"Konfrans keçdi, birlik baş tutdu, Balayev də sədr seçildi. Əslində ittifaqlar birləşsə də, kino cameəsinin adamlar eynidir. Sadəcə olaraq, münaqişə ortadan götürüldü".
Musavat.com xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyli bildirib.
Rasim Balayevin sədr seçilməsinə münasibətini açıqlayan Ə.Mahmudbəyli bu dəfə konfransda qaydaların fərqli şəkildə müəyyən olunduğuna diqqət çəkib:
"Konfransa İttifaqın İdarə Heyəti, Ağsaqqallar Şurası yaradıldı. Kim işləyə bilməyəcəksə, inşallah, ona "əlvida" deyiləcək. Kino sahəsində dəyişiklik olub-olmayacağına gəlincə, ittifaq ictimai təşkilatdır, onun kino çəkilişinə heç bir aidiyyatı yoxdur".
Ə.Mahmudbəyli konfransda ona namizədliyinin irəli sürülməsinin təklif olunduğunu da bildirib:
"Mənə təklif etdilər. Amma dedim ki, yarımçıq ssenarim, yarimçıq çəkildiyim rol var, gedirəm onları yoluna qoymağa.Bir də ki qocalıram, 80 yaşım var. Ona görə də imtina etdim".