İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “infeksiya” kampaniyası

366 20.07.2023 13:27 Dünya A A

Rusiyanın altı ildən çoxdur internet məkanında, o cümlədən 300-dən çox sosial media quruluşunda apardığı dezinformasiya kampaniyası ifşa edilib. Novator.az saytı ABŞ-ın Milli İctimai Radiosuna (National Public Radio) istinadla bildirir ki, 2016-cı ildən start götürmüş kampaniya yeddi dildə, həm də çox gizli, üstüörtülü aparılır, təkcə “Facebook”, “Twitter”, “YouTube” kimi populyar platformaları deyil, müxtəlif ölkələrin az tanınan sosial şəbəkələrini, saytlarını da əhatə edir.

Məlumata görə, kampaniyanı Amerikanın sosial şəbəkələrin təhlili üzrə ixtisaslaşmış “Graphika” şirkəti ifşa edib, ona şərti olaraq “Təkrar infeksiya” adı verib.

Sovet dövründə Kreml QİÇS virusunu dünyaya ABŞ-ın yaydığı barədə təbliğat aparıb. ABŞ-da bu kampaniyaya “İnfeksiya əməliyyatı” adı verilibmiş. “Təkrar infeksiya” adı buradan doğur.

Milli İctimai Radiosu qeyd edir ki, “Graphika” əvvəllər də Rusiyanın dezinformasiya əməliyyatları haqda açıqlamalar yayıb, bu dəfə isə geniş bir hesabat ortaya qoyub. Həmin hesabata görə, rusiyalı hakerlər, trollar Kremlin uydurmalarını altdan-altdan şüurlara yeritməyə çalışır. Onların ABŞ-da 2016-cı ilin prezident seçkisinə müdaxilə etməyə cəhd göstərdiyi bildirilir, 2024-cü il seçkisində eyni cəhdi təkrarlayacağı da proqnozlaşdırılır.

Qeyd olunur ki, rusiyalı dəstə amerikalı rəsmilərin adından dəfələrlə saxta açıqlamalar, sənədlər hazırlayıb, həmin uydurma sənəd və bəyanatları sosial şəbəkələrdəki saxta hesablarda yerləşdirərək yayıb.

“Graphika” şirkətinin araşdırmalar üzrə direktoru Ben Nimmo Milli İctimai Radiosuna müsahibəsində deyib ki, bu işi Rusiyada konkret kimlərin həyata keçirdiyi hələ dəqiqləşməyib: “Biz hələlik kampaniyanı kimlərin idarə, yaxud icra etdiyini bilmirik. Lakin təbliğatın məzmunu, tonu onu deməyə əsas verir ki, kampaniyada əsas məqsəd adamları Rusiya hökumətini dəstəkləməyə yönəltmək, Kremli tənqid edənləri virtual hücumlara məruz qoyub sarsıtmaqdır”.

Milli İctimai Radiosu xəbər verir ki, “Facebook” platformasının təhlükəsizlik mütəxəssisləri “Təkrar infeksiya” adı verilmiş dezinformasiya əməliyyatının əlamətlərini ilk dəfə 2022-ci ilin mayında sezib: “O vaxtdan “Facebook” və digər platformalar rus təbliğatının qarşısını almaq üçün tədbirlər görməyə başlayıb. “Graphika”nın tədqiqatçıları hesab edir ki, fəaliyyəti ifşa olunandan sonra “Təkrar infeksiya” qrupunun fəallığı bir qədər azalıb. Amma kampaniya dayanmayıb, hələ davam edir. “Facebook”, “Twitter” və digər texnologiya şirkətlərinin mütəxəssisləri ilə koordinasiyalı şəkildə işləyən “Graphika” tədqiqatçıları indiyədək “Təkrar infeksiya”ya bağlı 2500-dən çox dezinformasiya aşkarlayıb”.

Ben Nimmonın sözlərinə görə, araşdırma rusiyalı qrupun yeni dezinformasiya taktikasından yararlandığını da üzə çıxarıb: “Təkrar infeksiya” bir neçə məşhur platformada kök ataraq böyük izləyici cəlb etmək yolunu tutmayıb, qrup fərqli üsul seçib. Onlar “Twitter”, “Facebook”, “Reddit”, yaxud başqa şəbəkələrdə yaratdıqları saxta hesablarda dezinformasiya xarakterli məlumat yayandan sonra həmin hesabları birdəfəlik tərk edir, bir də heç vaxt o səhifəyə qayıtmırlar”.

“Təkrar infeksiya”nın elə də iri auditoriya toplaya bilmədiyini, buna görə aqreqator hesablardan həddən ziyadə yararlandığını, təşkil etdiyi əməliyyatların bir çoxunun iflasa uğradığını deyən Ben Nimmo vurğulayıb ki, dəstənin yaydığı uydurmalar ən müxtəlif mövzuları əhatə edib. Məsələn, pandemiya dövründə sui-qəsd nəzəriyyələrinə, yəni koronavirusun adamlar arasında qəsdən yayılması tezisinə üstünlük verilib. 2022-ci ilin fevralında Rusiya Ukraynada total müharibəyə başlayandan ukraynalıları gözdən salmağa yönəlmiş dezinformasiyalar artıb. ABŞ-ın keçmiş dövlət katibi, 2016-cı il seçkisində prezidentliyə namizəd olmuş və Donald Trampa uduzmuş Hillari Klintonu qətllərlə əlaqələndirən, 2005-2021-ci illərdə Almaniyanın kansleri vəsifəsini tutmuş Angela Merkeli spirtli içki düşkünü kimi təqdim etməyə çalışan əməliyyatlar da olub. Məlumata görə, qrup ABŞ-ın guya Azərbaycanda inqilaba cəhd etməsi uydurmasının yayılmasına da “töhfə” verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR