonra isə böyük və daha çevik kiçik aparat birlikdə yenidən peyda olub və yoxa çıxıb. Şahidlər arasında hərbçilər, hava limanı əməkdaşları və astronomlar olub.
Anatoli Malişevin iddiası (21 iyul 1975):
18 yaşlı Malişev Kabardin-Balkariyada gəzinti zamanı yadplanetli gəmi tərəfindən başqa planetə aparıldığını deyib. Onun sözlərinə görə, gümüşü diskdən çıxan üç humanoid (onlardan biri qadın olub) onu müayinə edib. İddia edilən planet ulduzsuz, daxildən işıqlanan və Yerdən üç işıq ili uzaqlıqda yerləşirmiş. Sovet müstəntiqi Malişevi illərlə tanıdığını və onun “fantaziyaya meyilli olmayan, dürüst insan” olduğunu bildirib.
Qazaxıstan hadisəsi (27 iyun 1979):
Dərjavinsk yaxınlığında uşaqlar və böyüklərdən ibarət qrupun 3 metr hündürlüyündə, qara rəngli, çəhrayı parlaq gözlü nəhəng humanoidlərlə qarşılaşdığı iddia olunur. Təxminən bir il sonra aparılan sorğuda uşaqların hadisəni eyni cür xatırladığı qeyd edilib.
Sənədlər UFO-ların mənşəyi ilə bağlı qəti nəticə vermir, lakin onların “əlavə araşdırmaya layiq” olduğunu vurğulayır. Corc Knappın tərəfdaşı, “Weaponized” podkastının həmmüəllifi araşdırmaçı jurnalist Ceremi Korbell bildirib ki, bu sənədlər Rusiyanın UFO fenomeninə nə qədər ciddi yanaşdığını göstərir və mövcud bilik bazasını xeyli genişləndirir.
Musavat.com






