İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı rejimlə bağlı son qərar - hərbi əməliyyat, yaxud...

3624 08.09.2023 11:09 Gündəm A A

Azərbaycan səbr etməyi, yoxsa antiterror əməliyyatlarına başlamağı seçəcək; “Əgər Bakının xəbərdarlıqlarına məhəl qoymayacaqlarsa, günah bizdən getdi”

Qarabağda sülhməramlı kontingentin müvəqqəti nəzarətindəki ərazilərdə mövcud olan separatçı rejimlə bağlı bu həftə son qərar verilə bilər.

Qeyd edək ki, Araik Arutyunyanın “istefasından” sonra separatçılar sentyabrın 8-də qondarma prezident seçkiləri keçirməyə cəhd göstərirlər.

Ermənistanın “Joxovurd” nəşrinin yazdığına görə, separatçılar həmin “posta” “parlamentin spikeri” David İşxanyanın və “dövlət naziri” Samvel Şahramanyanın namizədliyi nəzərdən keçirir.

Şübhəsiz ki, Azərbaycan bu seçki oyununun baş tutmasına imkan verməyəcək.

Ekspertlər istisna etmir ki, Azərbaycan Qarabağdakı terrorçuların “seçki” şousunu pozmaq üçün antiterror əməliyyatına da başlaya bilər.

Antiterror əməliyyatı üçün real zəmin hazırlayan ermənilər növbəti hiyləgərliyə əl atıb. Onlar indidən belə təbliğata başlayıb ki, sanki Azərbaycan heç bir səbəb olmadan əməliyyatlara start verəcək.

Əgər Azərbaycan əməliyyatlara başlayacaqsa, bunun səbəbkarı məhz Ermənistan və separatçı rejim, eyni zamanda onların xaricdəki havadarlarıdır. Faktiki olaraq reinteqrasiyadan, qanunsuz silahlı dəstələri tərk-silah etməkdən boyun qaçıraraq, növbəti seçki təxribatına, eyni zamanda silahlı qarşıdurmalara hazırlaşırlar.

“Yaxın günlərdə döyüşlər başlayacaq. Sentyabrın 4-də Soçidə keçirilən Ərdoğan-Putin görüşündən sonra bu, artıq qaçılmazdır”.

Bu iddia ilə erməni hərbi ekspert Karen Hovhannisyan çıxış edib.

O hesab edir ki, Azərbaycan və Ermənistan arasında gərginlik pik həddədir və istənilən an yeni eskalasiya yaşana bilər: “Bu döyüşlərdə Azərbaycan fərqli ssenarilər tətbiq edəcək, çünki Ermənistanın ona qarşı tətbiq edə biləcəyi ssenarilərdən xəbərdardır və buna qarşı gözlənilməz gedişlər edə bilər”.

Erməni ekspert iddia edir ki, yeni eskalasiyada Rusiya maraqlıdır.

“Çünki onun Cənubi Qafqazdan çıxarılması prosesi gedir və Moskva yeni eskalasiya yaradaraq, özünün vasitəçilik rolunu artıracaq, bölgədə möhkəmlənməyə çalışacaq”, - o bildirib.

Erməni türkoloq Varujan Qeqamyan isə barıtı bir az çox edib: “Çox güman ki, yaxın günlərdə Azərbaycan və Türkiyə Ermənistana qarşı  genişmiqyaslı müharibəyə başlayacaq”.

Qeqamyana görə, Ermənistanın hələ buna müqavimət göstərmək imkanı var. Bunun üçün ilk zəruri addım hazırkı iqtidarın kənarlaşdırılmasıdır.

Buradan həm də belə aydın olur ki, Ermənistanda bəzi qüvvələr Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün xəyali “Azərbaycan-Türkiyə hücumu” faktorunu işə salıblar.

Fakt bundan ibarətdir ki, ermənilər seçki təxribatı ərəfəsində hərbi təxribatlara da start veriblər. Belə ki, sentyabrın 6-sı saat 12:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bu arada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov kifayət qədər net bir bəyanat verib: “Yeganə yol dialoq və Azərbaycanın tərkibində öz gələcəyini müzakirə etməkdir. Başqa yol yoxdur, çünki qalan bütün variantlar qeyri-legitimdir. Bu, bizim qırmızı xəttimizdir. Bundan sonra Azərbaycanın ərazisində heç bir boz zona olmayacaq”.

Görünən budur ki, vəziyyət kifayət qədər mürəkkəbdir, gərgindir.

Bu dönəmdə ermənilər dialoqa gəlməsələr, antiterrordan başqa çıxış yolu qalmır. Azərbaycan səbr etməyi, yoxsa antiterror əməliyyatlarına başlamağı seçəcək?

Bir sıra siyasi analitiklər hesab edir ki, 6 sentyabrda ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında Prezident İlham Əliyev separatçılara qarşı mümkün addımların anonsu verib. Əliyev Blinkenə bölgədə yaranmış vəziyyətin əsas günahkarının Ermənistan və onun dəstəklədiyi qondarma separatçı rejim olduğunu izah edib. Prezident deyib ki, Qarabağda “humanitar fəlakət” şousunu təşkil edənlər, erməni əhalisinin reinteqrasiyasının qarşısını alanlar və Ağdam-Xankəndi yolunu bloklayanlar separatçılardır, dövlətimiz tərəfindən separatizmin bütün təzahürləri qəbulolunmazdır. Siyasi şərhçilərin fikrincə, separatçı rejimin əməllərini bir neçə dəfə xüsusilə qeyd edən Əliyevin fikirləri Bakının separatçılara qarşı ata biləcəyi mümkün addımlardan öncə beynəlxalq ictimaiyyəti məlumatlandırması kimi də qəbul edilə bilər.

Prezidentin Ermənistana mesajının şifrəsi... - Politoloq Murad  Sadəddinovdan hadisə kimi şərhlər

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov isə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan az qala hər gün müraciətlər edib, erməniləri Bakıya, Yevlağa dəvət edib: "Bununla Azərbaycan dövləti Azərbaycan qanunlarını tanıyacaq erməni sakinlərə qarşı heç bir sərt tədbir görmək niyyətində olmadığını ortaya qoyub. Lakin ermənilər bu çağırışları qəbul etmirlər, Azərbaycan dövlətinin suverenliyinə qarşı hərəkətlərini davam etdirirlər. Xankəndidə “seçki” keçirmələri isə qırmızı xətti tamamilə keçmələri demək olacaq. Azərbaycan dövləti isə artıq elan edib ki, ərazimizdəki separatçı rejim özünü buraxmalıdır, biz öz ərazimizdə boz zonanın olmasına imkan verməyəcəyik. Rusiya sülhməramlıları da 10 noyabr Üçtərəfli Bəyanatından irəli gələn öhdəliyini yerinə yetirmir. Odur ki, Azərbaycan öz ərazisindəki Ermənistan silahlı birləşmələrinə, həm də separatçı rejimin tabeliyində olan quldur terrorçu dəstələrə qarşı antiterror əməliyyatları keçirib onları ərazimizdən təmizləmək hüququndan istifadə edə bilər. Azərbaycanın bu əməliyyatı həyata keçirməyə tam əsasları var. Azərbaycan çalışır daha yumşaq formada erməni sakinləri Azərbaycana reinteqrasiya prosesinə cəlb eləsin. Lakin erməni əhalini separatçı rejim hədələyir. Faktiki olaraq erməni əhalini separatçı rejim girov saxlayır. Belə bir vəziyyətdə isə güc tətbiqi ehtimalı daha da çoxalır. Son qərarın dəqiq nə zaman veriləcəyi ilə bağlı isə fikir söyləmək çətindir. Ancaq Ermənistan və separatçı rejim başa düşməlidir ki, atdıqları addımlarla Azərbaycanın bu addımı atmasını yaxınlaşdırırlar”.

KTMT-nin Azərbaycanla təhlükəli qonşuluq planı

Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov isə qeyd etdi ki, Araik Arutyunyanın istefasından sonra separatçı rejimdə vəziyyət daha da gərginləşib, daxili mübarizə şiddətlənib. 8 sentyabrda isə separatçılar “seçki” tamaşası qurmağa çalışacaqlar: "Azərbaycan öz ərazisində qondarma “seçki” oyununun oynanılmasına imkan verməməlidir. Həm beynəlxalq hüquq, həm də konstitusiyamız Azərbaycan dövlətinə imkan verir ki, öz ərazisində qanunsuz seçki keçirilməsinin qarşısını güc yolu ilə alsın. Separatçılar belə görünür ki, danışıq dilindən anlamırlar və cinayətlərini davam etdirməkdə israrlıdırlar. Ona görə də yeganə yol Azərbaycan dövlətinin güc tətbiq etməsi qalır. Yəni terrorçu rejim bizə başqa yol buraxmadı, yeganə yol güc tətbiqidir, antiterror əməliyyatıdır. Azərbaycanın suverenliyi o ərazidə bərpa edilməlidir. Bunun başqa alternativi yoxdur. Rusiyanın sülhməramlı kontingenti öz missiyasını demək olar ki, yerinə yetirmir. Yerinə yetirsəydi separatçıların seçki tamaşası qurmasına imkan verməzdilər. Separatçı ermənilərin "seçki" keçirmək istədikləri ərazi Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazisidir. Ona görə də bu ərazidə Azərbaycan qanunları işləməlidir. Azərbaycan qanunlarına tabe olmayanlar qanuni cəzalarını almalıdırlar. Azərbaycan dövləti artıq son vaxtlar ard-arda xəbərdarlıqlarını edib. Əgər bu xəbərdarlıqlara separatçı rejim məhəl qoymayacaqsa, günah bizdən getdi, onların qanunsuzluğunun qarşısı güc yolu ilə alınmalı olacaq. Bu isə Azərbaycanın növbəti əsas qələbəsi olacaq. Dünyanın heç bir dövlətinin və beynəlxalq təşkilatının haqqı yoxdur ki, Azərbaycandan ərazisində keçirilən qanunsuz “seçki”yə göz yummasını tələb etsin. Belə bir tələb olarsa, bunun özü beynəlxalq hüququn pozulması olacaq.

Azərbaycan Ordusu və digər müvafiq güc strukturları ərazimizdə suverenliyimizi bərpa etməyə tam hazırdır. Ermənistan ərazimizdəki silahlı birləşmələrini çıxarmalıdır, separatçı rejim təslim olmalıdır. Onların başqa yolları yoxdur. Bunu anlasalar, faydalarına olar. Anlamasalar, özlərindən küssünlər".   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR