İnsanlara hürriyət, millətlərə istiqlal!

“Soyqırım”, “blokada” deyənlərə Bakıda şillə kimi CAVAB VERİLDİ

2675 27.04.2023 17:36 Siyasət A A

Prezident İlham Əliyev Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanı qəbul edərkən bildirib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından və 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Ermənistan öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir. Bu xüsusda dövlət başçısı vurğulayıb ki, Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarmır və Laçın dəhlizindən sui-istifadə edərək Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsulların daşınmasını həyata keçirirdi.

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasından da danışıb. Ölkə başçısı qeyd edib ki, sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüququdur.

fransa.jpg (98 KB)

Fransa XİN başçısı isə bildirib ki, “biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəyirik”. Ketrin Kolonna əlavə edib ki, Emmanuel Makron Azərbaycan Prezidenti ilə açıq və mütəmadi əlaqələrə çox önəm verir.

Azərbaycan-Fransa münasibətlərini nə gözləyir?

Politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın regiona səfəri əvvəlcədən planlaşdırılmışdı.

ilyas.jpg (91 KB)

Politoloq vurğulayıb ki, Fransa regionda təhlükəsizliyin qorunmasına şərait yaratmalıdır:

“Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Biz bilirik ki, ötən dövr ərzində çox ziddiyyətli Azərbaycan-Fransa münasibətləri hökm sürüb. Bu, məhz Parisin qərəzli münasibəti, selektiv yanaşması sayəsində mümkün olub. Lakin müxtəlif problemləri aradan qaldırmağın zamanı da çatmalıdır. Dünyanın müxtəlif güc mərkəzi regionda güclü siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat imkanlarına malik Azərbaycanla hesablaşmalı və regiondakı yeni reallıqları qəbul etməlidir. Necə ki, bu reallıqları Fransa da daxil olmaqla, digər güc mərkəzləri və dövlətlər də qəbul ediblər.

2,5 il ərzində Fransanın qərəzli münasibəti ictimai rəydə də çox neqativ təsir bağışlayır. Eyni zamanda Fransa hökumət və qanunvericilik orqanı səviyyəsində çox qərəzli addımlar atıb, açıqlamalar, bəyanatlar verib. Biz nəzərə alırıq ki, Fransada güclü erməni lobbisi var. Erməni lobbisi Makronun ikinci dəfə prezident seçilməsində fəal iştirak edib. Fransa hökuməti verilən vədləri yerinə yetirmək üçün əlindən gələni edir, Cənubi Qafqazda varlığını saxlamaq üçün çalışır. Heç kimə sirr deyil ki, Avropa İttifaqının Ermənistanda olan mülki missiyası da Fransanın güclü dəstəyi sayəsində ora təşrif buyurub. Fransa həm də qərəzli şəkildə erməni yalanlarına aldanaraq Azərbaycan ekoloqlarının Laçın-Xankəndi yolunda həyata keçirdiyi aksiyanı “blokada”, “soyqırım”, “məhdudiyyətlər” və digər formada qəbul edir. Bu da çox yanlışdır, çünki həm nəzarət-buraxılış məntəqəsinin qurulması, həm də Azərbaycan sərvətlərinin talanmasına qarşı vətəndaş cəmiyyətinin təpkisi Azərbaycanın suveren hüququdur. Azərbaycan Qarabağda olan etnik ermənilərin təhlükəsizliyini, hüquqlarını tam həcmdə təmin edir, reinteqrasiya prosesi getdikcə gücləndirilməlidir.

Hər şey Fransanın davranışlarından asılı olacaq. Biz regionda sülhün gücləndirilməsi niyyətindəyik, daxili işlərimizə qarışmağın əleyhinəyik”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR