Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə müharibənin dayandırılması üçün Kiyevin Donbasdan qoşunlarını çıxarmalı və Rusiyanın ilhaq etdiyi əraziləri hüquqi baxımdan tanımalı olduğunu bildirib. Kreml bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə müharibənin dərhal başa çata biləcəyini iddia edir.
Bəs bu bəyanat nə dərəcədə realdır və sülh perspektivinə necə təsir göstərə bilər? Ukraynanın Donbasdan tam geri çəkilməsi və Rusiyanın ilhaq etdiyi əraziləri tanıması praktikada nə dərəcədə mümkündür?

Siyasi şərhçi Heydər Oğuzun Musavat.com-a açıqlamasına görə, Rusiya II Dünya müharibəsindən əvvəl Finlandiya ilə apardığı qısamüddətli müharibənin nəticələrindən yanlış nəticə çıxarıb və bu tarixi təcrübənin Ukraynada da təkrarlanacağına ümid edir:
“İndi də sülh naminə eyni hadisələrin təkrarlanacağına güvəndiyindən Ukraynadan ala bilmədiyi əraziləri istəyir. Məlum olduğu kimi, faşist Almaniyası ilə sövdələşmələrə gedən SSRİ 1939-cu ilin 30 noyabr tarixində Finlandiyaya hücum etmişdi. Cəmi bir neçə milyon əhalisi olan Finlandiyanı qısa müddətdə alıb Fin körfəzinə tamamilə hakim olacağını düşünürdü. Bugünkü Ukrayna müharibəsində olduğu kimi, Finlandiya ilə müharibə zamanı da Rusiya çıxılmaz vəziyyətə düşərək ağır bir bataqlığa saplandı. Çünki Stalinin dövründə peşəkar döyüşçülərin hamısı repressiyaya məruz qalmışdı və yeni zabitlərin müstəqil düşüncələri yox idi. Rusiya xeyli sayda itkilər verirdi. Sonda dünya dövlətlərinə ağız açıb müharibənin bitirilməsini gözləməyə başladı. Finlərin də yetərli sayda əsgəri olmadığından və tədricən yaz ayları gəldiyindən Avropa dövlətlərinin təlqini ilə ruslara ərazilərinin 10 faizini, o cümlədən Kareliyanı və Ladoqa gölü ətrafını güzəştə getdilər. Görünür, bu səbəbdən də ruslar uğur qazana bilmədiyi əraziləri müharibə hədə-qorxuları ilə ala biləcəklərinə inanıblar. Fin savaşından 90 ilə yaxın zaman keçsə də, yanlış tarixi təcrübələr Moskvanı pis öyrədib. Kremldə elə bilirlər ki, Qərbdəki güc mərkəzləri ekskalasiyanın artmaması və müharibənin bütün qitəyə yayılmaması üçün Ukraynaya da Finlandiya kimi təzyiq göstərəcəklər və Moskva asan qələbə qazanacaq”.
H.Oğuzun fikrincə, Rusiyanın ümidlərinin əksinə, Fin savaşının nəticələrinin Ukraynada da təkrarlanması üçün zəmin yoxdur:
“1939-cu ildə həm Almaniya, həm də Rusiya Avropa ölkələrini təhdid edirdi. Avropanın digər ölkələri isə hər ikisinə qarşı eyni anda bacara bilməyəcəklərini düşünüb həm Almaniyanı, həm də Rusiyanı bəzi qənimətlərlə sakitləşdirmək istəyirdilər. Amma Avropa güzəştə getdikcə, bu dövlətlərin iştahası da böyüyürdü. Almaniya qısa müddətdən sonra SSRİ-yə hücum etdi. Beləcə “sülh xətrinə işğal” siyasəti fiaskoya uğradı və Avropa dövlətləri II Dünya müharibəsinin ən ağır dövrünə qədəm qoydu. Nəticədə bütün dünyada 70-85 milyon insan həyatını itirdi. Avropa tamamilə ABŞ-nin və qismən SSRİ-nin təsir dairəsinə düşdü. Bununla da təcavüzə qarşı güzəşt siyasətinin bir işə yaramadığını anlayan Avropa ölkələri indiyədək bu vəziyyətdən çıxmaq uğrunda çabalayır. Ona görə də Ukrayna məsələsində nəinki güzəştə getmək barədə düşünürlər, əksinə, savaşı Rusiyanı bitirmə müharibəsinə çevirməyə çalışırlar. Odur ki, Rusiyanın xam xəyallara düşməsi absurddur və bu ölkənin xilası təcavüzkar siyasətdən əl çəkib Ukrayna ilə ədalətli sülh sazişi bağlamaqdan keçir”.
Xalidə Gəray
Musavat.com






