İnsanlara hürriyət, millətlərə istiqlal!

Səsinə qulaq asdım, eşitdim ki, kişilərlə... – İçki aludəçisinin şok cinayəti

1189 01.04.2024 16:10 Kriminal A A

Ucar rayonunda 1988-ci il təvəllüdlü Məftun qısqanclıq zəminində həyat yoldaşı Rəqsanəni öldürüb, onun sevgilisi İlkinə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Məftun 1996-cı il təvəllüdlü tanışı İlkinin onun rəsmi nikah münasibətlərində olduğu 1995-ci il təvəllüdlü arvadı Rəqsanə ilə sevgi münasibətlərində olmasından şübhələnib.

Məftun qısqanclıq zəminində qisas almaq niyyəti ilə İlkini öldürmək qərarına gəlib. Bu məqsədlə İlkinin işlədiyi Ucar şəhəri 20 Yanvar küçəsində yerləşən avtoyuma məntəqəsinə gəlib. Məntəqənin istirahət otağından əldə etdiyi istintaqa məlum olmayan bıçaqla İlkinin üzərinə hücum çəkib və arvadı ilə münasibətinin olmasını etiraf etməsini istəyib, bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 5 zərbə vurub.

Avtoyuma məntəqəsinin sahibi Sadiq Məftunun qarşısına keçib, İlkin yaranan şəraitdən istifadə edərək hadisə yerindən qaçıb. Yoldan keçən avtomaşınla tibb müəssisinə çatdırılıb, ixtisaslı tibbi yardım hesabına həyatı xilas edilib.

Məftun arvadı Rəqsanənin İlkinlə, eləcə də tanımadığı digər şəxslərlə cinsi əlaqəyə girərək ona xəyanət etməsindən şübhələndiyindən, onu öldürmək qərarına gəlib. İlkini bıçaqladığı avtoyuma məntəqəsində olan, həmkəndlisinə məxsus “Mercedes-Benz C220” markalı avtomobillə Ucar rayonunun kəndində yerləşən evinə gəlib. Rəqsanənin olduğu otağa daxil olub və azyaşlı övladlarının gözləri qarşısında ona 33 bıçaq vurub. Qadın aldığı zərbələrdən vəfat edib.

İstintaq orqanı tərəfindən Məftunun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məftun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, həyat yoldaşını telefondakı səsə görə öldürüb:

“Həyat yoldaşım gecələr məndən xəbərsiz küçəyə çıxıb, harasa gedirdi. Gələndə də mənə heç nə demirdi. Ondan şübhələndiyim üçün telefonu evə qoyaraq getdim. Sonra telefonda səslərə qulaq asdım. Bu zaman başqa kişi səsləri eşitdim. Bu barədə yoldaşımdan soruşdum, mənə bir şey demədi. Bundan sonra onu öldürmək qərarına gəldim.

Həyat yoldaşımdan nə vaxt haradan gəldiyini təkrar soruşsam da, heç nəyi boynuna almadı. Sonra da dedi ki, nə edibsə, yaxşı edib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, telefonda səsə qulaq asanda tanışı İlkinin adını eşidib: “Buna görə onun iş yerinə gedərək İlkini bıçaqla vurdum. Mən də həmin avtoyuma məntəqəsində işləyirdim. Bıçağı işlədiyim yerdən götürdüm. İlkini vurmazdan əvvəl onunla mübahisə etdim. Ondan həyat yoldaşımla münasibətinin olub-olmadığını soruşmuşam. O da heç nə demədi. İlkinə bıçaqla neçə zərbə vurduğumu xatırlamıram”.

Məftun bildirib ki, daha sonra evinə gedib və həyat yoldaşını öldürüb: “Həyat yoldaşıma da neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Yoldaşımı vuran vaxt uşaqlar həyətdə idi. Mən qapıdan çıxanda uşaqlarımız evə gəldi. Uşaqlar belə bir hadisənin olacağını bilməyiblər. Çünki onlar çöldəydilər.

Həyat yoldaşımı vurduqdan sonra evdən çıxmadım. Gördüm, atam gəlir. Daha sonra bacımgilə getdim, onlarla vidalaşdıqdan sonra polisə təslim oldum”.

Təqsirləndirilən şəxs deyib ki, hadisədən bir gün əvvəl həyat yoldaşının qardaşına zəng edib və ona Bakı şəhərinə gələcəyini bildirib: “Qaynım mənə Bakı şəhərinə gəlməməyi məsləhət gördü. Qətllə bağlı heç kim mənə təsir etməyib. Yoldaşımı telefondakı səsə görə öldürmüşəm. Telefonumun səsyazanını gizlincə evə qoyub çıxmışam. Yoldaşımın kiminlə görüşdüyünü müəyyən etməmişəm. Hər hansı bir psixi xəstəliyim olmayıb. Törətdiyi əməldən peşmanam”.

İş üzrə zərərçəkmiş İlkinin sözlərinə görə, hadisədən 3-4 gün əvvəl Məftun sözügedən səsyazısını ona qulaq asdırıb: “Səhv etmirəmsə, 23 dəqiqəlik səsyazısı idi. Ona iki dəfə qulaq asdım. Məftuna dedim ki, burada qeyri-adi heç nə yoxdur. Yalnız televizor və uşaqların səsi gəlirdi.

Həmin söhbətdən üç gün sonra avtoyuma məntəqəsinə getdim. Məftunla eyni avtoyuma məntəqəsində işləyirdik.

Avtoyuma məntəqəsinə daxil olanda gördüm ki, Məftun gecəni burada qalıb. O, gecə saat 3-də gəldiyini və burada qaldığını bildirdi. Həqiqətən gələndə avtoyuma məntəqəsinin qapısı çöldən açıq idi.

Biz səhər işə başladıq, Məftun həmin gün işləyə bilməyəcəyini dedi. İşləməsə də biz ona 10 manat verdik, getdi. Məftun getməzdən əvvəl ona növbəti gün anamla Bakı şəhərinə gedəcəyimi, işə gəlməyini bildirdim. O da etiraz etmədi, işə gələcəyini bildirərək getdi. Bir də gördük, Məftun velosipedlə bir az fırlanaraq geri qayıtdı”.

İlkin qeyd edib ki, bir müddət sonra telefonda “Tik tok” sosial şəbəkəsini izləyib: "Məftun gəlib qonşusunun maşınını aparacağını bildirdi. Ona dedik ki, içkilisən, maşını aparma. Məftun israr etdi. O, maşını avtoyuma məntəqəsindən üzü yola tərəf çıxardı. Maşının mühərrikini söndürmədən yanımıza gəldi. Oturduğum yerdə qəflətən mənə bıçaqla zərbələr endirdi.

İş yoldaşımız Sadiq dayı qışqıraraq onun üzərinə gəldi. Məftun bir az aralandıqda vəziyyətdən istifadə edib yola qaçdım”.

İlkin deyib ki, yolda tanışına rast gəlib, onunla xəstəxanaya gedib: “Hadisədən iki gün sonra eşitdim ki, Məftun həyat yoldaşını öldürüb. Məftunun həyat yoldaşını tanımıram, adını belə bilmirəm.

Hadisədən əvvəl Məftun mənə heç nə deməmişdi. Sadəcə telefonu mənə verib bildirmişdi ki, burada başqa səslər var. Mən də kişi səsi yox, televizorun səsi olduğunu söylədim. O, bibisi oğlundan şübhələndiyini bildirdi. Onun mənə hansı səbəbdən xəsarət yetirdiyini bilməmişəm. Səsdə mənim adım çəkilmirdi. Orada ancaq uşaq səsləri vardı”.

İlkin ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxsdən şikayətçidir: “Məftunla bir-birimizi evinə gedib-gəlməmişik. Kənar yerdə olmamışıq. Sadəcə iş yerində yeyib-içmişik. Məftunun yoldaşını heç vaxt görməmişəm. Evlərimiz də bir-birinə yaxın deyildi. Məftunun psixi problemləri yox idi, amma içkiyə meyilliydi. O, mütəmadi içki içirdi”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məftun 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib./Teleqraf.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR