İnsanlara hürriyət, millətlərə istiqlal!

Sonuncu Brüssel görüşü nə ilə yadda qaldı?

963 09.04.2022 11:31 Yazarlar A A

Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinə tövsiyə olundu ki, sülh sazişi üzərində işə başlasınlar. Güman ki, bu, sonuncu Brüssel görüşünün ən əsas nəticəsidir.

Məsələ bundadır ki, əgər tərəflər sülh sazişinin hazırlanmasına yaxındırlarsa, bu, o deməkdir ki, artıq ortaq məxrəc var, yəni onların mövqeləri kifayət qədər yaxındır.

Amma biz elə də optimist deyilik. Ona görə ki, İrəvanın etimad limiti çox da böyük deyil. Onlar bir şey deyir və başqa cür hərəkət edirlər.

Məsələn, tərəflər arasında Zəngəzur dəhlizi ilə bağlı danışıqlar alınmadı – Azərbaycan problemi qonşu İranla həll etməli oldu və qərara alındı ki, Naxçıvanla Azərbaycanın qalan hissəsini birləşdirən dəmiryol xətti İrandan keçsin.

Ola bilsin, bu, qəribə səslənəcək, amma biz şadıq ki, Ermənistanla Zəngəzur dəhlizilə bağlı danışıqlar alınmadı. Çünki o, alınsaydı, İrəvanın Naxçıvana aparan dəmiryol xəttinə nəzarət etmək imkanı yaranacaqdı. Qeyd edək ki, bunu biz vaxtilə Bakı – Tiflis – Qars xətti haqqında da yazmışdıq, bu xətt də Gürcüstanın Cavaxetitiyasından keçir.

Amma bu, Azərbaycanla Ermənistan arasındakı yeganə problem deyil. Prosesdə Rusiya da öz rolunu oynamalıdır, amma o, hazırda Ukrayna müharibəsilə məşğuldur. İnanmaq olmur ki, indiki vəziyyətdə Qərb diplomatları Rusiya ilə bir masa arxaında oturub Dağlıq Qarabağla bağlı danışıqlar aparsın. Rusiya və Minsk qrupu Azərbaycana təzyiq göstərmək üçün hazırda yeganə rıçaqlardır. Əvvəllər İrəvanın sərəncamında işğal olunmuş rayonlar vardı və İrəvan onların vasitəsilə daim Bakıya təzyiq göstərirdi. Amma o çağlar artıq arxada qalıb. İndi bir Moskva var və bir də suyu təzədən bulandırmaq istəyən Minsk qrupu...

Yenə də tələsməyək. Yaxşı olar ki, prosesin davamını gözləyək. İndi bizim İrəvana təzyiq imkanlarımız daha çoxdur. Paralel olraq Ankara – İrəvan danışıqları da gedir və Türkiyə siyasətini Azərbaycanla razılaşdırır ki, bu da İrəvana qarşı daha bir təzyiq yoludur.

Bütün hallarda bu il həlledici olmalıdır. Brüssel danışıqları gələcək diplomatik prosesin də formatını müəyyən edib - əgər tövsiyə nazirlərə olubsa, bu, o deməkdir ki, danışıqlar da bu formatda keçəcək. Amma 44 günlük müharibədən sonra bu məsələ spontan şəkildə həllini tapmışdı, Ermənilər ATƏT-dən Bakı ilə danışıqlara başlamaq üçün şərait yaratmasını elə tələb edir ki, guya tərəflərin belə təcrübəsi yoxdur.

Bu bir daha göstərir ki, ermənilər prosesi uzatmaq üçün çöpdən belə yapışmağa hazırdırlar. Rus sülhməramlıları erməni separatçılarının fokuslarına bir qayda olaraq göz yummalarına baxmayaraq, bu dəfə alınmaycaq.

Azərbaycan ordusunun Fərrux yüksəkliyini götürməsi ermənilər üçün dərs olmalıdır. Atəşkəs rejiminin pozulması Bakı üçün yeni əraziləri qaytarmaqçün bir fürsət ola bilər. İrəvan bunu anlasa, çox yaxşı olar, hətta danışıqlar prosesi də sürətlənə bilər. Belədə isə İrəvanda başa düşməlidirlər ki, yüzdəyüz uduzulmuş partiyanı davam etdirməyin heç bir mənası yoxdur. Düzdür, İravanı pat da qane edir. Amma oyun çoxdan bitib, özü də matla...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR