İnsanlara hürriyət, millətlərə istiqlal!

Sədrin boynu haqda pritça

1618 18.08.2022 09:50 Yazarlar A A

Mərkəzi Seçki Komissiyasında (MSK) islahatlar davam edir. Bugünlərdə idarənin Katibliyinə daxil olan Media və ictimai əlaqələr şöbəsinin adı dəyişdirilmiş, Media və kommunikasiya şöbəsi qoyulmuşdur. Həmçinin, Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi, İnsan resursları sektoru yaradılmışdır.

Dəhşətdir. Adam qorxur. Birdən bizdə seçki keçirilsə nə olacaq? Buna hazırıqmı?

Yoxsa xarici idarələr, kəşfiyyat qurumları dəfələrlə zəhmətkeşlərimizə xəbərdarlıq yollayır: “MSK seçkilər keçirə bilər”. Vaxtilə bu orqanlar Putinin Ukraynaya hücum edəcəyini də deyirdilər, lakin Zelenski hökuməti inanmaq istəmirdi. İndi müsahibə verir, deyir guya mən buna əmin idim, ancaq xalqı panikaya salmamaq üçün özümü sakit aparırdım. Sabah birdən kəndlərimizdə, şəhərlərimizdə düzgün seçki olsa, qutudan yalnız xalqın səs verdiyi adamlar çıxsa, nə edəcəyik?

Bu islahatlar boş şeyə oxşamır. Media və ictimai əlaqələr hara, media və kommunikasiya hara? Hiss olunur ikincisi daha modern addır. Onu fikirləşib tapmaq üçün bizə təxminən 30 il lazım olmuşdur.

Yaxud, Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin yaradılması siyasi partiyalara və ictimai təşkilatlara seçkilərdə yer veriləcəyini göstərə bilər. Hətta mən artıq görürəm. Bu da unikal addımdır. Buna görə Füzuli və Binəqədi rayon zəhmətkeşləri, siyasi partiyaların, ictimai təsisatların üzvləri adından hökumətə dərin minnətdarlığımızı bildiririk. Qabaqlar bizdə MSK-nın yalnız müəllim(ə)lər, rayon sakinlərinə ət paylanması və nəticələrlə razılaşmayanların şappıldadılması üzrə şöbələri var idi. İndi narazılar şöbəsinin adı yeni strukturda heç çəkilmir. Nəyə görə? Ona görə ki, artıq biz hər şeydən razıyıq, kül ermənilərin başına. Orda bugünlərdə milli matəm elan olundu, bazarda çoxlu adam yanmışdı. 

İnsan resursları sektorunun yaradılması isə ümumiyyətlə fantastik addımdır. Mən səhv eləmirəmsə (təbii, səhv eləmirəm), ABŞ-da bu cür sektor yoxdur. Ona görə Tramp ötən seçkilərdə uduzdu, məxfi kağızları yığıb villasına apardı. Seçki insanlar üçün keçirilirsə, MSK-da insan resursları ilə iş sektoru mütləq lazımdır. Pişiklər üçün keçirsək, pişik resursları sektoru yaradılardı. Hətta Britaniyada MSK nəzdində dovşanlar və tülkü resursları sektoru vardır. Bunları məlumat üçün yazıram, xalqımız oxusun, bilsin. Yoxsa özümüzlə qəbr evinə aparası deyilik. Azərbaycan MSK dünyada ilk dəfə insan resursları sektoru yaradıbdır. Mən bu yaxında “Azadlıq prospekti” metro stansiyasından (bəziləri hələ də təxribat olaraq onun adını “Azadlıq” metrosu adlandırır) səhvən çıxmışdım, qəfil gözüm sataşdı, gördüm MSK-nın qabağındayam. Özü də düz insan resursları sektoru hissəsindən çıxmışdım. Açığı, buna görə xeyli utandım. Çünki hazır deyildim.

Yazını da xarici ölkələrdən birində MSK sədrinin başına gələn faciəvi əhvalatla bitirir, sizinlə sağollaşıram.

Deyir bir gün adam gəlir MSK-nın qabağına, səs vermək istəyir. Görür sədr durub qutunun yanında. Çıxarır qılıncı, sədrin boynunu vurur. Bu dəfə sədrin üç başı çıxır. Üç başı vurur, altısı çıxır və sairə. Proses bu cür ardıcıllıqla davam edir. Nəhayət adam yorulur, oturur. MSK sədri soruşur: “Qardaş, sənə nə lazımdır?”. Adam pəltəkləyərək deyir ki, səs vermək istəyirdim. Sədr deyir: “Axmağın biri, səs ver də, sənə kim mane olur?”. Bundan sonra qərara alınır idarədə Sədrin boynu şöbəsi yaradılsın.

Pritçamızdan çox böyük məna çıxır, dərk eləmək çətindir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR