İnsanlara hürriyət, millətlərə istiqlal!

Selektiv abortda dünya birincisi olmaq Azərbaycana lazımdırmı?

1282 24.12.2022 12:15 Media A A

Mehriban Zeynalova: “Cəmiyyətdə qızlara, qadınlara qarşı stereotiplər pisləşib”

“2021-ci ildə cins seçimi məsələsi yenə də fokusda qalıb. Hətta 2020-ci ilə nisbətən cüzi artım müşahidə olunur. Cins nisbəti hər 100 qıza 115 oğlan təşkil edir ki, bu göstəricinin bioloji normadan yüksək olması ölkədə hələ də uşaqların doğulanadək cins seçiminə məruz qaldığını göstərir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu sözləri bir neçə gün öncə Milli Məclisdəki çıxışında deyib.

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da bu məsələyə diqqət çəkərək bildirib ki, əgər qanunverici orqanlar, icra qurumları bu məsələyə diqqəti artırmasa, gələcəkdə çox ciddi problemlərə səbəb ola bilər: “Həm qanunverici, həm də icraedici orqan müvafiq məsələlərlə bağlı xüsusi düşünməlidir. Bu mövzulardan birincisi cinsi seleksiyanın, cinsi seçimin getdikcə artmasıdır. Yəni 2020-ci illə müqayisə etsək, bu göstəricinin 2021-ci ildə daha da artdığını görürük. Bu qədər işlərə, qanunvericilikdə həyata keçirilən addımlara baxmayaraq, yenə artım olur. Elə bir artım gedir ki, artıq bioloji normalardan xeyli yuxarıdadır. Bu isə gələcəkdə ciddi təhdidlər yaradır. Artıq 100 qıza 115 oğlan düşür. Bu artım bu şəkildə gedərsə, gələcəkdə bir sıra ciddi problemlər yaradacaq. Mən istəyərdim elə bu mövzunu burda danışılsın ki, daha nələr etmək olar? Qanunverici orqan olaraq, icra qurumları olaraq bu məsələyə diqqəti daha da artırmalıyıq”.

Sığınacaqlarla bağlı problem çoxdur” – Bahar Muradova

Bahar Muradova 

Ekspertlərə görə, bioloji normaya uyğun olaraq, dünyaya gələn uşaqların cins nisbəti 102-106 olmalıdır. Yəni heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100  qız uşağına 102-106 oğlan uşağı düşür. Azərbaycanda isə bu nisbət 1990-cı illərin əvvəllərindən pozulduğu müşahidə edilir. Bunun da əsas səbəbi kimi selektiv abortlar göstərilir. Əgər əvvəllər selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idisə, indi Azərbaycan birinci yerdədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3, Azərbaycanda isə 100-115 təşkil edir.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Ekspertlərin fikrincə, cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər ki, bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir.

Cins nisbətinin ən çox pozulduğu ölkə: Azərbaycanda niyə oğlan uşaqlarına  üstünlük verilir? - MÜSAHİBƏ » ailehekimiklinikasi.az

Məlum məsələdir ki, Azərbaycan ailələrində oğlan uşağına daha çox önəm verilir. Əksər ailələrdə oğlan uşağının dünyaya gəlməsini böyük sevinc, toy-bayramla qarşılayır, ayrı-seçkiliyə yol verirlər. Hələ də hansısa bölgələrdə ailədə yalnız qız uşaqlarının doğulduğuna görə boşanmaların olduğunu eşidirik. Bu səbəbdən uşağın qız olduğunu öyrənən bəzi valideynlər onu dünyaya gətirməkdən imtina edir, selektiv abortlara üz tutur,  qız uşaqları elə ana bətnindəcə məhv edilir.

Halbuki dinimizdə də insanların cinsə görə övladını öldürməsi yolverilməzdir. Hədislərə görə övlad Tanrının insana bəxş etdiyi nemətdir və qız övladı oğlana nisbətən daha üstün hesab edilir. Hədislərdə deyilir ki, üç qız böyüdüb tərbiyə edən insana cənnət vacib olar. Oğlan nemətdirsə, qız rəhmətdir. Bu da Allahın xüsusi hədiyyəsidir.

Ümumiyyətlə, son illərdə Azərbaycan cəmiyyətində qız uşaqlarına, qadınlara qarşı bir sıra stereotiplərin yarandığı müşahidə olunur. Ailədə qız uşağı doğulanda valideynlər qızlarının gələcək talelərindən narahat olmağa başlayırlar. Bunun da onunla əsaslandırırlar ki, gələcəkdə qızlarına təhsil verə bilməyəcəklər, çünki onları Bakıya və digər böyük şəhərlərə təhsil almağa göndərə bilməyəcəklər.

Məlum olduğu kimi, hazırda əksər universitet və kolleclərin yataqxanaları yoxdur. Valideynlərin digər qorxduqları məsələ isə cəmiyyətdə baş verən neqativliklər, bu neqativlərin içərisində qız övladlarının təhlükəsizliyi və sairədir.

Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bu günlərdə maraqlı bir təkliflə çıxış edib. O, demoqrafik natarazlığın qarşısının alınması üçün doğulan qızlara görə sosial müavinətin verilməsini təklif edib: “2025-2050-ci illər üçün Ailə strategiyası hazırlanması gündəmdə duran ilk vəzifələrdəndir. Oğlan uşaqlarının sayının çoxalması, demoqrafik natarazlığın qarşısının alınması üçün doğulan qızlara görə sosial müavinətin verilməsi gərəkdir. Hazırda dövlət siyasətini həyata keçirən rəsmi dövlət qurumunun - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərini yeni vəzifələrə və tələbələrə uyğunlaşdırmaq, bu sahədə dönüş yaratmaq üçün Ailə Məsələləri Nazirliyinin yaradılması vacibdir”.

Razi Nurullayev “Azəriqaz”la bağlı şikayətlərdən yazdı: “Qərara gəldik ki,  15 nəfərlə danışaq...”

Razi Nurullayev 

Millət vəkili Razi Nurullayev isə mətbuata açıqlamasında illik gəliri 15-20 min olan ailələrdə qız uşaqlarının təhsil haqqının da dövlət tərəfindən ödənilməsini istəyib və bunun  çox vacib olduğunu vurğulayıb.

Mövzu ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb: “Verilən təkliflərin hər biri yaxşıdır. Lakin arzu olunur ki, real, aktiv və cəmiyyət üçün gərəkli olan qızlar irəli çəkilsin. Bu həm də yaxşı bir göstərici, ailələr üçün nümunə olar. Bizim xalq rəqabəti çox sevir və düşünürəm ki, bu addım uğurlu olar. Ümumiyyətlə, hansısa qərar verəndə xalqın xarakterini nəzərə almaq lazımdır. Bununla da hansı təklifin, addımın atılmasının uğurlu olduğunu görə bilərik.

Mehriban Zeynalova - Ens.az - 4 dildə xəbərlər və ensiklopediya, ən son  xəbərlər, en son xeberler

Mehriban Zeynalova

Daha bir ən vacib məsələ son vaxtlar cəmiyyətimizdə qadınlarla bağlı gündən-günə pisləşən stereotipləri arada qaldırılması və onların təhlükəsizliyi ilə bağlı addımlar atmaq lazımdır. Əlbəttə ki, hansısa müavinətlər və sairə verilə bilər, amma bunun kökündə hansısa məsələ dayanır. Belə ki, ailələr qızların təhlükəsizliyindən, onun təhlükəli mühitə düşməsindən qorxur. Bunun üçün də hesab edirəm ki, ilk növbədə stereotiplər aradan qaldırılmalıdır və beynəlxalq konvensiyalar da bunu deyir. Biz beynəlxalq konvensiyalara qoşulmuşuq və əvvəllər cəmiyyətimizdə qadınlara qarşı normal stereotiplər var idi. Amma bu stereotiplər son vaxtlar ciddi şəkildə pisləşib. Deməli, ilk növbədə dəyişən, təhlükə yaradan stereotipləri öyrənib, onları aradan qaldırmalıyıq".

 

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusundan hazırlanlıb.

Hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR