İnsanlara hürriyət, millətlərə istiqlal!

Şıxlinskinin bu vəsiyyəti bugünkü “yas industriyası” üçün ağır ittiham aktıdır – Rəhmətliklər yığıb bizi boğaza...

1496 29.12.2025 23:33 Son xəbər A A

Bu yazı “Artilleriya Allahı”, Azərbaycanın görkəmli hərbi xadimi, Rusiya İmperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövrünün məşhur topçu generalı Əliağa Şıxlinskinin hərbi uğurları haqqında deyil. Məşhur generalın bu gün də aktuallığını saxlayan vəsiyyəti haqqındadır.

Elə bir vəsiyyət ki, yüz ilə yaxındır yazılıb, amma bu gün oxunanda adamın sanki üzünə sillə kimi dəyir.

Əliağa Şıxlinski ölümündən əvvəl açıq və dəqiq şəkildə yazır: “Əgər mən yataq xəstəsi olsam, məni xəstəxanaya göndərin. Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, birbaşa xəstəxanadan qəbiristanlığa aparın. Qəzetdə elan verməyin. Dəfn xərclərinin az olmasına çalışın. Heç bir ehsan verməyin, bu,həmişə gərəksizdir, müasir çətinlikləri nəzərə alsaq isə qəbahətdir…”

Bu sətirlər cəmiyyətə ünvanlanmış açıq ittihamdır. Sanki mərhum general Əliağa Şıxlinski bu günü görürdü. Bu gün keçirilən yas məclisləri ölüm yox, nümayiş səhnəsini xatırladır. Bu gün Azərbaycanda ölüm sükutla qarşılanmır, şouya çevrilir. Sadə vida mərasimi yerini yas mərasimləri marafonuna verib. Cənazə mütləq evə gətirilməlidir, küçə bağlanmalıdır, qonşular, qohumlar, “tanış-tunuş” axın etməlidir. Mərhumun yaxınları onun ölümündən sonra ona 3, 7, 40 və bəzən də 52 günlük yas mərasimləri verirlər. Bütün bunların adı da “adətdir”.

Bəs İslam nə deyir?

İslam sadəlik deyir. İslam israfı qadağan edir. İslam ölünü deyil, dirini qorumağı əmr edir. Biz isə ölünün arxasınca diriləri sosial və maliyyə uçurumuna sürükləyirik. Əliağa Şıxlinski bunu 100 il əvvəl açıq deyirdi: “Ehsan verməyin… bu, qəbahətdir”.

Bu cümlə bu gün xüsusilə ağır səslənir. Müasir çətinliklər dövründə yaşayırıq, amma ən böyük israf məhz yas süfrələrində edilir.
Əliağa Şıxlinski tabutunun necə olacağını vəsiyyətində göstərir: “Rənglənməmiş taxtadan, sadə, üstünə ağ kilim salınsın. Nə tabutun içinə, nə də üstünə bir dənə gül qoyulmasın”.

Bu, yoxsulluq deyil, təfəkkür zənginliyidir. Bu gün isə yas mərasimləri status nümayişinə çevrilib. Tabut bahalı, güllər çox, maşınlar uzun karvan, mərasim “səviyyəli”. Ölümün özündə belə imkan yarışına çıxmışıq.

Əliağa Şıxlinskinin vəsiyyətinin ən sarsıdıcı hissəsi isə budur: “Qəbrimi yastı tava daşı ilə örtün. Üstündə yazın: Əliağa Şıxlinski. Heç bir tarix lazım deyil”.

Bu, sadəlik fəlsəfəsi, təvazökarlığın zirvəsidir. İndi isə bugünki qəbiristanlıqlarımıza baxaq: “Mərmər saraylar, rəngarəng şəkillər, qızılı yazılar, hasar içində, üstündə dam qurulmuş məzarlar. Ölümün bərabərlik olduğu yerdə belə sosial fərq yaradırıq. Əliağa Şıxlinskinin vəsiyyəti dini terminlərlə yazılmayıb. Ayə sitatları yoxdur. Amma mahiyyət etibarilə İslamın ruhuna bu günkü yas mərasimlərindən qat-qat yaxındır. Çünki israf, riyakarlıq, başqasına yük olmaq yoxdur. Əvəzində sakitlik və ləyaqət var. Bu vəsiyyət bugünkü “yas industriyası” üçün ağır ittiham aktıdır. Bəlkə problem bundadır ki, biz sağlığında dahilərimizi anlamırıq, ölümündən sonra isə ölümü belə gəlir mənbəyinə çeviririk. Əliağa Şıxlinski isə 100 il əvvəl bizə açıq mesaj qoyub gedib: “Sadə yaşa, sadə və insan kimi öl. Kimsəyə yük olma!”
Problemimiz odur ki, Əliağa Şıxlinskinin vəsiyyəti oxuyuruq, amma hələ də dərk edib əməl etməkdən “nə deyərlər” deyib yayınırıq.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR