İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərəf və məsuliyyət günü

1013 27.09.2022 12:49 Yazarlar A A

Bu gün Azərbaycan Respublikasında Anım Günüdür. Azərbaycan vətəndaşları, Dünya Azərbaycanlıları, Azərbaycanın vəfalı qardaşları, könül dostları şəhidlərimizi yalnız 27 sentyabrda anmır, təbii. Millət olaraq bütün günlərdəki hiss-həyəcanımızı, duyğu-düşüncəmizi, fikir və hərəkətimizi, xarakter və taleyimizi bu günə indeksləyir, bu günlə ifadə edir, dünyaya duyururuq. 27 sentyabr – hər təqvim ilimizdəki 365 günün ümumiləşməsi, sözün ən müsbət anlamında, bir günə sığışdırılması olub, məntiqli olaraq seçilmiş simgə günüdür. Çünki 2 il öncənin bu günü bir dönəm bitir, yeni dönəm başlayırdı. Hər xalq, hər dövlət belə qapanış və başlanğıclar edə bilmir. Müharibə, (bizim misalda) əks-hücum qərarı vermək bu dünyada ən çətin qərarlardandır. Ondan da çətini, başlanmış müharibəni ən az itkilərlə aparmaq, ən uyğun zamanda, ən uyğun nəticə ilə sonlandırmağı bacarmaqdır. Elə günümüzdə müharibə aparan və çox da uzaq olmayan ölkələrin misalında görürük nə qiyamətlər qopur, (onlar üçün) etirafı necə çətin peşmançılıqlar baş verir, necə gərginliklər yaşanır...

Ali Baş Komandanımızın əks-hücum Əmrini ədalətin bərpası məqsədi ilə verməsi, onun siyasi iradəsi, qətiyyəti, dərin biliyi və öz şanlı Ordusuna, vətəncanlı xalqına inamı xarüqələr yaratdı! – Biz bunu 44 gün içində dəfələrlə yaşadıq, gördük, idrak etdik. Müharibənin qızğın çağlarında canlı (yaxud onlayn rejimdə) götürülmüş müsahibələrdə Azərbaycan Prezidentinə ünvanlanan bir çox suallar, dünyanın dörd tərəfindən gəlmiş jurnalistlərdən bəzisinin özünü “istintaqçı” kimi aparması, bizə qarşı bəslənən gərkəsiz və əsassız kin-küdurəti, ikili standartları açıqca göstərirdi. Biz yalnız döyüş meydanında deyil, siyasi-diplomatik meydanda da əks-hücumdaydıq. Və düşmən, dünya erməniliyi, şər havadarları bizimlə ləyaqətli savaş aparmırdı. Zatən, haqsız tərəf necə ləyaqət nümayiş etdirə bilərdi ki?! Müharibənin gedişində Ermənistan Gəncə, Bərdə, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Qəbələ, Xızı, Naxçıvan... istiqamətlərində raketlər atdı və biz, Atatürkün məşhur sözləri ilə desək, xətti müdafiə deyil, səthi müdafiə ilə məşğul olmaq zorunda qaldıq... Çox şükür, bacardıq! Xalq ruhunun cəsarəti, öz dövlətinə, dövlət başçısına inam bütün kəsafətləri kəsdi, doğradı. Hər kəs bircə söz dedi: İRƏLİ!

Beləliklə, yaxın-uzaq ölkələrdə baş verənlər fonunda 27 sentyabrın, 27 sentyabrda verilmiş məsuliyyətli qərarın dəyəri daha da artır. Qürur duyuruq! Azərbaycan Respublikasında Anım Günündə şəhidlərimizi qürurla anırıq. Çünki biz ədalətli idik, bizim işimiz haqq işi idi və biz Zəfər qazandıq! Ədaləti bərpa etməyə, haqqın nazilsə də üzülməsinə qoymayan qüdrət sahibi olduğumuzu sübut etdik! Qürurluyuq! Bütün dövrlərdəki Şəhidlərimizin qanı yerdə qalmadı, düşməndən ağır intiqam alındı.

*
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-ində başlayan hərbi təcavüzü nə ilkdi, nə də son olacaqdı. – Bu, necə deyərlər, NÖVBƏTİ təcavüz aktı idi. Tovuz Döyüşləri, ardınca Goranboy istiqamətindən diversiya cəhdi, Rusiyadan Ermənistana tonlarla silah daşınması, Ermənistanın cəbhə xəttinə əlavə qoşun yığması və 27 sentyabr təcavüzkarlığı! Bunlar müharibəöncəsi son 3 ay içində baş vermişdi. Düşmən tam həyasızlaşmış, rəsmən qudurmuşdu. 2020-ci ilin 27 sentyabrında, səhər saat 06.00-da atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtəri, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini artilleriya atəşinə tutdu; hərbi qulluqçularımızla yanaşı 11 dinc sakinimiz, o cümlədən 2 məsum cocuq həlak oldu. Bardaq artıq daşmışdı! – Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədi ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək Əmri verdi! O mübarək Əmr bir dönəmi qapatdı, yeni bir dönəm başlatdı – tariximizin yeni altun səhifəsi açıldı, Azərbaycanın çağdaş intibah dönəmi başladı!

27 sentyabr - Azərbaycanda dövlət-xalq birliyinin gücünü, təntənəsini təcəssüm etdirir!

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında 02.12.2020-ci il tarixli, 2311 saylı Sərəncamında respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizlə yanaşı, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız göz önündə tutulmuş, onların əzmi, iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirməsi xüsusi vurğulanıb.

Qələbə bizə asan başa gəlməyib. Qəhrəman şəhidlərimiz, əsgər və zabitlərimiz öz əziz canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edib. Vətən Müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid olub, 6 hərbçimiz hələ də itkin sayılır, yaralanmış mindən çox əsgərimizdən müalicəsi hələ də davam edənlər var, sağlamlığının bir hissəsini ömürlük itirmiş qazilərimiz var.
Bəli, “Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR