İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə xərclərinin azlığı ilə bağlı açıqlamaya professordan cavab

924 16.11.2023 08:12 İqtisadiyyat A A

Adil Qeybulla: “Dövlət proqramları ləğv olunmalıdır, çünki...” 

“Səhiyyə üzrə dövlət proqramlarının həyata keçirilməsinə ayrılan vəsait çox azdır”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin noyabrın 14-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, azad edilən ərazilərdə yeni səhiyyə strukturlarının yaradılması və tibbi xidmətlərin təşkili məqsədilə investisiya vəsaitlərinin də bu istiqamətə yönəldilməsi yaxşı olardı: “Bu gün ölkədə səhiyyə üzrə 18 dövlət proqramı həyata keçirilir və ən ağır xəstəlikləri əhatə edir. Proqramların icrası üçün gələn ilin dövlət büdcəsindən 265 milyon manat ayrılması nəzərdə tutulub.

Hesab edirəm ki, bu vəsait müvafiq proqramların adekvat həyata keçirilməsi üçün çox azdır. Ona görə bu proqramların icbari tibbi sığortaya cəlb olunması daha uyğun olardı".

Yada salaq ki, bundan əvvəl də deputat parlamentdə bununla bağlı problemlərə toxunmuşdu. Əhliman Əmiraslanov demişdi ki, büdcədən onkoloji xəstələr üçün ayrılan 50 milyon manat həmin xəstələrin dərmanlarına çatmır...

Yeri gəlmişkən, Maliyyə Nazirliyindən bir müddət əvvəl bildirilmişdi ki, 2024-cü ildə Azərbaycanda səhiyyə xərcləri artırılacaq. 

Bəs səhiyyədə ən çox hansı istiqamət daha çox xərc tələb edir? Bu sahədə nə kimi yeniliklərə ehtiyac var? 

Medicina.az - "Məktəblərdə virusun çoxalması gözlənilir" - Adil  Qeybulla

 Adil Qeybulla 

Tanınmış həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əslində dövlət proqramları əvvəllər icbari tibbi sığortaya qədər sosial müdafiənin bir elementi kimi yaranmışdı: “Bəzi sahələr, misal üçün, vərəm, şəkərli diabet, onkoloji xəstələr, ana və uşaq müdafiəsi üzrə olan bütün bu proqramlar xəstələrin vahid proqramla müalicəsi və profilaktikası üçün nəzərdə tutulmuşdu. İcbari tibbi sığorta həyata keçəndən sonra bu dövlət proqramları tədricən ləğv olunmalıdır. Çünki belə xəstələr icbari tibbi sığorta çərçivəsində müalicə olunmalıdır. Ümumiyyətlə, icbari tibbi sığorta bu sahəni əhatə etsə, daha yaxşı olar. Yəni bir tərəfdən dövlət proqramı, bir tərəfdən icbari tibbi sığorta, ikisi də bir-birini təkrarlayır. Hesab edirəm ki, icbari tibbi sığortanın effektliyini artırmaq üçün bura ayrılan vəsaitin daha vacib sahələrə, həmin sahələrin daha vacib hissələrinə yönəldilməsi məqsədəuyğun olardı. Bununla bağlı Əhliman müəllimin fikri ilə tam razıyam. Bu proqramlar tədricən icbari tibbi sığortanın tərkibinə keçməlidir. O ki qaldı məsələlərin effektiv həllinə, sığorta vəsaitlərinin nə dərəcədə effekt göstərməsi və lazım  olan sahənin əsas vətəndaşların sağlamlığını təmin edəcək dərəcədə xərclənməsi məsələləri ciddi şəkildə araşdırılmalı, effektivliyi təmin edilməlidir. Bununla bağlı dünyanın getdiyi yol, təcrübə var. Elə qardaş Türkiyə bizim üçün ciddi bir misaldır, nümunədir”.

UNEC professoru Zahid Məmmədovun həmmüəllifi olduğu elmi məqalə ABŞ-da dərc  olunub

 Zahid Məmmədov 

İqtisadçı ekspert Zahid Məmmədov isə mediaya açıqlamasında deyib ki, dünya iqtisadiyyatında aparıcı mövqe tutan ölkələrdə səhiyyənin maliyyələşdirilməsi büdcə vəsaitlərinin köməyi ilə həyata keçirilir: “Belə ki, iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə (ABŞ, Kanada, Fransa, Böyük Britaniya, Yaponiya) səhiyyənin maliyyələşdirilməsi ÜDM-in 7,9-8,1 faizini təşkil edir. Şərqi Avropada "Aİ-nin yeni ölkələri"ndə (Macarıstan, Polşa, Çexiya, Slovakiya) səhiyyəyə dövlət xərcləri ÜDM-in 5,4 faizini təşkil edir. Çox vaxt ekspertlər “azalan verim” effektini xüsusilə qeyd edir, bu halda səhiyyənin maliyyələşdirilməsinin artırılması və inkişaf etmiş ölkələrin əhalisinin rifahının artması sağlam ömür uzunluğunun əhəmiyyətli artımına gətirib çıxarmır.

Ümumiyyətlə, pis səhhət aşağı təhsilli kişilərin ömürlük qazancını 33 faiz və yüksək təhsilli kişilərin qazancını 17 faiz azaldır. Deməli, vətəndaşların səhhəti ilə bağlı problemlər iqtisadiyyata və bütövlükdə cəmiyyətə ziyan vurur. Məşğulluq (məsələn, məşğulluq statusu, iş vaxtı) və əmək şəraiti (məsələn, iş haqqında qərarların qəbul edilməsinin genişliyi, işə tələbat və onun gərginliyi) insanların fiziki və psixi sağlamlığına təsir göstərir. Səhiyyənin maliyyə mexanizminin strukturunun və funksiyalarının dərindən öyrənilməsinə ehtiyac var. Qlobal səviyyədə səhiyyənin və onunla bağlı tədqiqatların və layihələrin maliyyələşdirilməsi üzrə birincilik ABŞ-a məxsusdur. Lakin milli səhiyyəyə çəkilən xərclərdə liderlik daha sağlam əhalinin sinonimi deyil. Gələn ildən ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta tətbiq olunacaq və bunun üçün də 2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 369 milyon manata yüksəlib. Yəni 2020-ci ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər də nəzərə alınmaqla, səhiyyə xərcləri bu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz artırılıb. Göründüyü kimi, icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclərin əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanacaq və əhaliyə göstərilin tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük islahat tədbirləri həyata keçiriləcək".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR