İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfirliklərimizə erməni təhlükəsi - mühafizə gücləndirilməlidirmi...

538 02.09.2023 09:30 Gündəm A A

Deputat: “Elçiliklərimizin təhlükəsizliklərinin qorunması həmin ölkələrin təhlükəsizlik xidmətlərinin və yaxud da dövlət qurumlarının borcudur”

Avqustun 30-da Azərbaycanın Livandakı səfirliyinə hücum olub, xəsarət alan olmayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən “50-yə yaxın erməni əsilli şəxs səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar”.

Hücum nəticəsində səfirliyin heyəti arasında xəsarət alanların olmadığı bildirilir. Eyni zamanda səfirliyin bəyanatında təxribatçıların hadisə yerindən uzaqlaşmağa müvəffəq olduqları deyilir. “Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır”, Xarici İşlər Nazirliyi bildirir. Öz növbəsində, Livanın Xarici İşlər Nazirliyi Azərbaycanın Beyrutdakı səfirliyinə hücumla bağlı hələ məlumat yaymayıb.

Baş prokuror Kamran Əliyev ölkəmizin Beyrutdakı səfirliyinin binasına hücumla bağlı livanlı həmkarı ilə telefonla danışıb. Qeyd olunub ki, bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxsin səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri, eləcə də bərk cisimləri səfirliyin inzibati binasına atmalarını əks etdirən videogörüntülər yayılıb. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Livan Respublikasının Baş prokuroru Qassan Ueydat ilə telefon danışığı aparıb.  Danışıq zamanı beynəlxalq norma və prinsiplərə, eyni zamanda daxili qanunvericiliyə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi xahiş olunub. Həmçinin, qeyd olunan faktın istintaqı ilə bağlı Azərbaycan Respublikasının dəstəyi və əməkdaşlığı təklif olunub. Tərəflər məsələ ilə bağlı koordinasiyalı fəaliyyətin aparılacağı barədə razılığa gəlib.

Nəzərə çatdıraq ki, Azərbaycanın diplomatik nümayəndəliklərinə ermənilərin hücumları tez-tez baş verir. Ölkəmizin xarici diplomatik korpusları ilk dəfə deyil ki, hücuma məruz qalır. Ötən ilin sentyabr ayında Azərbaycanın Gürcüstandakı, Livandakı və Fransadakı səfirliklərinə hücum olub. Bir ay sonra Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Bu hücumları erməni radikalları və ermənilərin himayədarları təşkil etmişdisə, Londondakı səfirliyimizə hücuma görə məsuliyyəti radikal dini qrup öz üzərinə götürmüşdü. Bu ilin 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, 2 əməkdaş Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar. O zamandan belə ictimai fikir formalaşıb ki, qarşıdakı müddətdə ermənilər dünya boyunca Azərbaycana qarşı xain planları daha da intensivləşdirə bilərlər. Bu baxımdan səfirliklərimizin mühafizəsinin gücləndirilməsi məsələsi gündəmə gəlib.

Bu ilin fevralında, parlamentin yaz sessiyasının ilk iclasında deputat Qüdrət Həsənquliyev səfirliklərimizin təhlükəsizlik məsələsinin müzakirəyə çıxarılmasını təklif etmişdi. Deputat Milli Məclisin bir iclasının səfirliklərimizin təhlükəsizlik məsələlərinə həsr olunması məsələsini qaldırmışdı. Deputat xatırlatmışdı ki, son vaxtlar xaricdə 5 səfirliymizə basqın olub. Qüdrət Həsənquliyev qeyd etmişdi ki, Bakıda yerləşən bir çox səfirliklərin təhlükəsizlik xidməti əməkdaşları qoruyucu gödəkcə geyinirlər və hamısı da silahlı olur.

Arzu Nağıyev “Şöhrət” ordeni ilə təltif edildi

Arzu Nağıyev

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Azərbaycan səfirliklərinə edilən hücumlar xaricdəki diplomatik korpusumuzun təhlükəsizliyi məsələsinə yenidən baxılmasını zəruri edir: “Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Yəni dünyanın hansı yerində olmasından asılı olmayaraq, həmçinin Livandakı Azərbaycan səfirliyinin təhlükəsizliyinin Azərbaycan dövləti tərəfindən yox, Livan tərəfindən təmin edilməli idi. Belə bir hücum varsa, ilk növbədə cavabdeh yerləşmə dövlətidir. Hər bir ölkənin başqa bir ölkədəki diplomatik nümayəndəliyinin ərazisi o ölkənin torpağı sayılır. Misal üçün Azərbaycanın Livandakı səfirliyinə, bizim icazəmiz olmadan heç kəs ayağını basa bilməz. Fəqət o ərazinin, o binanın inzibati hissəsinin təhlükəsizliyi, mühafizəsi, tamamən səfirliyin yerləşdiyi ölkənin üzərinə düşür. Konvensiyasının tələblərinə uyğun olaraq bir ölkənin digər ölkədəki səfirliyinin təhlükəsizliyi, ev sahibi olan ölkə tərəfindən təmin edilməlidir. Azərbaycan 1992-ci ildə Vyana Konvensiyasına qoşulub. Həmçinin, son 2 ildə səfirliklərimizin hücum edildiyi ev sahibi ölkələri Böyük Britaniya, Fransa, İran və Livan da Vyana Konvensiyasına qoşulublar. Ona görə də, səfirliklərimizin təhlükəsizliklərinin qorunması, həmin ölkələrin təhlükəsizlik xidmətlərinin və yaxud da dövlət qurumlarının borcudur. Necə ki, Azərbaycanda akkreditasiya olunmuş diplomatların və səfirliklərin təhlükəsizliyini Azərbaycan təmin edir, o şəkildə də, Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərinin, diplomatlarının təhlükəsizliyini təmin etmək ev sahibi ölkənin üzərinə düşür. Şübhəsiz ki, buna paralel olaraq, yenə qanunvericiliyin icazə verdiyi həddə, diplomatların öz ölkəsi tərəfindən də təhlükəsizliklə bağlı müəyyən addımlar atılır. Amma bu da, ev sahibi ölkənin qanunvericiliyi çərçivəsində olur”. Deputat bildirib ki, bilavasitə terrora məruz qalan ölkələrin səfirlikləri başqa formada qorunur: “Məsələn ABŞ, İsrail səfirlikləri ciddi qorunur. Bu ölkələrin başında ilk sırada İsrail gəlir. İsrailin dünyanın əksər yerlərindəki səfirlikləri ayrıca həyətdə, villada deyil. Onlar öz nümayəndəliklərini böyük bir plazanın içərisində tuturlar. Çünki plazanın içinə daxil olmaq daha çətindir, daha müşküldür. Ona görə ki, plazaya girən zaman 3-4 nəzarət cihazlarından keçməli olursan. ABŞ və İsrail kimi dövlətlər mühafizələrini daha çox özləri yerinə yetirir. Onların xüsusi təhlükəsizlik zabitləri, təhlükəsizlik çalışanları var”.

Deputat bildirib ki, Azərbaycan dövləti ölkəmizin ərazisində yerləşən səfirliklərin təhlükəsizliyini yüksək səviyyədə qoruyur: “Əlbəttə ki, biz səfirliklərimizin təhlükəsizliyinin gücləndirilməsi yönündə addımlar atmışıq və atırıq. Bununla belə xarici dövlətlərə səfirliklərimizin qorunması üçün xüsusi texnika göndərmək də uyğun görünmür. Çünki bu öhdəlik qeyd etdiyim kimi səfirliyin yerləşdiyi ölkənin üzərindədir”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR