İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Metsamorda yeni enerji bloku tikəcək - bölgəyə yeni təhlükə...

898 05.05.2023 08:40 Gündəm A A

Şimal qonşumuz bu cür strateji nöqtələrdən manevr etməklə Ermənistanı maksimum şəkildə öz yanında saxlamağa çalışır

Rusiyanın  “RosAtom” Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçev və onu müşayiət edən nümayəndə heyəti İrəvanda baş nazir Nikol Paşinyanla görüşüb.  

Məlumata görə, baş nazir Ermənistanla “RosAtom” korporasiyası arasında əməkdaşlığın vacibliyini vurğulayıb, bu əməkdaşlıq çərçivəsində bir sıra birgə layihələrin uğurla həyata keçirildiyini deyib. Nikol Paşinyan nüvə enerjisi sahəsində tərəfdaşlığa toxunaraq, Ermənistan AES-in ikinci enerji blokunun ömrünün uzadılmasında “RosAtom”un rolunu qeyd edib.

Aleksey Lixaçev Ermənistanla əlaqələri səmərəli qiymətləndirib və “RosAtom”un qarşılıqlı faydalı əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib.

 Görüşdə Ermənistanda yeni atom enerji blokunun tikintisi, nüvə təbabəti sahəsində mümkün əməkdaşlıq, eləcə də “Nairit” zavodunda təhlükəli tullantıların utilizasiyası üzrə tərəfdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 2-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Mariano Qrossini qəbul edərkən Metsamor AES təhlükəsi haqda da danışmışdı.

Prezident İlham Əliyev nüvə təhlükəsizliyi probleminə toxunaraq Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının fəaliyyət göstərdiyini, onun Azərbaycana, Türkiyəyə, Ermənistana və bütün regiona böyük nüvə təhlükəsi yaratdığını bildirib, bu stansiyanın köhnə texnologiya ilə çalışdığını, onun ciddi texniki problemlərinin olduğunu diqqətə çatdırıb və Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılmasının narahatlıq doğurduğunu vurğulayıb.

Metsamorun istismar müddəti çoxdan bitib. Ermənistan Metsamor AES-in fəaliyyətini uzatmaq üçün müxtəlif bəhanələr gətirir. Ermənistan Metsamor atom elektrik stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalıdır. Stansiya müasir tələblərə cavab vermir. İstifadə edilən avadanlıqlar da köhnəlib. Azərbaycan, Rusiya, Gürcüstan və İranın ekoloji orqanları bu məsələ ilə bağlı ciddi məşğuldur. Bütün bunlara baxmayaraq, Ermənistanın regional ekoloji təhlükəsizliyi təhlükə altına almaqda davam edir.

İkinci bir tərəfdən, AES-in ikinci enerji blokunun modernləşdirilməsi üçün Rusiya bir neçə il əvvəl Ermənistana 270 milyon dollar kredit vermişdi, amma bu məbləğ kifayət etməmişdi, rusiyalı mütəxəssislər də işləri bu səbəbdən dayandırmışdılar. Görünür, indi Rusiya ondan uzaqlaşmağa çalışan Ermənistanı yenidən kredit verərək özündən asılı vəziyyətə salmaq istəyir, Paşinyan da buna razılaşmaq zorundadır...

Araik Arutyunyan Xankəndidə erməniləri “tavana” oturdur

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistandakı AES-in fəaliyyətini davam etdirməsi dünyanın ən təhlükəli məsələlərindən biridir: “Bu, potensial ətraf-mühit böhranı da, Rusiyanın "kolonial enerji siyasəti"nin davamı da adlandırıla bilər. Hətta 2002-ci ildə Avropa Şurası ekspert komissiyası bölgəyə gələrək seysmik zonada yerləşən stansiyanın dünyəvi standartlara uyğun olmadığı və fəaliyyətinin ətraf-mühit üçün çox təhlükəli olduğunu bildirib. Bununla bağlı AŞ PA öz narahatlığını ifadə edən müvafiq sənədlər (27.06.2001-ci ildə 9148 saylı, 31.01.2022-ci ildə 9336 saylı, 07.05.2022-ci ildə 9444 saylı) qəbul edib. Lakin bütün bu qlobal “SOS” siqnallarına baxmayaraq, Ermənistan stansiyanın fəaliyyətini davam etdirir, çünki elektrik enerjisi tələbatının 40%-ni buradan, qalan hissəsini isə xaricdən idxalla təmin edir. Burada yenə də Rusiyanın “şir payı” var. Belə ki, Ermənistanın qaz idxalının 85%-i Rusiyanın, qalan hissəsi də İranın payına düşür. Rusiya bütün Avropaya enerji təzyiqi etdiyi kimi, hazırda qərbyönümlü siyasətinə cavab olaraq Ermənistanın “qazını kəsməklə” öz sözünü deməyə çalışır. Bununla yanaşı, Ermənistanda atom gücü ilə varlığını davam etdirmək üçün Metsamoru yeniləmək, yeni təsislər inşa etmək qərarına gəlib. Ümumiyyətlə, Ermənistan bir dövlət olaraq bir çox strateji əhəmiyyətli sahələrini Rusiyaya satıb. Bura həmçinin Ermənistanın sərhədlərinin qorunması, enerji ilə təmin olunması, idxal-ixrac əməliyyatları, nəqliyyat-infrastruktur sistemi, sosial-mədəni və s. məsələlər daxildir. 2018-ci ilin “məxməri inqilab”dan sonra Paşinyanın mövcud durumu dəyişəcəyi ehtimal edilirdisə, görünür ki,  29,8 km2 iddia etdiyi Ermənistanın ərazi vahidində ölkəsinin suverenliyini və müstəqil dövlətçiliyini qorumaq adına əvvəlki siyasəti davam etdirməyə məcburdur. Xüsusilə Ermənistan-Azərbaycan arasında olduqca əhəmiyyətli bir sülh prosesinin getdiyi bir dövrdə, bu təzyiq Ermənistanın Rusiyanın tövsiyələrini qulaqardına vurmaması üçün lazımlı hesab edilir. Belə ki, sülh olarsa, gələcəkdə Azərbaycan da Ermənistana enerji təminatında rol ala bilər".

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu stansiyadan Ermənistanın şantaj kimi istifadə etdiyini qeyd etdi: “Ermənistanın təcavüzkar siyasəti özünü çıxılmaz duruma salıb. Qonşuları Türkiyə və Azərbaycanla düşmənçiliyini davam etdirməsi hərbi siyasi və iqtisadi fəlakətə gətirib çıxarıb. Bütün regional və beynəlxalq layihələrdən kənarda qalaraq özü-özünü təcrid edib. Rusiya isə Ermənistanın bu halından məmnundur və Ermənistanın daha çox ağır duruma düşməsi onu Moskvadan daha çox asılı hala salır. Metsamora yeni kredit ayırmasında Rusiyanın məqsədi maliyyə asılılığını artırmaq, regionda təhlükəni saxlamaqdır. Ermənistanın onsuz da enerji sektoru bütünlükdə Rusiyanın inhisarındadır. Ölkə iqtisadiyyatı da bilavasitə enerjidən asılıdır. Odur ki, bu asılılıq əvvəlcədən mövcuddur. Burada bir nüansa da diqqət yetirmək istərdim. İstismar müddəti başa çatan Metsamor AES-in bağlanmasını Qərb tələb etsə də, hər dəfə bəhanələrlə bundan imtina edir. Səbəb də onu göstərirlər ki, guya Ermənistan enerji ehtiyaclarını tam ödəyə bilmədiyindən həmin AES-dən istifadə etmək məcburiyyətindədir. Yararsız vəziyyətə düşən Metsamor AES İrəvanın əlində şantaj alətinə çevrilib. Bu gün Paşinyan hakimiyyəti çox zəifdir və basqınları önləməkdə acizdir. Bu zəiflik həm də Ermənistanın iqtisadi və siyasi durumu ilə bağlıdır. Əgər Paşinyan Rusiyanın diktəsi ilə hərəkətdən imtina etmək cəsarətində bulunarsa, bu, Ermənistanın defoltu ilə nəticələnə bilər. Çünki bayaq da vurğuladığımız kimi, enerji sektoruna nəzarət Rusiyadadır. Metsamora gəlincə, bu AES-ə yüz milyonlarla yenidən kredit ayrılması bu stansiyanın təhlükəsiz fəaliyyətinə təminat vermir. Həm çox köhnəlib, həm də aktiv seysmik zonada yerləşir. Odur ki, qonşu dövlətlər çalışmalıdır ki, Metsamor AES qapadılsın. Onsuz da indiki halda da regionun ekosisteminə ciddi zərər vurur. Radiasiya ilə çirkləndirir. Bu problem böyük bir regionun problemidir”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir | Kaspi.az

 Ramil Məmmədli

Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi icmalçı Ramil Məmmədli Ermənistandakı AES-in ləğvi zərurətinin yarandığını söylədi: “Ermənistanda yerləşən AES region üçün olduqca ciddi təhlükə mənbəyinə çevrilib. Məsələ burasındadır ki, bu stansiyanın köhnə olması, eyni zamanda yenilənməsinə ehtiyacın olması müəyyən problemlər yaradır. Burada əsas problem də elə stansiyanın yenilənməməsidir. Bu isə daha çox Ermənistanın buna maliyyə imkanının olmamasından irəli gəlir. Təbii ki, Rusiya özünün müəyyən məqsədləri üçün bu atom elektrik stansiyasının yenilənməsində maraqlıdır. Lakin bu prosesin necə həyata keçiriləcəyi hələ ki məlum deyil. Hesab edirəm ki, Ermənistanda belə bir stansiyanın mövcudluğu, ümumiyyətlə, dayandırılmalıdır. Bunun həm radiasiya, həm də partlayış olarsa, nə qədər təhlükəli olduğunu hər kəsin bilməsi vacibdir. Əgər Ermənistanın maliyyə imkanı yoxdursa, bu stansiyanı yeniləyə bilmirsə, bunun ləğvi zərurəti yaranır. Burada Rusiyanın həmin stansiyanın yenilənməsi barədə canfəşanlığı da anlaşılandır. Şimal qonşumuz bu cür strateji nöqtələrdən manevr etməklə Ermənistanı maksimum şəkildə öz yanında saxlamağa çalışır. Bir növ bu cür strateji nöqtə təzyiq riçağına çevrilib”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR