İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəlalənin şəkli

1670 23.08.2022 08:50 Yazarlar A A

Artıq turizm o qədər inkişaf eləyib, turistlərlə yerli sakinlər toqquşurlar. İsmayıllı Barselonaya çevrilmişdir. Şortikdə gəzənləri meşəyə buraxmırlar. Qusar tərəfdə də camaat kəndi bağlamışdı, polis bir-iki nəfəri tutandan sonra açdılar.

Barsa-nın adını havayı yerə çəkmədim. Orda bir ara şəhərə turist axını necə çoxalmışdısa camaat mitinq keçirib turistlərə qadağan qoyulmasını istəmişdi. Şəhər yaşanmaz hala gəlibmiş.

Ancaq bizdə turistlərə yerli əhalinin nifrətinin səbəbi həm də iqtisadidir. Camaat turizmdən pul qazansa, deyər xoş gəlmisiniz, lap istəyirsiniz lüt gəzin. Turistik obyektlərin gəlirləri Bakıya və xaricdəki hesablara axırsa, camaata iş yeri yaranmırsa, adamlar deyir heç olmazsa qulağımız dinc olsun. Haqlıdırlar.

Hələ bəzi xalasıgöyçək jurnalistlər, bloqerlər yerli camaatın pul qazanmaq üçün xırda təşəbbüslərinə mız qoyurlar. Deyirlər çay bahadır, şəlaləyə baxmağa pul aldılar, nə bilim, kölgəni bizə satdılar. Əgər adam ildə cəmi 3 ay kimisə tapıb çay sırıya bilirsə, çaynikin 15 manata olması təbiidir. Nəzərə alın ki, ilin qalan 9 ayı o çayçı orda acından günorta durmağa məcburdur.

Şəlalə söhbəti lap dərindir. Bakıdan gedənlərin adətən xəbəri olmur ki, yuxarıdan tökülən o suyu ora camaat hardansa boruda-moruda dartıb gətiribdir. Yəni, biləsiniz, bizim ziyarət şəlalələrimizin çoxu sünidir. Şəlalənin yiyəsi var. Niyə bunu pulsuz etməlidir? O zaman Bakı Şəhər İcra Hakimiyyətindən soruşun, görün paytaxtın neçə nöqtəsində şəlalə demirəm, adi içməli su şırnağı qoyubdur? Cənub şəhəridir, isti yerdir, turist gətirirlər, lakin kiminsə ağlına gəlmir pulsuz içməli su bulaqları düzəltsinlər. 3 milyonluq şəhərdə daim işləyən yeganə belə bir bulaq tanıyıram: “İçərişəhər” metrosunun çıxışındakı köhnə bulaq. Vəssalam. Ayrısı varsa, deyin. Qalan hər yerdə qupquru “şəhid bulaqları”dır.

Oliqarxlara, məmurlara gücümüz çatmır, elə kəndlini, kasıb-kusubu döyəcləyirik. Mən o kənd camaatının yerinə olsam ümumiyyətlə paytaxt sakinlərini əraziyə buraxmaram. Nə xeyir görüblər ki, paytaxtdan? Kəndin çoxunda məktəb, tibb ocağı darmadağın. Yol yox, iş yox, qaz yox. Bir neçə gün qabaq Lənkəran-Astara bölgəsi üzrə təhsil şöbəsinin müdiri brifinqdə açıqladı: orada 80 məktəbin direktoru, 282 məktəbinsə psixoloqu yoxdur. Orada ümumi məktəb sayının 554 olduğunu nəzərə alsaq, belə çıxır hər yeddi məktəbdən biri başçısız, hər iki məktəbdən biri də psixoloqsuzdur. Bu yaxında o bölgədə şəxsən olmuşam və belə cənnət şəraitdə yetim günündə yaşayan yazıq insanları şəxsən müşahidə etmişəm. Sən də deyirsən şəlalə...

Hökumət “taxılı xaricdən alırıq” deyərək çörəyin qiymətini növbəti dəfə qaldırıb. Bundan da qabaq bizə minnət qoydular ki, sən demə xalq çörəyin qədrini bilmirmiş, inəyə verirmiş, artıq alıb xarab edirmiş, indi zəhmət çəkib baha alarlar, qədrini bilərlər-zad... Əməllicə çörək qədri piarı getdi. Şəxsən mən danlaqdan xəcalət çəkdim, durub neçə dəfə tabaqdakı qırıntıları öpüb gözümün üstünə qoydum. Hətta Xaqani qədər istedadım olsa “Çörək” qəsidəsi yazardım:

“Mən bir pələng ikən it olum, bir də it kimi,

Qaçsam çörək dalınca bu gündən sora, çörək...

Şahdan çörək uman dilim olsun dilim-dilim,

Verdi çörək yerinə mənə yüz cəfa çörək."

Lakin soruşan yoxdur ki, atam, yaxşı, buğda Ukraynadan gəlir, Rusiyadan gəlir, bunu baha alırsınız, başa düşdük. Bəs axı bizim satdığımız və bahalaşan şeylər-zadlar da var! Olmazmı ki, neft-qazın əlavə gəlirləriylə taxılın artan qiyməti kompensasiya olunsun, dövlət çörəyə dotasiyanı saxlasın? Neft-qaz gəliri bizim pulumuzdursa, icazə verin ondan taxıl almağa xərcləyək, yavanlıq eləyək. Hamımızın kürü və tort yeməyə imkanı olmur. O cümlədən, eyni qənaət niyə neft-qaz sektorundan da tələb edilmir, camaatın səbətindən düşən bir tikə quru çörək dərhal gözünüzə girir?

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR