Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, bildirilib ki, hazırda qüvvədə olan qanunda könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin də istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməyib.
Təqdim olunan layihəyə əsasən, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 (on beş) iş günü müddətində ödənilməsi təklif olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq ilk oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com






