İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet dövrünün ən böyük amnistiyası – məhbusların kütləvi azadlığa buraxılması hansı zərurətdən yaranıb?

1966 30.05.2024 18:12 Yaxın tarix A A

SSRİ tarixində tətbiqinin genişliyinə görə ən böyük amnistiya aktı 27 mart 1953-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilov tərəfindən imzalanıb. Bu fərmanla 1 milyon 300 minə yaxın məhbus azadlığa çıxıb. Amnistiya aktına görə 551500 nəfər 5 ilə qədər cəza müddətləri olanlar, 49745 nəfər 5 ildən artıq cəza alan təsərrüfat rəhbərləri və hərbi xidmətdə cinayət törədənlər, 57132 nəfər himayəsində 10 yaşa qədər uşaqları olan cinayət törətmiş qadınlar, 6013 nəfər cinayət törətmiş hamilə qadınlar, 5684 nəfər yetkinlik yaşına çatmayanlar, 42210 nəfər 55 yaşdan yuxarı olan kişilər, 18044 nəfər 50 yaşdan yuxarı olan qadınlar, 43411 nəfər ağır xəstəliyi olan məhbuslar, 300 mindən artıq istintaqı davam edən və cəza gözləyənlər cəzalarından azad olunublar. Bu akt tarixə “Voroşilov amnistisiyası” kimi düşüb. Əslində isə məhbusların kütləvi şəkildə azadlığa buraxılması heç də Voroşilovun təşəbbüsü olmayıb.

Kütləvi amnistiyanın tətbiq edilməsi təklifi ilk olaraq Lavrenti Beriya tərəfindən irəli sürülüb. 1953-cü ilin martın 15-də, İosif Stalinin dəfnindən sonra Lavrenti Beriya yeni strukturda daxili işlər naziri vəzifəsini tutanda, mövqelərini möhkəmlətmək, ölkənin əsas söz sahiblərindən biri olmaq üçün bütün vasitələrə əl atıb. Məhz həmin ərəfədə yüksəkçinli dövlət məmurları arasında ən iddialı, ən təhlükəli və həm də ən qəzəbli şəxs sayılan Beriyanın yeni vəzifəsindəki amnistiya təklifi həm Kremldə, həm də cəmiyyətdə birmənalı qarşılanmayıb.

5__pos.jpg (133 KB)

Beriya SSRİ Nazirlər Sovetinin sədri Georgi Malenkova məxfi məktub göndərərək kütləvi amnistiyanın tətbiq edilməsini vacib sayıb. O, həbsxanalarda və düşərgələrdə 3 milyona yaxın məhbusun olduğunu, cəzaların təsnifatını, yaşa, cinsə, cinayət maddələrinə görə cəza müddətlərini geniş təhlil edərək, dövlətin cinayət-hüquq sahəsində islahatlara ehtiyac olduğunu məktubda xüsusilə qeyd edib.

Zamanında yüz milyonlarla insanın həbs olunmasına imza atan Beriyanın belə “mərhəmət” sahibi olması qəribə və qeyri-adi görünüb. Bütün siyasi fəaliyyəti dövründə Beriya ilə dostluq münasibətləri olan, onu dəstəkləyən və ondan çəkinən Malenkov daxili işlər naziri tərəfindən ona ünvanlanan məktuba müsbət reaksiya verib və amnistiya ilə bağlı fərman imzalanmaq üçün SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilovla bu məsələni müzakirə edərək ortaq razılığa gəliblər.

Maraqlıdır, Beriya amnistiya tətbiq etməkdə  hansı məqsədi güdüb? O, bu amnistiyadan sonra ölkədə cinayət hadisələrinin artacağını nəzərə almayıbmı? Ümumiyyətlə, Stalindən sonrakı mövcud mürəkkəb şəraitdə bu amnistiyaya zərurət olubmu?

5aba59e7183561502d8b4596.jpg (75 KB)

Dövrün hüquq ekspertlərinin qənaətinə görə amnistiya haqqında fərmanın imzalanmasına nail olan Beriya hər şeyi əvvəlcədən planlaşdırıb. Beriya özü də yaxşı bilib ki, eyni vaxtda bir milyondan artıq məhbusun azadlığa çıxmasının ciddi fəsadları olacaq. O, bununla ölkədə kriminogen vəziyyətin kəskinləşməsinə, cinayət hadisələrinin kəskin artmasına nail olmaq istəyib. Və o, yaxşı anlayıb ki, ölkədə ictimai sabitlik pozulduqdan sonra Kreml Daxili İşlər Nazirliyinin səlahiyyətlərini artıracaq, nazir kimi o, özü də müstəsna səlahiyyətlərə sahib olacaq.

Beriyanın əvvəlcədən düşündüyü bu planın birinci mərhələsi “uğurla” alınıb. Amnistiyadan sonra 1952-ci illə müqayisədə soyğunçuluq 146 faiz, kiçik oğurluq 143 faiz, zorlama 54 faiz, qəsdən adamöldürmə 43 faiz, qanunsuz silah gəzdirmə 135 faiz, digər cinayət hadisələri 70-80 faiz artıb.

Müharibədən sonrakı SSRİ-də vətəndaşların sosial və maddi vəziyyətinin aşağı olması, azadlığa çıxan məhbusların işsizlik problemi cinayət hadisələrinin artmasına daha da rəvac verib.

Təbii ki, ölkəni bürüyən cinayət hadisələri Kremli narahat edib. Bu da öz növbəsində daxili işlər orqanlarında yeni strukturların yaradılması, şəxsi heyətin sayının artırılması, DİN-ə yeni səlahiyyətlərin verilməsi zərurətini yaradıb.

Beriya qısa müddətdə bu vəziyyətdən yararlanıb, kadr islahatlarına başlayıb, müttəfiq respublikalara, diyar və vilayətlərə öz adamlarını yerləşdirib. Onun bu fəallığı diqqətdən yayınmayıb. Malenkovu zərərsizləşdirərək hakimiyyəti əlinə alan Nikita Xruşşov Beriyanın “islahat”larının nə ilə nəticələnə biləcəyini yaxşı anlayıb. Güc strukturunda Beriyanın varlığı Xruşşov üçün ən böyük təhlükəyə çevrilib və o, çox tezliklə Beriyanı aradan götürməyə nail olub.

542793_800.jpg (112 KB)

“Voroşilov amnistiyası” sonralar dəfələrlə Kremldə müzakirə mövzusuna çevrilib. Xruşşov bu amnistiya fərmanını imzaladığına görə Voroşilovu Siyasi Büronun iclasında sərt tənqid edib. O, 1953-cü ildə noyabr plenumunda da növbəti dəfə bu məsələyə özünəməxsus reaksiya verib:

“Voroşilov bu fərmana imza atanda “harası” ilə düşündüyü mənə indiyə qədər də məlum deyil. Əgər başı ilə düşünsəydi, buna yol verməzdi. Yəqin ki, yoldaş Voroşilov Beriyanın “mərhəmətinə” inanıb. Milyondan artıq cinayətkarı azadlığa buraxaraq özünü onların və Beriya kimi cinayətkarın mühasirəsinə salıb. İndi isə buna görə biz daha çox əziyyət çəkirik, cinayət hadisələrinin statistikası dəhşətli fakt kimi hər gün bizi narahat edir. Bu cinayətkarlarla kommunizmə doğru getmək bizim üçün yetərincə problemlər yaradır. Amma biz bunun da öhdəsindən gələcəyik...”

Beləliklə, “Voroşilov amnistiyası”, yaxud da  “Beriya amnistiyası” tarixə dövlətin humanist siyasət tədbiri kimi deyil, Beriyanın şəxsi maraqlarına xidmət edən bir hadisə kimi düşüb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR