Ermənistanda iyunun 7-də baş tutan parlament seçkilərindən sonra baş nazir Nikol Paşinyan hökumətinin yaxın aylarda Avropa İttifaqına inteqrasiya siyasətini davam etdirəcəyi, eyni zamanda Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışacağı proqnozlaşdırılır. Lakin ABŞ-ın "Stratfor" analitik mərkəzinin qiymətləndirməsinə görə, Baş nazir Nikol Paşinyanın parlamentdə konstitusiya dəyişiklikləri üçün kifayət qədər dəstəyi olmadığından bu istiqamətdə ciddi irəliləyiş gözlənilmir.
Mərkəzin hesabatında bildirilir ki, Rusiyanın regiondakı təsirinin zəifləməsi fonunda Türkiyə sülh prosesinin davam etdirilməsi üçün daha fəal rol oynaya bilər. Eyni zamanda, yekun sülh sazişi imzalanmasa belə, sərhədlərin mərhələli açılması, nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi kimi addımların normallaşma prosesini davam etdirə biləcəyi vurğulanır.
Paşinyan daxili siyasi maneələri aşaraq Azərbaycanla sülh prosesini irəli apara biləcəkmi? Türkiyənin vasitəçilik səyləri nəticə verəcəkmi? Rusiyanın mümkün təzyiqləri Cənubi Qafqazda normallaşma prosesinə necə təsir göstərəcək?
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a bildirdi ki, "Stratfor"un bu şəkildə qiymətləndirməsi əslində Cənubi Qafqazda sülh prosesinin qarşıdakı dövrdə hansı çətinliklərlə üzləşə biləcəyini göstərir: "Biz haqlı olaraq hesab edirik ki, davamlı sülh yalnız hüquqi bazanın tam uyğunlaşdırılması ilə mümkündür. Məhz buna görə də konstitusiya dəyişikliyi Azərbaycan üçün texniki məsələ deyil. Bu, strateji əhəmiyyət daşıyan bir məsələdir. Bəli, mövcud parlament nisbəti nəzərə alınarsa, Nikol Paşinyanın bu dəyişikliyi yaxın perspektivdə təkbaşına həyata keçirməsi kifayət qədər çətin görünür. Bu isə sülh sazişinin imzalanması prosesini ləngidən əsas amillərdən biri olaraq qalır.
Düzdür, Paşinyan hökuməti konstitusiya dəyişikliyi baş vermədən də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində müəyyən praktiki addımlar ata bilər. Sərhəd-keçid məntəqələrinin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar dialoqun inkişafı tərəflər arasında etimadın artırılmasına xidmət edə bilər. Lakin bunlar yekun siyasi razılaşmanı əvəz etmir. Əsas hüquqi və siyasi məsələlər həll edilmədiyi müddətdə normallaşma prosesi məhdud çərçivədə qalmaqda davam edəcək.
Bu prosesdə Türkiyənin rolu xüsusi diqqət çəkir. Ankara həm Azərbaycanın strateji müttəfiqi, həm də Ermənistanla normallaşma prosesinin iştirakçısı kimi unikal mövqeyə malikdir. Türkiyə regionda sabitliyin möhkəmlənməsində, Zəngəzur dəhlizi də daxil olmaqla nəqliyyat layihələrinin reallaşmasında və iqtisadi inteqrasiyanın genişlənməsində maraqlıdır. Amma bu, Ankaranın Bakını diplomatik prosesi davam etdirməyə təşviq etmək üçün hansısa addımlar atacağı anlamına gəlmir. Türkiyənin mövqeyi indiyədək ardıcıl olaraq Azərbaycanla koordinasiya əsasında formalaşıb və Ankara dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin tam normallaşması Azərbaycan-Ermənistan sülh prosesindən ayrı deyil.
Digər mühüm amil Rusiyanın bölgədəki maraqlarıdır. Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədiyi sirr deyil. Amma buna baxmayaraq Rusiya regionu öz ənənəvi təsir zonası kimi görməkdə davam edir".
Politoloqun fikrincə, Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu sürətləndirməsi və Qərblə yaxınlaşması Moskva tərəfindən geosiyasi çağırış kimi qəbul olunur və bu səbəbdən də Rusiya siyasi, iqtisadi və informasiya alətləri vasitəsilə İrəvanı təzyiq altında saxlamağa cəhdlər edir: "Ermənistanın bu təzyiqlərdən qoruna bilməsi üçün isə Rusiyanın iqtisadi və təhlükəsizlik asılılığından qurtarması lazımdır. Bunun yolu isə Azərbaycanla sülhdən və təbii olaraq Türkiyə ilə münasibətlərin normallaşmasından keçir. Odur ki, Paşinyan və onun hökuməti nəyin bahasına olursa olsun Konstitusiya dəyişikliyinin yolunu tapmalıdırlar. Buna necə nail olacaqları isə onların işidir".
Cavanşir Abbaslı
Musavat.com






