İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Hindistanı Ermənistanı silahlandırmağa qoymur - Nonsens, yoxsa...

981 06.05.2023 08:34 Gündəm A A

44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən sonra Ermənistan bir müddətdir təzədən silahlanmağa, öz sınıq-salxaq ordusunu dirçəltməyə can atır. Bu məqsədlə İrəvan əsasən Hindistan və İranla işbirliyi içindədir.

Eyni zamanda, bu il üçün Ermənistanın hərbi büdcəsi rekord məbləğdə müəyyən edilib - 1.2 milyard ABŞ dolları. Bundan əlavə, Ermənistan müdafiə naziri Suren Papikyan hər iki ölkəyə çoxsaylı səfərlər edib. Keçən il isə Hindistandan 270 milyon dollar dəyərində silah tədarükü ilə bağlı anlaşma imzalanıb. Həmin silahların bir qismi artıq kapitulyant ölkəyə çatdırılıb. Lakin bu arada məlum olub ki, Rusiya İrəvanın Hindistandan aldığı silahların Ermənistana daşınmasının qarşısını alır. Bunu erməni deputat Qayane Abramyan İctimai Televiziyanın efirində deyib.

“Məndə belə bir məlumat var ki, Rusiya İran vasitəsilə Hindistandan hərbi texnikanın gətirilməsinə mane olur. Rusiya Hindistandan aldığı hərbi texnikanın İran ərazisindən keçməklə Ermənistana gətirilməsinə əngəl yaradır. Rusiya müdaxilə etməməli, kömək etmirsə, heç olmasa, aldığımız silahların idxalına mane olmamalıdır”, - deyə deputat qeyd edib.

Daha sonra erməni politoloq Stepan Qriqoryan təsdiqləyib ki, İran Rusiyanın tələbi ilə Hindistandan artıq pulu ödənilmiş silahların Ermənistana çatdırılmasına mane olur. Bəs səbəb nədir? Rusiya nədən narahatdır, Hindistanın silah bazarında Rusiyanın yerini tutmasındanmı, yoxsa başqa səbəb var?

Xatırladaq ki, Hindistanın əsas silah tədarükçülərindən biri elə Rusiyadır...

Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA

Akif Nağı: “Onların bu təşəbbüsü, böyük ehtimalla, ABŞ-ın sifarişi ilə həyata keçirilir”

Azad Vətən Partiyasının sədri Akif Nağı burada Amerikanın rolunun olduğunu düşünür: “Dünyada silah alveri əsas yerlərdən birini tutur. Dövlətlər bu mənada öz bazarlarını müəyyən edir, oraya başqalarının müdaxiləsinə imkan vermirlər. Silah alverinə həm gəlir mənbəyi, həm də bu və ya digər ölkəni təsir dairəsində, müttəfiqlik münasibətlərində saxlamaq üçün vasitə kimi baxılır. Bu halda Rusiya özünün silah bazarına Hindistanın və ya onun vasitəsilə başqa bir rəqibinin müdaxiləsinə qısqanclıqla yanaşır. Hindistan silah bazarında elə də ciddi mövqeyə malik deyil. Ona görə də onların bu təşəbbüsü böyük ehtimalla, ABŞ-ın sifarişi ilə həyata keçirilir. Vaşinqton Hindistanın əli ilə Rusiyanın Ermənistana silah satmasının qarşısını almağa, eyni zamanda, oraya təsir imkanlarını zəiflətməyə çalışır. Digər tərəfdən, bu, Ermənistanın Rusiya təsirindən çıxmaq istəyi ilə də bağlı ola bilər. Ermənistan Azərbaycana qarşı revanşist hisslərlə yaşamaqda davam edir. Bunun üçün hərbi büdcəsini artırır, silahlanmağa çalışır. Rusiya silahları 44 günlük müharibədə özünü doğrultmadı. Ona görə də ermənilər Qərbə üz tutur, amma bunu açıq şəkildə etməkdən çəkinir və Hindistan kimi ölkələrin vasitəsilə əslində Qərbin silahlarını əldə etməyə çalışırlar. İstənilən halda bu mürəkkəb proseslərlə bağlı diqqətli olmalı, rəqiblərin ziddiyyət və qarşıdurmalarından, yanlış hərəkətlərindən yararlanmağı bacarmalıyıq”.

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Rövşən Məhərrəmov: “Ermənistanın Hindistandan aldığı sistemlər ölkəmiz üçün heç bir təhlükə yaratmır”

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov deyilənlərdə həqiqət görür: “Bilirsiniz ki, biz 44 günlük Vətən müharibəsində erməni ordusunu darmadağın etdik. Ermənilər əsasən bu savaşda Rusiya istehsalı olan silahlarla silahlanmışdı. Hətta onlara ”İsgəndər"lər də verilmişdi. Rusiya hər dövlətə bu uzaqmənzilli raketləri vermir, hətta Azərbaycana belə. KTMT-də yaxın müttəfiqi olaraq, Rusiya onlara bütün silahlarını satıb. Amma bu müharibədə Rusiya silahlarını Azərbaycanın müzəffər ordusu məhv etdi. Hətta biz Ermənistan tərəfindən II Qarabağ savaşında atılan mərmilərin partlamadığının da şahidi az olmadıq. Ermənilər dəfələrlə bildiriblər ki, ruslar tərəfindən keyfiyyətsiz silahlarla təmin olunublar. Bir sözlə, Rusiya köhnədən qalmış, anbarlarda paslanmış silahlarla erməniləri təmin edib. Bu barədə erməni siyasətçiləri, politoloqları da çox danışıblar.

Müharibədəki darmadağından sonra Paşinyan müəyyən addımlar atmağa başladı. Alternativ ölkələrdə silah axtarışına çıxdı. O ölkələrdən biri də Hindistan oldu. Bu ölkədən hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlərin alınması üçün bir sıra müqavilələr imzalandı. Hətta maliyyə də ödənildi. O silahların Ermənistana daşınmasında yalnız bir yol var, o da İran vasitəsilə mümkündür. Rusiyanın da İran üzərində müəyyən təsirləri mövcuddur. Görünür ki, Rusiya buna imkan vermir. Ermənistan onun həm ən yaxın müttəfiqidir, həm də KTMT üzvüdür. Paşinyan isə bacardığı qədər başqa dövlətlərlə razılaşmalar əldə etmək niyyətindədir. Daha effektiv silahlar əldə etməyə cəhd edir. Burada da rusların imkan verməmə ehtimalı ola bilər.

Bir məsələni də deyim. Azərbaycan da Rusiyadan silahlar alıb. Amma müasir silahları 3 qat artıq məbləğə əldə etmişik. Şimal qonşumuz Ermənistana silahlarını başqa dövlətlərə nisbətdə dəfələrlə aşağı qiymətə satıb. Bu gün isə Rusiya-Ermənistan münasibətlərinin gərgin olduğunu deyə bilərik. Burada gərginlik öz sözünü deməyə bilməz. Kreml istənilən halda Ermənistanı öz nəzarətində saxlamağa çalışır. Heç cür silah bazarından Ermənistanın çıxmasına razılıq vermək fikrində deyil. Hindistandan alınan silahların Ermənistana gətirilməsində dediyimiz kimi ciddi problemlər var. Ermənistanla yaxın sərhədləri olan Azərbaycan, Türkiyə, Gürcüstan kimi ölkələr imkan verməz ki, hind silahlarını ermənilər sərhəddən keçirsin. Rusiya da bunu çox gözəl bilir. Eyni zamanda, İrandan da beli bərk deyil və bunun üçün də rəsmi Tehranı təzyiqdə saxlamaq üçün müəyyən addımlar da atmamış deyil. Sona qədər Kreml çalışacaq ki, Ermənistan Hindistandan silahlar əldə etməsin. Erməni siyasətçiləri və politoloqları ilk dəfə deyil ki, bunu bildirirlər. Bundan öncə də bunun proqnozunu vermişdilər. Amma düşünürəm ki, sonda hansısa razılıq əldə olunacaq, yəni bu əngəl aradan qaldırılacaq. Ən azından ermənilərin vəsait ödədikləri silahlar İran vasitəsilə Ermənistana çatdırılacaq və Rusiya da buna göz yumacaq. Amma gələcəkdə hansısa müqavilə ilə növbəti silahların İran vasitəsilə Ermənistana daşınması mümkünsüz olacaq. Bununla da rəsmi İrəvan yenə də Moskvadan asılı vəziyyətdə qalacaq.

Xatırlayırsınızsa, müharibədən sonra Paşinyan belə bir açıqlama vermişdi ki, biz Rusiyaya bir milyarda yaxın pul ödədik, lakin o bizi silahlarla təmin etmədi. Rusiya tərəfindən erməni baş nazirin dediklərinə dərhal reaksiya gəlmişdi. Ermənistana heç bir silah borcunun olmadığı, ermənilərin təmin edildiyi barədə açıqlamalar verilmişdi. Putin də çıxışlarının birində qeyd etmişdi ki, bütün erməni xalqı 44 günlük müharibədə bizim onlara necə kömək etdiyimizi yaxşı bilir. Bilirsiniz ki, II Qarabağ savaşında Ənzəli portu ilə Ermənistana silahların daşınması barədə faktlar yayılmışdı. Nə qədər silahlar ermənilərə verilsə də, Vətən müharibəmizdə bunun effektiv olmadığını gördük. Bir neçə S-300, eləcə də, digər hava hücumlarından müdafiə sistemləri ordumuz tərəfindən məhv edildi".

Polkovnik istənilən halda ölkəmiz adına çox arxayındır: “Ermənistanın Hindistandan aldıqları sistemlər ölkəmiz üçün heç bir təhlükə yaratmır. Çünki bizim alternativ silahlarımız var. Bizdə Türkiyə, İsrail, hətta Rusiya istehsalı olan silahlar mövcuddur. Biz heç nədən çəkinmirik, ordumuza tam arxayınıq. 44 günlük qələbə savaşımızdan sonra quru qoşunları yaradıldı. Bu qoşunların yaradılması ilə müəyyən struktur dəyişiklikləri oldu. Komando hərbi birləşmələri yaradıldı. Azərbaycan Ordusu NATO ordu sisteminə keçməkdədir. Əsasən də Türkiyə modelinə keçmişik. Qardaş ölkə də bəllidir ki, NATO üzvüdür. Daha uyğun, müasir silahlar əldə etməyə davam edirik. Gələcəkdə də bu davamlı olacaq. Quru qoşunlarımızın ştatlara uyğun şəkildə silahlanmaları düşünürəm ki, artıq başa çatıb. Ordumuzun durmadan gücləndiyini ermənilər görür, müasir silahlar aldığımızı izləyirlər, özlərinin isə belə imkanlarının olmadığını yaxşı bilirlər. İndiki vəziyyətdə Rusiya-Ermənistan münasibətlərindəki gərginlik fonunda inanmıram ki, əvvəllər olduğu kimi ruslar ucuz qiymətə ermənilərə müasir silahlar satsınlar. Məhz ona görə də ermənilər belə addımlar atmaq məcburiyyətindədirlər. Amma onlarda sadəcə, logistik problemlər var. Bu problemləri isə aradan qaldırmaq mümkünsüzdür. Rusiya İrana olan təsirləri ilə əvvəldə dediyimiz kimi, buna imkan verməyəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR