İnsanlara hürriyət, millətlərə istiqlal!

Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir? - ekspertlərin gözləntiləri

731 05.07.2024 10:22 İqtisadiyyat A A

Dünya əhalisinin 40 faizini əhatə edən təşkilatın qlobal iqtisadiyyatdakı payı ilbəil atır

İyulun 3-4-də Qazaxıstanın paytaxtı Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin dövlət rəhbərlərinin zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ŞƏT-in sədri statusunda görüşə rəsmi dəvətini qəbul edərək Astanaya gedib. İyulun 4-də İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən müzakirələrə qatılıb.

Qeyd edək ki, tədbir çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” və “Azərbaycan İnvestisiya Holdinqi ilə ”Samruk-Kazına" Milli Rifah Fondu" Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi" imzalanıb.

Çin rəhbəri ilə keçirilən görüşdə Si Cinpin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək zirvə toplantısına, eyni zamanda bu əsnada Çinə dövlət səfərinə dəvət edib, İlham Əliyev dəvəti qəbul edib.

Qeyd edək ki, ŞƏT regional əməkdaşlıq təşkilatıdır. Əsas əməkdaşlıq mövzusu təhlükəsizlik olan ŞƏT ilk olaraq, 1996-cı ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan tərəfindən Şanxay Beşliyi adı ilə yaradılıb. 2001-ci ildə Özbəkistanın da qatılması ilə adı Şanxay Əməkdaşlıq Təşkilatı olaraq dəyişib. 2005-ci ildə Hindistan və Pakistan da təşkilata müşahidəçi qismində qatılıb, 2017-ci ildə tam üzvlüyə keçiblər. Təşkilata üzvlük müqaviləsini 15 sentyabr 2022-ci ildə son zirvə görüşündə imzalayan İran bu ilin iyulunda rəsmi üzvlüyə qəbul edilib. İyulun 3-də isə Belarus təşkilata tamhüquqlu üzv qəbul edilib.

Təşkilatın beynəlxalq strukturunda mütəmadi olaraq toplanan Dövlət Başçıları Şurası və Hökumət Başçıları Şurası ilə yanaşı, katiblik, Regional Terrorla Mübarizə Strukturu, Xarici İşlər Nazirləri Şurası kimi strukturlar da mövcuddur.

ŞƏT katibliyi Çinin paytaxtı Pekində, “Regional Terrorla Mübarizə Qurumu” isə Özbəkistanın paytaxtı Daşkənddə yerləşir. ŞƏT-in üzvləri ilə yanaşı, müşahidəçiləri və dialoq tərəfdaşları da var. Hazırda müşahidəçilər Monqolustan və Əfqanıstandır.  Azərbaycan təşkilatın dialoq tərəfdaşları sırasındadır.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti artıq ikinci dəfədir ŞƏT-in zirvə toplantısında iştirak edir. Rəsmi Bakının bu təşkilatda müşahidəçi statusunda təmsil olunmaq planları var. Hazırda Azərbaycan təşkilat yanında statusu dialoq üzrə tərəfdaş səviyyəsindədir. Rəsmi Bakı bu statusun müşahidəçi səviyyəsinə yüksəldilməsi ilə bağlı müraciət edib. Ötən ilin aprelində Prezidentin köməkçisi Anar Ələkbərovun Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Minlə görüşündə sonuncu Azərbaycanın təşkilatın müşahidəçi statusunu almaq üçün müraciətinə hazırda üzv dövlətlər tərəfindən baxıldığını, müraciətin müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Vüqar Bayramov

İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, 23 il əvvəl yaradılan ŞƏT regional əməkdaşlıq forumu statusuna malik olmaqla 10 üzv (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran, Belarus), 2 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) dövlətlərini özündə birləşdirir: “Təşkilata üzv olan 9 ölkənin birgə nominal ümumi daxili məhsulu (ÜDM) 24.4 trilyon dollardır və Avropa İttifaqının birgə ÜDM-dən 6.0 trilyon dollar çoxdur. Təşkilata üzv olan dövlətlər qlobal nominal ÜDM-in 20 faizdən çoxunu formalaşdırırlar. Dünya neft ehtiyatlarının 20, qaz rezervlərinin isə 44 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Dünya əhalisinin 40 faizinin məskunlaşdığı təşkilat dövlətlərinin qlobal iqtisadiyyatdakı payı hər il daha da atmaqdadır. 

2016-cı ildə Azərbaycanla ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Son 8 ildə Azərbaycanla təşkilat arasında əməkdaşlığın güclənməsi müşahidə olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra regionda formalaşan yeni düzən fonunda ölkəmizlə əməkdaşlığın genişləndirilməsi təşkilatın da regional maraqlarına uyğundur. Belə ki, Azərbaycan regional və bölgəni əhatə edən beynəlxalq layihələrin, o cümlədən nəqliyyat dəhlizlərinin uğurla icrasında və genişləndirilməsində xüsusi töhfəyə malik olan dövlətlərdəndir".

Ekspert qeyd edir ki, Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir və bu istiqamətdə də fəaliyyətin güclənməsi müşahidə olunmaqdadır: “Belə bir status qarşılıqlı olaraq hər iki tərəf üçün faydalı hesab olunur. Cənab Prezidentin rəhbərliyi ilə Qərblə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi daha da möhkəmlənməkdədir. Astanada keçirilən görüşlər və aparılan vacib müzakirələr bunu bir daha təsdiq edir”.

Eldəniz Əmirov: Dayanıqlı iqtisadiyyata nail olmaq üçün yaşıl enerjinin  tətbiqi böyük əhəmiyyət daşıyır - AZƏRTAC

Eldəniz Əmirov

İqtisadçı-ekspert Eldəniz Əmirovun sözlərinə görə, bu il Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının əsas, müşahidəçi və dialoq tərəfdaşları ilə ticarət dövriyyəsinin həcminin 20 milyard dollardan çox olacağı gözlənilir: “Halbuki bu rəqəm 5 il əvvəl cəmi 9,2 milyard idi. 2022-ci ildə isə 15,5 milyarda çatmışdır. Cəmi bir il sonra, yəni 2023-cü ildə isə artıq 20 milyard dollar ətrafında bir dövriyyə formalaşmışdır. Nəzərə alsaq ki, Azərbaycanın ən böyük 4 ticarət tərəfdaşından 3-ü, yəni Rusiya, Çin və Türkiyə bu təşkilatın əsas üzvü və ya dialoq tərəfdaşıdır, onda bu təşkilatın gələcəkdə Azərbaycan üçün önəmini təsəvvür etmək olar. 

Qeyd edim ki, bu təşkilatın 9 əsas, 3 müşahidəçi, 14 dialoq tərəfdaşı var və Azərbaycan bunların böyük əksəriyyəti ilə çox sıx iqtisadi və siyasi əlaqələrə malikdir. Azərbaycanın Astanada keçirlən ŞƏT Sammitinə növbəti dəfə dəvət alması isə bu əlaqələrin səviyyəsinin və cənab Prezident İlham Əliyevin böyük nüfuzunun göstəricisidir".

ŞƏT üzv olan ölkələr Azərbaycan iqtisadiyyatına 12 milyard ABŞ dollarından çox investisiya qoyub. Azərbaycanın ŞƏT-ə üzv ölkələrin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 3,2 milyard ABŞ dolları qiymətləndirilir. 

Azərbaycanın bu təşkilatda təmsilçiliyi Asiya-Avropa yükdaşımalarının Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta dəhliz) layihəsi çərçivəsində proseslərin daha da sürətlənməsinə təkan verə bilər. Xüsusilə dəhlizin başlanğıcı olan Çinlə iqtisadi əməkdaşlığın dərinləşməsi Azərbaycanın regional tranzit mərkəzinə çevrilmək planlarının icrası baxımından mühüm əhəmiyyət kəsb edir. 

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR