“Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, media rəhbərlərinin, ekspertlərin və beynəlxalq təşkilat nümayəndələrinin iştirak etdiyi Şuşa Qlobal Media Forumu qlobal informasiya məkanında aktual məsələlərin müzakirə olunduğu mühüm platformaya çevrilib. Forum Azərbaycanın beynəlxalq nüfuzunun və müasir inkişaf modelinin dünya ictimaiyyətinə təqdim olunmasına mühüm töhfə verməkdədir”.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Parlamentarinin sözlərinə görə, forumun məhz Şuşada keçirilməsi xüsusi siyasi və mənəvi məna daşıyır:
“Tarixi və mədəni irsi ilə seçilən şəhərin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərini, yaradılan müasir infrastrukturu xarici qonaqlara əyani şəkildə nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələri bölgədə baş verən dəyişiklikləri yerində müşahidə edir, Azərbaycanın həyata keçirdiyi quruculuq siyasəti ilə yaxından tanış olur və bu reallıqları beynəlxalq auditoriyaya çatdırırlar. Təsadüfi deyil ki, bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olub. Forum çərçivəsində Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandıraraq Azərbaycanın xarici siyasəti, regional proseslər və qlobal çağırışlarla bağlı mühüm mesajlar verdi. Dövlət başçısının çıxışı təkcə cari beynəlxalq proseslərə münasibətin ifadəsi deyil, həm də Azərbaycanın dəyişən dünya nizamında öz yerini necə müəyyənləşdirdiyini nümayiş etdirən konseptual baxışdır. Cənab Prezident bir daha göstərdi ki, Azərbaycan artıq yalnız region daxilində prosesləri izləyən dövlət deyil, həm də regional və qlobal gündəliyə təsir imkanları olan etibarlı tərəfdaşdır. Ölkəmizin müstəqil siyasət yürütməsi, milli maraqları qətiyyətlə müdafiə etməsi, güclü hərbi potensialı və beynəlxalq təşəbbüslərdə fəal iştirakı bu statusu şərtləndirən əsas amillərdir”.

Parlament təmsilçisi qeyd edib ki, çıxışda Azərbaycanın tranzit və logistika imkanlarına xüsusi diqqət ayrılması təsadüfi deyil:
“Son illərdə həyata keçirilən iri infrastruktur layihələri, nəqliyyat dəhlizlərinin inkişafı və qonşu ölkələrlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq siyasəti Azərbaycanı Avrasiyanın əsas kommunikasiya qovşaqlarından birinə çevirib. Dövlət başçısının bu istiqamətdə verdiyi mesajlar ölkəmizin geoiqtisadi əhəmiyyətinin daha da artacağını göstərir”.
Onun sözlərinə görə, ölkə rəhbərinin Avropa institutları ilə bağlı səsləndirdiyi fikirlər də prinsipial mövqenin ifadəsi idi:
“Prezident bir daha bəyan etdi ki, Azərbaycan qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır. Lakin bəzi Avropa təsisatlarında ölkəmizə qarşı formalaşdırılmış qərəzli yanaşmalar münasibətlərə zərər vurub. Bu məsələlərin açıq şəkildə gündəmə gətirilməsi Azərbaycanın milli maraqlarını müdafiə etməkdə qətiyyətli olduğunu göstərir. Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin Azərbaycana münasibətdə sərgilədiyi yanaşmaya verilən qiymət də reallıqlara əsaslanır. Haqlı olaraq dövlət başçısı vurğuladı ki, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi bəzi dairələr tərəfindən siyasi təzyiq vasitəsinə çevrilib. İnsan hüquqları mövzusundan selektiv şəkildə istifadə olunması isə ikili standartların bariz nümunəsidir. Prezident İlham Əliyevin ABŞ-la münasibətlərə dair səsləndirdiyi mesajlar iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Vaşinqtonla formalaşan yeni siyasi dialoq və strateji tərəfdaşlıq münasibətləri Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Dövlət başçısının 907-ci düzəlişlə bağlı mövqeyi isə tamamilə əsaslıdır. Bu məhdudiyyət bugünkü geosiyasi reallıqlarla uzlaşmır və artıq tarixə qovuşmalıdır”.
Deputat söyləyib ki, Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı açıqlamaları Azərbaycanın Avropanın enerji təminatında oynadığı rolu bir daha təsdiqləyir:
“Bu gün Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edən etibarlı tərəfdaşdır. Yeni bazarlara çıxış, ixrac coğrafiyasının genişlənməsi və enerji layihələrinin inkişafı ölkəmizin strateji əhəmiyyətini daha da artırır. Qarabağın bərpası, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının inkişafı, müdafiə qabiliyyətinin gücləndirilməsi və yeni nəqliyyat marşrutlarının istifadəyə verilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf gündəliyinin əsas istiqamətləridir. Bu prioritetlər Azərbaycanın uzunmüddətli inkişaf modelinin əsasını təşkil edir və ölkənin rəqabət qabiliyyətini daha da gücləndirəcək”.
Deputat çıxışda Qərbin ikili standartlarına verilən sərt qiymətin də xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Prezident İlham Əliyev haqlı olaraq diqqətə çatdırdı ki, insan hüquqları bəhanəsi ilə Azərbaycana təzyiq göstərən dairələr dünyanın müxtəlif bölgələrində, xüsusilə Fransanın müstəmləkə siyasəti nəticəsində yaşanan problemlərə göz yumurlar. Bu yanaşma beynəlxalq münasibətlərdə obyektivlik prinsiplərinə uyğun deyil. Prezidentin çıxışı zamanı milli birlik və gənclərlə bağlı çağırışları xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı bir daha göstərdi ki, Azərbaycanın ən böyük gücü xalq-iqtidar birliyi, milli həmrəylik və Vətəninə bağlı gənc nəslin yetişdirilməsidir. Şuşadan verilən mesajlar Azərbaycanın gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi yol xəritəsidir”.
Cavanşir Abbaslı
Musavat.com






