İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sea Breeze”dəki davanın videoları da mübahisə doğurdu – MƏHKƏMƏ İŞİ

1521 19.12.2023 21:50 Hadisə A A

Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi “Sea Breeze”dəki kütləvi dava ilə bağlı məhkəmə araşdırmaları davam edir.

İş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli təqsirləndirilən şəxslərdir. Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar.

“Sea Breeze”dəki kütləvi dava ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsində məhkəmə araşdırmasında olan bu işdən əlavə daha iki cinayət işi olub. Həmin işlərdən biri də məhkəməyə göndərilib. Elmir İsmayılov və digərlərinin cinayət işi üzrə zərərçəkən olan Cavad Muradov digər iş üzrə təqsirləndirilən şəxsdir. Buna görə o da həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Onunla birgə zərərçəkən skamyasını bölüşən Elnur Məmmədov isə azadlıqdadır. Təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə azyaşlı olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib.

Musavat.com xəbər verir ki, dekabrın 19-da keçirilən prosesdə Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov məhkəməyə arayış təqdim edib. Vəkil bildirib ki, prokuror iş materiallarında olan Məhəmməd Həsənzadənin istifadəsindəki telefon nömrəsi ilə bağlı şübhələrini dilə gətirib. Vəkil mobil operatordan alıdğı sorğuya cavab əldə etdiyini deyib. Bəlli olub ki, Məhəmməd Həsənzadənin telefon nömrəsi Məmmədov Rza Elçin oğlunun adınadır. Rza Məmmədov da notarial qaydada təsdiqlənmiş ərizəsində bildirib ki, nömrə onun adına alınsa da, faktiki olaraq Məhəmməd Həsənzadə işlədir. Vəkil hər iki sənədi məhkəməyə təqdim edib, bildirib ki, Rza Məmmədov da məhkəməyə gəlib, zərurət bilinərsə, dindirilməsi də baş tutsun. Hakim deyib ki, Rza Məmmədovun dindirilməsinə zərurət yoxdur. Elan edib ki, iş materiallarına əlavə edilmiş videoların tədqiqinə başlanır. Videolar tədqiq edilərkən vəkillər bildirib ki, əsas video iş materialalrına əlavə olunmayıb.

Vəkil Vüsal Orucov hakimdən xahiş edib ki, ittihamın başlanğıcında yazılanlara uyğun video təqdim edilsin:

-Görünsün ki, ümumiyyətlə bu dava necə başlayıb, təşəbbüsçü kim olub? Təşəbbüsçü görünməsə, kiminsə əməlinə xuliqanlıq qiymətini necə verə bilərik? Kimsə kiminləsə davam edirsə, dava kimin təşəbbüsü ilə başlayırsa, xuliqanlıq onun əməlində var.

Tədqiq olunan daha bir videodan belə anlaşıldı ki, bu video səhvən iş materiallarına əlavə olunub və daha bir dava epizodunu əhatə edir. Dövlət ittihamçısı Amin Şəkərəliyev video tədqiq olunarkən “Cavad deyir ki, mən heç kimi vurmamışam, videodan da görünür ki, vurub yıxır” sözlərini deməsi Cavad Muradovun etirazına səbəb oldu: “Mən deməmişəm ki, heç kimi vurmamışam. Bu dava ümumiyyətlə ittihamda yoxdur. İttihamı hamımız oxumuşuq. İttihamda Elmirdən söhbət gedir. Bu videoda isə Elmir yoxdur. Belə çıxır ki, mənim rinqdə olan videolarımı da ittihama əlavə etmək lazımdır? Bu videoda ittihama aid olmayan şəxslərdir. Bu video düzgün olaraq işə əlavə edilməyib. Bu videoda Elmir İsmayılov yoxdur axı!”

Hakim: “Təqdim olunan videolar tədqiq olunmalıdır”.

Cavad Muradov: “Möhtərəm hakim, ittiham çərçivəsində tədqiq olunmalıdır. Bu videoda göstərilən dava ittihamda yoxdur axı. Bu video səhv olaraq əlavə edilib”.

Vəkil Vüsal Orucov Cavad Muradova dəqiqləşdirici sual verir: “O videoda kimlər var?”

Cavad Muradov dedi ki, avtomobildə olanlar yanlarından keçərkən söyüş söyüblər, buna görə də aralarında mübahisə başlayıb: “O məsələnin bu işə heç bir aidiyyatı yoxdur”.

İş üzrə videolar tədqiq olunarkən prokuror “Peyman burada görünür” deməsi vəkillərin etirazına səbəb oldu. Prokurordan tələb etdilər ki, qarşısındakı monitorda videoya baxıb fikir söyləməsin.

Hakim də vəkillərin etirazını haqlı saydı: “Dövlət ittihamçısı, çox xahiş edirəm fikirlərinizi deyəndə konkret deyin, vəkillər də bilsin ki, söhbət nədən gedir. Şəkilə baxıb “bu Cavaddır, bu Peymandır” deyirsiz, belə olmur axı. Fikirlərinizi çatdırın və izah verin”.
Dövlət ittihamçısının “özləri görürlər” deməsinə vəkillər yenə də etiraz etdilər: “Biz görmürük. İttihamda yazılıb ki, 23 radələrində bu dava olub. Videodan da görünür ki, gecə 4-ə qalıb”.

Vəkil Abbas Kərimbəyli bildirdi ki, şahid ifadələri ilə, zərərçəkənlərin sözləri ilə, digər dəlillərlə də sübut olundu ki, Elmir İsmayılov restoranda tək olub. O, döyüləndən xeyli sonra qardaşı Elgün İsmayılova zəng edib, xahiş edib ki, gəlib onu xəstəxanaya aparsın. Elgün İsmayılov da ora dostları Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və Murad Əhmədli həmin vaxt olduqları Mərdəkan qəsəbəsindən gəliblər. Onlar “Sea Breeze”yə gecə 4-ün yarısı gəliblər. Onlar da gəlib təzədən düşüblər davaya. Burada zərərçəkən deyir ki, mən vurdum yıxıldı, prokuror isə reaksiya vermir. Burada qərəzli mövqedən çıxış etməyək, insan taleyi həll olunur, bu hadisə hər birimizin başına gələ bilər. Məsələyə ədalətlə yanaşaq, kim orada olubsa, kameraya düşüb, saatı var”.

Vəkil Vüsal Orucov da bildirdi ki, ittihama görə Məhəmməd Orucov hadisə baş verən gün 23 radələrində “Sea Breeze”də restoranda olub, araq içib. İttiham bu qədər əmin idisə ki, Məhəmməd orada olub, oradakı videoları işə əlavə etməli idi. Sübut etməlidi idilər ki, Məhəmməd əlində araq rumkası araq içir və ya Elmirin mühafizəçisi olaraq yanında harasa gedir. Əgər ittiham tərəfi iddia edirsə ki, mübahisə bizim təşəbbüsümüzlə başlayıb, həmin videonu işə əlavə edib bizə göstərməli idilər. Bunun əvəzinə bizə dəxli olmayan videoları işə əlavə ediblər, orada kimsə dava edir. Videogörüntünün tədqiq olunmasının məqsədi var. Biz bu videogörüntülərə baxıb nə müəyyən etdik? Bilirlər ki, bu gün təqsirləndirilən kimi təqdim olunan şəxslər dava zamanı videolarda yoxdur, təqdim etsələr belə nəyi sübut edəcəklər? Sadəcə bizim vaxtımızı boşuna alırlar.
Dövlət ittihamçısı Amin Şəkərəliyev vəsatət qaldıraraq şahid Vüqar Tağıyevin prosesə dəvət olunmasını, onun iştirakı ilə videoya baxış keçirilməsini istəyib.

Hakim isə aydınlaşdırıb ki, Elmir İsmayılov iş üzrə özünü qismən təqsirli bilib: “Elmir İsmayılov demir ki, mən orda olmamışam, deyir olmuşam, mən kiməsə xəsarət yetirməmişəm, əksinə mənə xəsarət yetirilib, mənim maşınım əzilib. O biri mübahisədə isə deyir ki, mən orada olmamışam, mən artıq orada yox idim. İlk mübahisə olduğunu, başına xəsarət yetirildiyini, maşınının əzildiyini Elmir İsmayılov deyir. Özünü də qismn təqsirli bilir”.

Vəkil Ülvi Məmmədov dedi ki, istintaq davalar məsələsində səhv edib: “Orada 3 dava olub. 1-ci davada Elmir İsmayılovu döyüb maşınını əziblər. 1 neçə saat sonra daha bir mübahisə olub. Elgün döyülüb, Peyman, Məhəmməd vurulub. 3-cü epizodun isə ümumiyyətlə cinayət işinə aidiyyatı yoxdur, bunu da Cavad Muradov izah etdi, dedi ki, biz gedirdik, tanımadığımız şəxslər maşından söydü, mübahisə oldu. 1-ci və 2-ci epizodu, belə deyək, saat 11 – 3 arası baş verən epizod üzrə Elmirə qrup halında xuliqanlıq ittihamı vermək düzgün deyil. Orada Elmir olub, Elnur olub. Elmirə nə əsasla qrup halında xuliqanlıq ittihamı verilib? Belə çıxır ki, bu mübahisədən 3-5 saat sonra başqa şəxslər mübahisə edib dalaşıblarsa, buna görə Elmirə qrup halında xuliqanlıq ittihamı verilməlidir? Belə ittiham vermək olmaz”.

Vəkil təqsirləndirilən Murad Əhmədli ilə bağlı vəsatət verəcəyini, bundan əvvəl isə ona söz verilməsini xahiş etdi.

Murad Əhmədli dedi ki, məktəblidir, heç bir videoda yoxdur, heç bir davada da iştirak etməyib: “İttihamda yazılanların hamısı yalandır. Məni orada 2 gün saxladılar. Atam da buna görə insult keçirdi. Boş-boşuna məhkəməyə gəlib-gedirəm, imtahanlara hazırlaşa bilmirəm”.

Murad Əhmədlinin vəkili Ülvi Məmmədov vəsatət qaldıraraq hadisə baş verən gün və saatlarda müvəkkilinin harada olması ilə bağlı telefon-anten məlumatlarının alınması üçün mobil operatorlara sorğu verilməsini istədi. Peyman Vəlizadənin vəkili də eyni vəsatətlə çıxış etdi. Hakim hər iki vəsatəti təmin elədi.

Bundan sonra proses dekabrın 26-na qədər təxirə salındı.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR