İnsanlara hürriyət, millətlərə istiqlal!

Şah(ramyan)ın “peşka”ya çevrilməsi - Xankəndidə iğtişaş və antiterror xofu 

1639 09.09.2023 09:28 Gündəm A A

Marionet rejim uğrunda mübarizə kəskinləşib; ruspərəstlər və revanşistlər Araikin yerinə gələn Samveli dəstəkləməklə prosesə Paşinyanın devrilməsinin başlanğıcı kimi baxırlar; Qarabağ ermənilərinə isə evdən çıxmamaq çağırışı edilib

Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə Rusiya ilə bağlı açıqlamaları, KTMT-dən narazılığı və bunun fonunda NATO-nun Genişlənmə üzrə Avropa Komitəsinin rəhbəri Günter Fehlingerin İrəvanı alyansa qoşulmağa dəvəti  Moskvada ciddi narazılıq doğurub. 

Azərbaycan şəhəri Xankəndidə uzun illər yuva salmış xunta rejiminin başçısı Araik Arutyunyan “istefa” verdikdən sonra bölgənin erməni əhalisini girovlarına çevirən separatçı qruplar arasında marionet quruma rəhbərlik uğrunda aylardır davam edən mübarizə kəskin mərhələyə keçməkdədir. Məlumdur ki, vakant yerə yeni “namizəd”ə səs verməli olan qondarma “parlament”in iclası sentyabrın 9-na təyin edilib. O da bəllidir ki, separatçı rejimin gələcək rəhbərinin namizədliyinin müzakirə olunacağı iclasda Saakyan-Qukasyan-Vardanyan üçlüsü “dövlət naziri” Samvel Şahramanyanın namizədliyini dəstəkləyirlər. Şahramanyanın namizədliyini Ermənistanda Paşinyan hakimiyyətinə qarşı çıxan “Qarabağ klanı”nın keçmiş liderləri - Serj Sərkisyan və Robert Köçəryan da dəstəkləyir.

Beləliklə, Ermənistandakı revanşist qüvvələrin zəif də olsa ümidi var ki, baş nazir Nikol Paşinyanın adamı sayılan Araik Arutyunyanın “istefası” təkcə Xankəndidə deyil, İrəvanda da hakimiyyət dəyişikliyinə yol aça bilər. Eyni zamanda qeyd olunur ki, separatçılar üçün Şahramanyanı Arutyunyanın boş kreslosuna oturtmaq asan olmaya bilər. Keçmiş “səhra komandiri” Samvel Babayan Xankəndidəki separatçı-kriminal rejimə rəhbərlik uğrunda mübarizədə fəal iştirak edir. Onun Qarabağda təsiri o qədər də böyük olmasa da, Babayan erməni silahlı birləşmələri və keçmiş səhra komandirləri adlanan şəxslər arasında müəyyən nüfuza malikdir.

“Yeni Müsavat” bu yerdə xatırladır ki, Babayan heç bir ilkin şərt olmadan Azərbaycanla birbaşa dialoqun qurulması və Ağdam yolunun açılmasının tərəfdarıdır. O, həmçinin bütün tərəfdarlarını “seçki günü” Xankəndi küçələrinə çıxmağa çağırıb. “Hamı küçələrə çıxmasa, bu, bizim işimiz bitdiyi anlamına gələcək”, - Babayan “Azadlıq” radiosunun erməni xidmətinə deyib. Keçmiş səhra komandirinin fikrincə, “prezident”i üç nəfər (yəni, Saakyan, Qukasyan və Vardanyan) yox, xalq seçməlidir. Babayan Qarabağ ermənilərini girov götürən və onları “aclığa məhkum edən” siyasətçilərin əsl məqsədinin İrəvanda hakimiyyət dəyişikliyi olduğunu təsdiqləyib. “Biz Azərbaycanla birbaşa danışıqlar yolu ilə bu vəziyyətdən çıxmalıyıq, bunun alternativi yoxdur”, - Babayan vurğulayıb. 

“Birbaşa dialoq yolu ilə Azərbaycanla problemləri müzakirə etməklə biz Azərbaycan və Ermənistan, eləcə də Ermənistan-Türkiyə problemini həll edirik və regiona tam sülh gətirmiş oluruq”, - Babayan Ermənistan hakimiyyətini Şahramyanın ətrafındakı “komandanı” dəstəkləməməyə çağırıb. Bu komandaya Bako Saakyan və digərləri daxildir, əks halda Paşinyan hakimiyyətinin ciddi problemlərlə üzləşəcəyini qeyd edib. Öz növbəsində Araik Arutyunyan Ermənistanı “bu və ya digər namizədin tərəfini tutmağa” çağırıb və vurğulayıb ki, əgər hansısa qrup sentyabrın 8-də kütləvi iğtişaşlar törətməyə cəhd edərsə, bu, “çox təhlükəli nəticələrə gətirib çıxaracaq”. Beləliklə, Xankəndidə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 40 ton unun qarşısını kəsən və “120 min erməninin acından öldüyünü” bəyan edən separatçı-kriminal qruplaşmalar arasında baş verən davanın əsas motivi artıq heç kimə sirr deyil. Xankəndi, İrəvanda hakimiyyət dəyişikliyinə yönəlmiş proseslərin başlanmasıdır... 

Yeri gəlmişkən, təsdiqlənməmiş məlumatlara görə, Ermənistan Silahlı Qüvvələrinin məzuniyyətdə olan hərbi qulluqçuları təcili olaraq xidmət etdikləri hərbi hissələrə qayıtmaq əmri alıblar. Bu barədə Teleqram kanallarında məlumatlar yayılıb. Qarabağdakı qondarma separatçı rejim isə bölgədə yaşayan ermənilərə xüsusi ehtiyac olmadan evlərindən çölə çıxmamağı tövsiyə edib. Bunun səbəbi izah edilmir. Lakin regionda hərbi qarşıdurmanın olacağı ehtimalı yüksək göründüyü üçün belə bir təlimat verilməsi istisna deyil. Erməni nəşri “Joqovurd”un yazdığına görə, qondarma “müdafiə ordusunun komandanı” Kərəmyan deyib ki, Azərbaycan Ordusuna qarşı müqavimət göstərmək imkanları yoxdur. O bildirib ki, əlavə qüvvə və daimi silah və sursat dəstəyi olmadan uzun müddət döyüşmək mümkün olmayacaq.

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev “Yeni Müsavat”a ermənilərin bu addımlarla süni gündəm yaratmaq niyyətində olduqlarını vurğuladı. Partiya lideri qeyd etdi ki, buna da qismən nail olublar: “Bir yandan ”humanitar fəlakət" şousu davam edir, o bir tərəfdən “seçki” tamaşası düzəldirlər, beynəlxalq ictimaiyyətin diqqətini tamamilə Qarabağa yönəldə biliblər. Bir çoxları burada yalnız rus barmağı görür, məncə, son proseslərdə elə Paşinyanın da əli var. Ona sərf edir ki, beynəlxalq danışıqlar dövründə gündəm dəyişsin. Yəni demək istəyir ki, Qarabağda guya böhrandır və belə gərgin zamanda sülh müzakirələr nəticə verə bilməz. Belə desək, burada Rusiya ilə Paşinyanın maraqları üst-üstə düşür. Həmçinin, İran, Fransanın və həmin separatçı qrupların da mövqeyi onlarla uzlaşır. Başqaları fikirləşir ki, Araikin gedişi tək rusun marağındadır, ancaq mən fərqli düşünürəm, Paşinyan da burada maraqlıdır". E.Musayevin sözlərinə görə, Ermənistan iqtidarı prosesi gərginləşdirib götürülən öhdəlikləri yerinə yetirməmək məqsədi güdür: “Gərginlik olmayanda Paşinyan məcburdur ki, 10 npyabr sənədinin bütün müddəalarını icra etsin. İndi mürəkkəb proseslər gedir, strateji maraqlar toqquşur, İrəvan da bununla vaxt uda bilir. Sadəcə, Paşinyan hiyləgər gedişlərlə çox irəli addım ata bilməyəcək”. Partiya sədri hesab edir ki, əgər qondarma aparata “seçki” keçiriləcəksə, onların binası demontaj edilməlidir: “Biz Qarabağın içindəki prosesləri Ermənistana keçirməyə nail olmalıyıq. Kimsə müharibə istəmir, ancaq təxribatlara cavab Ermənistanda təsirini göstərməlidir. Onlar məsələləri Qarabağa çəkiblər, bizsə ərazilərimizdən çıxarıb Ermənistan zonasına keçirməliyik”.

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Zaur Məmmədov

Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədovun sözlərinə görə, Qarabağın ermənilər yaşayan hissəsindəki rejim bundan sonra öz ömrünü uzun müddət davam etdirə bilməyəcək: “Əgər kimsə oradakı ermənilərin bütün məsuliyyətini öz üzərinə götürmək istəyirsə, başa düşməlidir ki, Azərbaycan cəmiyyətinə reinteqrasiya labüddür və heç bir digər məsələdən söhbət gedə bilməz. Xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, dialoqdan imtina edənlər onlara mesaj göndərə biləcək və hər hansı vədlər verəcək üçüncü güclərin əllərində girov olmaqdan qurtulmalıdır. Onlar keçmişə nəzər salmalı və nə əldə etdiklərini düşünməlidir. Başqa yol yoxdur, çünki qalan bütün variantlar qeyri-legitimdir. Bu, bizim qırmızı xəttimizdir. Bundan sonra Azərbaycanın ərazisində heç bir boz zona olmayacaq. Artıq bunu beynəlxalq ictimaiyyət də bilir. Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyətin reaksiyası həm Ermənistanı, həm də separatçıları qane etmir. Onlar beynəlxalq ictimaiyyətdən Azərbaycana münasibətdə fərqli mövqe nümayiş etdirməyi xahiş edirlər. Lakin başa düşməlidirlər ki, Qarabağın Azərbaycan ərazisi olması reallığı ilə hamı barışıb, bunu hər kəs qəbul edir və separatçıların köhnə istəkləri artıq baş tutmayacaq”. 

Analitik Elxan Şahinoğlunun fikrincə, Azərbaycan ərazisində hələ də terrorçu rejimin qalması və silahlı ünsürlərin saxta qurumu yaşatmaq üçün “seçki” oyunu keçirməsinin qarşısı mütləq alınmalıdır: “Ultimatum vermək lazımdır. Böyük ehtimalla Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayacaq və xəbərdarlıq mesajı olacaq. Müdafiə Nazirliyinin də belə bir bəyanatı olmalıdır ki, ”oyuncaq seçki" keçirilərsə, bölgədə gərginlik artacaq və Azərbaycan hüquqi imkanlarından istifadə edərək bunun qarşısını alacaq".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR