İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya öz məhsulunu rahat satmaq üçün “Taxıl saziş”ini dayandırmaq istəyir

634 08.03.2023 12:18 İqtisadiyyat A A

Moskva 4 aya 46 milyon ton buğda reallaşdırmalıdır, əks halda...

Fevral ayında dünya ərzaq qiymətləri indeksi azalmağa davam edib. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) hesablamalarına əsasən qlobal bazarlarda 11-ci ayda da qiymət azalması qeydə alınıb: “FAO ərzaq qiymətləri üzrə indeksi on birinci ay da azalmağa davam edərək fevral ayında 129,8 bəndə bərabər olub. Bu, yanvardakı göstəricidən 0,6 faiz aşağıdır. Belə cüzi azalma bitki yağı, süd məhsulları üzrə kəskin, taxıl məhsulları üzrə zəif ucuzlaşma, şəkər qiymətlərində isə kəskin artım fonunda qeydə alınıb”.

Fevral ayında bitki yağları qiymət indeksi 4,5 bənd və ya 3,2 faiz azalmaqla 135,9 bənd olub. Bu, 2021-ci ilin əvvəlindən bəri ən aşağı səviyyədir. Buna səbəb palma, soya, günəbaxan və raps yağlarının qiymətindəki kəskin ucuzlaşmadır.

Yanvarla müqayisədə 3,6 bənd və ya 2,7 faiz azalaraq 131,3 bənd təşkil edən süd məhsulları qiymət indeksi isə bütün növ süd məhsullarının, xüsusilə də kərə yağı və quru-yağsız südün ucuzlaşması nəticəsində bu həddə düşüb.

Ət qiymətləri isə yanvarda cüzi ucuzlaşıb – 0,1 faiz, yaxud 0,1 bənd və 112 bənd təşkil edib. Eyni səviyyədə ucuzlaşma taxıl məhsullarında da qeydə alınıb. Taxıl məhsulları indeksi hazırda147,3 bənddir. FAO bildirir ki, bu, qırmızı payızlıq buğdanın yetişdirildiyi ABŞ-da müşahidə olunan quraq hava şərtləri, həmçinin Avstraliya buğdasına tələbin artması ilə bağlıdır.

Fevral ayında yeganə olaraq şəkər qiymətlərində kəskin artım qeydə alınıb – yanvarla müqayisədə 8Ş7 bəönd və ya 6,8 faiz bahalaşmaqla 124,9 bəndə yüksəlib. Bu artım 2022-2023-cü il mövsümündə Hindistanda şəkər istehsalının səviyyəsinə dair proqnozların azaldılması ilə bağlıdır.

FAO hesab edir ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı reallaşdırılan “Taxıl dəhlizi”nin fəaliyyəti dayandırılarsa, qlobal ərzaq bazarlarında yenidən bahalaşma başlayacaq. 2022-ci ilin iyulundan Türkiyə və BMT vasitəçiliyi ilə fəaliyyətə başlayan, noyabrda yenidən artırılan sazişin qüvvədə olma müddəti martın 18-də bitir.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

BMT Ərzaq Proqramının rəhbəri Devid Bisli bütün dünya liderlərinə müraciət edərək, onları  “taxıl dəhlizi”nin işinin davam etməsinə nail olmağa çağırıb. Onun Twitter hesabından yayılan müraciətdə qeyd olunur ki, yalnız Ukrayna 400 milyon nəfəri yedirtməyə qadirdir. “Taxıl dəhlizi” ilə əldə olunan buğdanı onun rəhbərlik etdiyi təşkilat tərəfindən 36 milyon ac insana çatdırılması həyata keçirilir: “Əgər biz Qara dəniz təşəbbüsünün müddətini uzatmasaq Yer kürəsi əhalisi təhlükədə olacaq. Davam edən toqquşmalar, pandemiya, ardınca Türkiyə və Suriyanı müflis edən zəlzələlər fonunda “taxıl sazişi”nin dayandırılması böyük fəlakətlərə səbəb ola bilər. Buna görə də nə yolla olursa-olsun onun davamına nail olmalıyıq”.

Sazişin əsas tərəflərindən olan Türkiyə də onun müddətinin uzadılmasının tərəfdarıdır. Bu barədə danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sazişin müddətinin uzadılması üçün səylərini davam etdirdiklərini bildirib.

Artıq ABŞ, Avropa İttifaqı, G7 liderləri də Ukrayna məhsullarını dünya bazarına daşıyan dəhlizin fəaliyyətinin davam etməsi istiqamətində çağırışlar səsləndiriblər.

Sazişin yalnız bir tərəfi – Rusiya hakimiyyəti onun uzadılması üçün şərt irəli sürür. Rusiyanın xarici işlər naziri Sergey lavrov bu günlərdə Yeni Dehlidə M.Çavuşoğlu ilə müzakirələrdən sonra bəyan edib ki, yalnız onların tələblərinə əməl olunacağı halda sazişin müddətinin uzadılmasına razı olacaqlar. Rusiya tərəfi iddia edir ki, Qərbin sanksiyaları onun kənd təsərrüfatı məhsulları və gübrələrinin digər ölkələrə ixracına mane olur, bununla bağlı BMT öz üzərinə götürdüyü öhdəlikləri icra etməyib. Halbuki sazişin müddəti birinci dəfə uzadılandan bəri həm ABŞ, həm də Avropa İttifaqı bankların, maliyyə institutlarının Rusiyadan ərzaq məhsulları və gübrə idxalı üzrə əməliyyatlara xidmət göstərmələri üçün zəruri addımlar atıblar. Məsələ burasındadır ki, Qərb bu məhsulların ixracına hər hansı sanksiya tətbiq etməyib. Bəzi sanksiyalar dolayı yolla bu cür alqı-satqı əməliyyatlarının maliyyələşdirilməsini, daşınmanın sığortalanmasını çətinləşdirirdi. ABŞ və Aİ bu maneələri də tam aradan qaldırıblar.

Azərbaycana buğda idxalı 7 dəfə artırıb |

BMT-nin  məlumatına əsasən 2023-cü il martın əvvəlinə qədər Ukraynanın Odessa, Çernomorsk və Cənub limanlarından 23 milyon ton məhsulla dolu 780 gəmi çıxıb. Bu məhsulun 49 faizi qarğıdalı, 27 faizi buğda olub. Məhsulun 4Ş8 milyon tonu Çinə, 3,9 milyon tonu İspaniyaya, 2,6 milyon tonu Türkiyəyə, 1,7 milyon tonu İtaliyaya, 1,4 milyon tonu isə Niderlanda çatdırılıb. Regionlar üzrə böldükdə, 52,6 faiz məhsul Avropa və Mərkəzi Asiyaya, 24,8 faiz Asiya-Sakit Okeana, 14,3 faiz Yazın Şərq və Şimali Amerikaya,2,6 faiz Saxaradan cənubdakı ölkələrə çatıb.

Rusiya dəhlizin öz məqsədinə uyğun fəaliyyət göstərmədiyini iddia edərək, əvvəllər buğda tələbatının mühüm hissəsini Ukraynadan alan Misir, Liviya, Pakistan, Livan, Somali və digər ölkələrə dəhlizlə daşınan məhsulun az bir qisminin çatdığını bildirir.

Rusiya iddia edir ki, Avropa İttifaqı Ukraynadan yem üçün taxılın ucuz idxalı hesabına öz tələbatını təmin edir, öz məhsulunu isə əvvəl Ukraynadan alan Mərakeş, Əlcəzair, Nigeriya, Misir və Çin kimi ölkələrə satır.

Reallıqda Rusiyanın bu iddialarının kökündə özünün iqtisadi maraqları dayanır. Əvvəla ondan başlayaq ki, Ukraynadan taxılın ixracı dünya bazarında qiymətləri salan əsas faktordur. Ötən ilin martında buğdanın 1 tonunun qiyməti 500 dollardan yuxarı qalxmışdı. May ayında Avropa İttifaqı Ukrayna taxılını dünya bazarına çatdırmaq üçün “həmrəylik yolu”nu işə saldıqdan sonra qiymətlər sürətlə azalaraq iyulda 382,5 dollara düşdü. Məhz o zaman Rusiya Ukrayna limanlarını mühasirədə saxlamağın faydasız olduğunu, əksinə, öz məhsulunu da sata bilmədiyini görüb “Taxıl dəhlizi”nin işinə razılıq verdi. Bundan sonra ABŞ Rusiyanın gübrə ixracından bütün məhdudiyyətləri götürdü, noyabrdan sonra isə digər Qərb ölkələri də analoji addımlar atdılar.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin hesablamalarına əsasən bu ilin birinci yarısında ölkə 30-35 milyon ton taxıl ixrac etmək imkanındadır. Kənd təsərrüfatı nazirinin birinci müavini Oksana Lutun verdiyi məlumata görə, 2022-ci ilin ikinci yarısında onlar 29 milyon ton taxıl ixrac ediblər. Ümumilikdə, 2022-2023-cü il mövsümündə Rusiya 39,5 milyon ton buğda olmaqla, 60 milyon ton taxıl satmağı hədəfləyir.

Azərbaycanda taxıl idxalı azala bilər

Rusiya Aqrar Bazar Konyukturu İnstitutunun baş direktoru Dmitri Rılkonun dediyinə görə, Ukraynada müharibə başlayana qədər Rusiya buğdası Rumıniya buğdasından 1-2 dollar baha satılırdı. Lakin işğalçı müharibə başladıqdan sonra Rusiya buğdasını almaq istəyənlər azalıb, nəticədə onun qiymətində endirim bəzən 40 dollara qədər yüksəlib. Hazırda Rusiya buğdası orta bazar qiymətindən 15 dollar ucuz təklif olunur. Bu aydan etibarən Rusiya hər ay çox böyük həcmdə satış etməlidir ki, mövsümün sonuna qədər nəzərdə tutulan 60 milyon tonun hamısını reallaşdıra bilsin. Hətta 60 milyon ton satılsa belə, Rusiyada daxili istehlak 45,5 milyon tondan 50 milyon tona qədər artmasa, yerli istehsalçıların məhsulları əllərində qalacaq. Nəticədə, Rusiya növbəti mövsümə 17,6 milyon tonluq nəhəng buğda ehtiyatı ilə çıxmalı olacaq.

Bundan əvvəl Rusiya aqrar sektor təmsilçiləri dəfələrlə Ukrayna taxılının dünya bazarına yolunun bağlanmasını tələb ediblər. Onlar bunu Ukrayna məhsulunun dünya bazarında Rusiya buğdasına əsas rəqib olması ilə əsaslandırırlar.

Rusiyanın iddialarının əksinə olaraq, onun taxılının ixracı son aylarda rekord həddə çatıb. Bloomberg Agentliyinin Logistic OS. Logistika şirkətinin məlumatlarına əsasən yaydığı məlumata görə, 2023-cü ilin yanvar-fevralında Rusiyadan buğda ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artmaqla 6,1 milyon ton təşkil edib. Bu isə Rusiya taxılının ixracı ilə bağlı yaranan problemlərin tamamilə aradan qaldırıldığını göstərir. Nəticədə Rusiya 2022-ci ilin ikinci yarısında ötən ilin eyni dövründəki 26,7 milyon tona qarşı 29 milyon ton buğda ixrac edib. Bu ilki satışların 6,5 milyon tonu Türkiyəyə, 5 milyon tonu Misirə reallaşıb. İran, Pakistan, Səudiyyə Ərəbistanı, Banqladeş, Əlcəzair, Sudan və Liviyanın alışları da 1 milyon tondan yuxarı olub. Bu isə o deməkdir ki, Sudan, Əlcəzair, Liviya, Pakistan kimi ölkələrə Ukraynadan az buğda çatdığını deyib “taxıl dəhlizi”nin fəaliyyətini dayandırmaq qərarını əsaslandırmaq riyakarlıqdır: Rusiya özü həmin ölkələrə məhsul satmaqda maraqlıdır. Bunun üçünsə Ukrayna taxılının bazara yolunu bağlamaq lazımdır.

Rusiya həmçinin israrla Ukraynanın Odessa limanından Rusiyaya məxsus maye amiyak gübrələrinin ixracına razılıq verməsini tələb edir. Halbuki bu, indiki işğalçı müharibə fonunda mümkün deyil...

Dünya SAKİT,
“Yeni Müsavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR