İnsanlara hürriyət, millətlərə istiqlal!

Şakir Yaqubovun xatirəsinə

1262 16.10.2022 18:59 Yazarlar A A

Jurnalist Şakir Yaqubov iki gün qabaq 71 yaşında aramızdan getdi. Şakir müəllimin ölümü məni şəxsən çox kədərləndirdi, bu haqda az sonra.

İndi dəbdir, kimsə öləndə adətən onun rəsmi qazandığı uğurları sayırlar: filan vaxt əməkdar jurnalist adı alıb, filan vaxt filan mükafata layiq görülüb və sairə. Şakir müəllimin itkisi də bu quru statistik informasiyalar bolluğunda müşaiyət olunmaqda idi, heç fərq qoyulmadı. Lakin bu quru xəbərlərin arxasında parlaq bir insanın maraqlı, örnək həyatı dururdu.

1990-cı illərdə keçmiş SSRİ dağılanda, müstəqil respublikaların müstəqil mətbuatı da yarananda onun sıralarına keçmiş partnomenklatura jurnalistikasından çox az adamlar qoşulmuşdu. Daha doğrusu, qoşulanlar prinsipcə çox idi, ancaq onlar rənglərini dəyişmişdilər. Mahiyyətcə köhnə, kiflənmiş sovet propaqanda jurnalistikasının nümayəndələri idilər. Onların yazı-pozusunda, mənasız cızmaqaralarında sadəcə ünvanlar və adlar dəyişilmişdi. Məsələn, qabaqlar hər inəkdən min litr süd sağan Fatmanisə xala haqda uydurma oçerklər yazan bu adamlar indi üçrəngli bayrağın ən uzun dirəyini tərənnüm etməyə cani-dildən girişdilər.

Şakir müəllim isə fərqli adam idi. Özü də onun qələmi elə sovet vaxtından fərqlənməyə başlamışdı. 1980-ci illərin ikinci yarısında “Azərbaycan gəncləri” qəzetində qəribə, orijinal səhifələr peyda olmağa başlamışdı. O səhifələrdə Şakir müəllim sevgi, ailə, gənclik, psixologiya, sosiologiya, uşaqlarla münasibət və sairə kimi kommunist təbliğatına yad mövzulara yetərincə maraqlı rakurslardan işıq salardı. İlk dəfə idi bir sovet qəzeti insandan, onun dərd-sərindən yazırdı. Bəlkə də bu yeniliklər yenidənqurmanın ümumi ab-havasından doğulmuşdu, ancaq istənilən yeni ideyanı yerlərdə ürəklə, istedadla işləyən şəxslər olmasa, o ideyanın nə xeyri var?

Sonralar Şakir müəllim “Azadlıq” qəzetində idmandan, futboldan çox gözəl yazılar yazardı, xaraktercə sakit adam olsa da, danışmağı sevməsə də yeni yazmağa başlayan jurnalistlərə dəyərli məsləhətlərini əsirgəməzdi. Qəzetin əməkdaşı, dəyərli dostumuz Hikmət Sabiroğlunun Şakir müəllimlə səmimi münasibəti sayəsində biz də o gözəl söhbətlərdən öz payımızı alardıq.

Shahkir-Yaqubov-4.jpg (92 KB)

Belə söhbətlərin birində, indi yerində Hesablama Palatasının mənasız binası ucalan o tarixi çayxanada  Şakir müəllim mənə gözləmədiyim sualı vermişdi: “Sən Vəzir Hacıyevin oğlusan?”. Təəccüblə ondan atamı hardan tanıdığını soruşdum. Atam sağlığında bəzi mərkəzi qəzetlərin Füzuli rayonu üzrə ştatdankənar müxbiri işləsə, 1986-cı ildə kiçik bir hekayələr kitabı çap olunsa da, bütün həyatını kənddə riyaziyyat müəllimi kimi keçirmişdi və Şakir müəllimin onu şəxsən tanıyacağına inanmırdım. Şakir müəllim bığaltı, mehriban və unudulmaz təbəssümü ilə məni daha da çaşdırmışdı: “Sənin atana görə mənə töhmət verilib”.

Sonra əhvalatın tarixçəsini danışdı. Sən demə 1970-ci illərdə Şakir müəllim “Azərbaycan gəncləri” qəzetində (o zaman komsomolun mətbu orqanı) şöbə müdiri işləyərkən atam Füzulidəki bir kənd haqda məqalə yazıb, qəzetə göndərib. Yazı da məhz Şakir Yaqubovun necə deyərlər, əlindən keçib qəzetə çıxıb. Yazı, yaddaşım məni aldatmırsa, “Oktyabr kəndi” adlanırmış. Və içində təxminən belə cümlələr varmış: “İnqilabdan öncə erməni daşnaklarının dağıdıb, yandırdığı kənd qurulub, indi yeni həyatını yaşayır” və sair. Məhz o yazıdakı “erməni daşnakları” ifadəsinə görə Şakir Yaqubovu Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə çağırıblar, şəxsi işinə yazılmaqla şiddətli töhmət veriblər. Deyiblər qəzetdə uzağı “daşnak” sözü yazmaq olar, lakin “erməni daşnakları” ifadəsi sovet quruluşuna yaraşmır, xaqlar dostluğuna ləkədir və sairə.

Mən o yarızarafat söhbətdə hiss elədim ki, Şakir müəllim əslində o töhməti həyatının ən böyük mükafatlarından biri kimi sayır.

İşıq içində uyu, Şakir müəllim. O kəndləri isə biz bir daha, yenidən qurmalı olacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR