İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfə artıb - SƏBƏB

908 13.06.2023 12:57 İqtisadiyyat A A

Sanksiyalar belə ölkəmizdən Şimala əmək miqrasiyasını azaltmayıb

Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin birinci rübünün yekunları üzrə tədiyə balansının göstəricilərini açıqlayıb. Göstəricilərdən aydın olur ki, 2023-cü ilin I rübü üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabına müsbət meyllərdən təsirlənib. B təsir nəticəsində cari əməliyyatlar balansında 3.4 milyard dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 1.3 milyard dollar profisit yaranıb, ehtiyat aktivləri 3.5 milyard dollar artıb.

2023-cü ilin I rübü üzrə cari əməliyyatlar hesabının profisiti 3.4 milyard dollar və ya ÜDM-in 18.9 faizini təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 7.6 faiz azalaraq 5.1 milyard dollar, qeyri-neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 10.3 faiz artaraq 1.7 milyard dollara yüksəlib.

Mərkəzi Bankın açıqladığı göstəriciləri şərh edən iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, ölkənin cari əməliyyatlar balansında 5,1 milyard dollarlıq profisit neft-qaz sektorunun hesabına yaranıb: “Amma onun əvəzində cari hesabın qeyri-neft kəsiri 10 faiz (157 milyon dollar) artaraq 1.7 milyard dollara yaxınlaşıb. Eyni zamanda xarici ticarət balansının qeyri-neft defisiti ötən ilin 3 ayına nisbətən 23 faiz (377 milyon dollar) böyüyüb.

Ölkədən “xalis xəta və nöqsanlar” maddəsi altında dəqiq uçota alına bilməyən xalis kapital çıxışı 1.2 milyard dolları ötüb və son 15 ilə baxsaq, bu həddi tarixi rekord da saya bilərik".

Mərkəzi Bankın məlumatına əsasən, birinci rübdə maliyyə hesabında 1.3 milyard dollar profisit yaranıb (ötən il 1.2 milyard dollar kəsir vardı). Ekspert qeyd edir ki, müsbət saldonun yaranmasının səbəbi heç də ölkəyə xarici kapital axını ilə bağlı deyil: “Azərbaycan rezidentlərinin xaricdəki aktivlərini geri çağırması hesabına formalaşıb bu profisit. Məsələn, bank sektorunun xaricdəki portfel qoyuluşları hesabına 693 milyon dollar, xaricdəki neft-qaz layihələri hesabına 453 milyon dollar xalis kapital geridönüşü baş verib.

Xarici neft-qaz şirkətləri ölkəyə birbaşa investisiya formasında 1.2 milyard dollara yaxın sərmayə gətirsələr də, kapital və mənfəət repatriasiyası formasında ölkədən 3 ay ərzində 3.1 milyard dollar çıxarıblar - yəni bu şirkətlər 3 aylıq tədiyə balansı üçün 2 milyard dollara yaxın kəsir yaradıblar".

Mərkəzi Bankın açıqladığı tədiyə balansından o da aydın olur ki, vətəndaşlara xaricdən göndərilən pul baratlarının həcmi 77 faiz (210 milyon dollar) artaraq 481 milyon dollara çatıb. Bu həcmin 312 milyon 629 min dollarını Rusiyadan edilən pulköçürmələri təşkil edib. Mərkəzi Bankın məlumatına görə, illik müqayisədə bu rəqəm 3,1 dəfə və ya 212 milyon 926 min dollar artıb. 2022-ci ilin ilk 3 ayı ərzində Rusiyadan Azərbaycana 99 milyon 703 min ABŞ dolları məbləğində vəsait köçürülmüşdü.

Qeyd edək ki, birinci rübdə Rusiyadan pul köçürmələri ümumi köçürmələrin həcminin 69,2 faizini təşkil edib. Ötən il Azərbaycana edilən pulköçürmələrinin 82 faizi Rusiyanın payına düşüb. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə Rusiya Federasiyasından pul köçürmələri cəmi 55 faiz təşkil edib.

Rusiyadan Azərbaycana pul köçürmələri 5.5 DƏFƏ ARTIB | Hafta.az

Mərkəzi Bankın məlumatına əsasən, 2022-ci ildə  Azərbaycanda fiziki şəxslərə xaricdən edilən pul köçürmələrinin həcmi 3 milyard 620 milyon dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə təxminən 3,2 dəfə çoxdur.

Qeyd edək ki, 2022-ci ildə Ukraynada işğalçı müharibəyə görə Qərbin ağır sanksiyaları ilə üzləşən Rusiyadan fiziki şəxslərin xaricə pulköçürmələrində kəskin artım müşahidə olunub. Bir sıra postsovet ölkələrinə belə köçürmələrdə 6-7 dəfə artım qeydə alınıb. Rusiya ekspertləri bunu Rusiyada əmək miqrantı kimi çalışan həmin ölkə vətəndaşlarının sanksiyaların mənfi təsirindən ethiyatlanaraq, yığdıqları vəsaitləri vətənlərinə göndərmək istəyi ilə əsaslandırırlar. Lakin əksər xarici müşahidəçilər bu köçürmələrin arxasında Rusiyanın hüquqi şəxslərin xarici valyuta çıxışına tətbiq etdiyi maneələrdən yayınmaq prosesinin dayandığını bildirirlər.

Maraqlıdır ki, bu ilin əvvəlindən Rusiyadan xaricə pulköçürmələrində artım sürəti zəifləyib. Əsasən Asiya ölkələrinə köçürmələrdə azalmalar müşahidə olunur. Lakin Cənubi Qafqaz ölkələrində artım davam edir. Belə ki, birinci rübdə Rusiyadan Ermənistana fiziki şəxslərin pulköçürmələrinin həcmi 1,2 milyard dollar təşkil edib. Bu, keçən ilin eyni dövründəkindən 5 dəfədən də çoxdur.

Eyni dövrdə xaricdən Gürcüstana köçürmələrin həcmi 1 milyard 255,7 milyon dollara bərabər olub. Bunun 678,5 milyon dolları Rusiyadan reallaşıb, artım 55 faizə yaxındır.

Daha maraqlı bir fakt sanksiya və müharibəyə cəlb olunma təhlükəsinə baxmayaraq Rusiyaya postsovet məkanından əmək miqrantları axınında artımın olmasıdır. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, 2023-cü ilin birinci rübündə ölkəyə gəlişini “iş tapmaq”la əsaslandıran əmək miqrantlarının sayı 1,3 milyon nəfər olub ki, bu da ötən ilin eyni dövründəkindən 1,6 dəfə çoxdur.

Gələnlərin 630,8  min nəfəri Özbəkistan, 349,4 min nəfəri Tacikistan, 172,6 min nəfəri Qırğızıstan, 47,3 min nəfəri Ermənistan, 34,8 min nəfəri Qazaxıstan, 28,7 min nəfəri Azərbaycan vətəndaşları olub.

Ümumiyyətlə, Rusiya həmişə azərbaycanlı əmək miqrantlarının axın etdiyi istiqamət olub. Bəzi məlumatlara əsasən, 90-cı illərdən indiyədək 2 milyon azərbaycanlı Rusiyaya əmək miqrasiyası edib. Rusiya Miqrasiya Xidmətinin məlumatına əsasən, 2017-2019-cu illərdə bu ölkəyə gəlib rəsmi əmək miqrantı kimi qeydiyyata düşən azərbaycanlılarına illik sayı 56-57 min nəfər təşkil edib. 2021-ci ildə bu göstərici 63,9 min nəfərə çatıb. Ötən il Rusiyaya iş dalınca gedib rəsmi qeydiyyata düşən azərbaycanlıların sayında 3 faizə yaxın artım baş verib. Ukraynadakı müharibəyə cəlb olunmaq təhlükəsinə baxmayaraq, 95,1 min nəfər insan Rusiyaya gedişinin əsas səbəbi kimi əmək miqrasiyasını göstərərək, rəsmi əmək miqrantı kimi qeydiyyata düşüb.

Bir çox soydaşlarımız əmək miqrantı kimi ödəniş ödəməmək üçün Rusiya vətəndaşlığı alırlar. Belə ki, 2019-cu ildə 9,5 min azərbaycanlı Şimal qonşunun vətəndaşı olubsa, 2021-ci ildə bu rəqəm 30,8 min nəfərə çatıb. 2022-ci ildə vətəndaşlığın həm də hərbi mükəlləfiyyət yaratmasına baxmayaraq, 23 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb.

Rusiyadan Azərbaycana pul köçürmələri kəskin artıb - 30.03.2023, Sputnik  Azərbaycan

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 68 milyard 914,6 milyon manata çatıb. Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6844,9 manatlıq gəlir düşüb. Xaricdən göndərilən pulların həcminin 6 milyard 154 milyon manata bərabər olduğunu nəzərə alsaq, əhalinin nominal gəlirlərində onun 9 faiz paya malik olduğunu deyə bilərik. 

2023-cü ilin yanvar-mart aylarında isə ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 18 milyard 479,9 milyon manat və ya hər nəfərə orta hesabla 1823,7 manat təşkil edib. Bu isə o deməkdir ki, əhalinin gəlirlərində xaricdən göndərilən pulların payı 4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsinin xaricdən göndərilən pul baratları daxilolmalar üzrə apardığı hesablamalar göstərir ki, 2022-ci ildə Qazax-Tovuz rayonu bu pulların həcminə görə birinci yerdə olub. Belə ki, son bir ildə Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinləri Rusiyadan adambaşına orta hesabla 13 manat pul alıblar. Yəni bu ərazidə yaşayan hər bir şəxsə il ərzində Rusiya Federasiyasından orta hesabla 156 manat pul göndərilib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə bu rəqəm cəmi 8 manat 10 qəpik olub. Beləliklə, 60 faizdən çox artım var.

Lənkəran-Astara rayonu adambaşına orta pul köçürmələrinin ən çox olduğu ikinci iqtisadi rayondur. Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlıya köçürülən aylıq pullar hər sakinə orta hesabla 12 manat 10 qəpik təşkil edib. Maraqlıdır ki, 2021-ci ildə bu rəqəm daha çox olub - 13 manat 10 qəpik.

Üçüncü yeri hər ay orta hesabla adambaşına 12 manat (2021-ci ildə bu rəqəm 8 manat 50 qəpik) daxil olan Gəncə-Daşkəsən bölgəsi tutur. Ən az “xarici” pullar Mil-Muğan iqtisadi rayonunun sakinlərinin payına düşüb. Bu rayon əhalisinin gəlirlərində pul köçürmələrinin xüsusi çəkisi cəmi 0,5 faiz təşkil edib.

Eyni göstərici üzrə ikinci ən aşağı nəticə Sumqayıt şəhərinin də daxil olduğu Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Burada xaricdən pul köçürmələri əhalinin gəlirlərinin cəmi 0,6 faizini təşkil edib.

Rusiyada Qərb sanksiyalarının yaratdığı böyük təhlükələrə baxmayaraq, Azərbaycan vətəndaşlarının iş dalınca bu ölkəyə kütləvi axınının davam etməsi Vətəndə onları qane edən iş şərtlərinin olmamasının açıq göstəricisidir. İllər uzunu yüz min-yüz min Şimala axan bu əmək mirantları sanksiyalar Rusiya iqtisadiyyatını çökdürəcəyi halda milyonlar olaraq geri dönəcəklər...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR