İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanı suverenliyini itirəcəyi ilə hədələdi

1352 29.12.2023 11:56 Siyasət A A

Lavrov Paşinyan hakimiyyətinin Qərbə “stavka” etdiyini və bunun Ermənistana böyük təhlükələr yaratdığını bəyan etdi - Bakıdan reaksiya...

Rusiya hərbi bazası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir, onun respublika ərazisində yerləşməsinin məqsədəuyğunluğu barədə danışmaq zərərlidir.

APA xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair TASS-a müsahibəsində deyib.

“Biz Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edirik. Onun orada yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da, ilk növbədə, milli maraqlara və Cənubi Qafqazda sabitliyi gücləndirmək üçün dövlətlərimizin ümumi məqsədinə əsaslanaraq bağlanıb”, - deyə nazir qeyd edib.

Lavrov bildirib ki,  Rusiya ordusu “regionda sülhün təmin edilməsində əsas elementdir”.

Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən, Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də bazanın yerləşdirilməsi haqqında sazişin müddəti 2044-cü ilə qədər uzadılıb. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır.

S.Lavrov müsahibədə Ermənistanın ünvanına təhdid və ittihamlar da səsləndirib. O, Paşinyan hakimiyyətinin Qərbə “stavka” etdiyini və bunun Ermənistana böyük təhlükələr yaratdığını bildirib: “Təəssüf ki, rəsmi İrəvan qərblilərin vədlərinə uyaraq xarici siyasət xəttini yenidən format etməyə çalışır. O, Moskva ilə zamanın sınağından çıxmış ittifaq əlaqələrini Qərbin hətta konkret köməyi ilə də deyil, yalnız dumanlı vədləri ilə dəyişir. Strateji kursun dönüşünə haqq qazandırmaq üçün Ermənistanın bütün bəlalarına, o cümlədən Qarabağın itirilməsinə görə Rusiyanı günahlandırmağa çalışırlar. Biz dəfələrlə Rusiyanın narahatlığı barədə açıq şəkildə danışmışıq. İndi Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur...”

Bununla yanaşı, Rusiya XİN rəhbəri yenə də qeyd edib ki, Ermənistan Cənubi Qafqazda Rusiya üçün strateji tərəfdaş olub və olaraq da qalır. Lakin ardınca dərhal Qərbə yönəldiyi üçün Ermənistanı gözləyən təhlükələrdən danışıb və dolayısı ilə İrəvanı təhdid edib: “Qərb dövlətləri Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır, onların vəzifəsi Moskvanı regiondan sıxışdırıb çıxarmaqdır. Ermənistan indi bir sıra problemlərlə üz-üzədir. Üstəlik, Qərb oyunçularının köməyi ilə onların qarşısını almaq mümkün olmayacaq. ABŞ və Aİ Rusiyadan fərqli olaraq Ermənistana və bütövlükdə Cənubi Qafqaza sülh və sabitlik gətirməyə çalışmır. Onların vəzifəsi tamamilə fərqlidir - Moskvanı və digər regional gücləri sıxışdırmaq, Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni gərginlik mənbəyi yaratmaq”.

Lavrov bir qədər də irəli gedərək, İrəvanın NATO ilə əlaqələrinin Rusiyanı narahat etdiyini bildirib və bunun Ermənistanın öz suverenliyini və təhlükəsizliyini itirməsi ilə nəticələnəcəyini deyib: “Ümid edirəm ki, İrəvan alyansla qarşılıqlı əlaqələrin dərinləşməsinin onun milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyinin itirilməsinə apardığını bilir”.

XİN rəhbəri vurğulayıb ki, bu il Ermənistan NATO ilə onlarla birgə tədbirdə iştirak edib. Onun sözlərinə görə, İrəvan öz silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları Şimali Atlantika blokunun bəzi ştatlarında təlim keçir: “Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək, "parçala və idarə et" sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır".

Oqtay Qasımov - Teleqraf.com

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Rusiya tərəfinin belə fikirlər səsləndirməsi təbii qarşılanmalıdır: “Rusiya istəyir ki, 200 ildən artıq müddətdə olduğu kimi, Cənubi Qafqaz yenə onun nəzarət zonası olaraq qalsın. Moskva həmçinin hesab edir ki, onun hərbi bazalarının bölgədə olması bu bölgəyə sabitlik gətirir və burada başqa qüvvələrin yerləşməsinə əngəl törədir. Bu, Rusiyanın maraqları baxımından belədir. Amma ümumən götürdükdə əlbəttə ki, bölgədə doğru və hər kəsin marağına cavab verən vəziyyət belə olardı ki, bölgə respublikalarının hər biri tam şəkildə müstəqil olardı və bu ölkələrin ərazisində hansısa kənar ölkənin ordu birləşmələri olmazdı, bölgə geopolitik rəqabət meydanına çevrilməzdi. Bu gün elə vəziyyət yaranıb ki, Ermənistan bölgənin ən zəif bəndi olaraq öz ərazisində Rusiya hərbi bazasının fəaliyyət göstərməsinə razılıq verir və bu hərbi bazanın orada fəaliyyəti müqaviləyə görə 2045-ci ilə kimi davam etməlidir. Lakin son zamanlar Ermənistandan rəsmi və qeyri-rəsmi şəxslərin dilindən 102-ci hərbi bazanın Ermənistanda qalmasına qarşı fikirlər səslənir. Paralel olaraq da Paşinyan hökuməti Ermənistana Avropa İttifaqının və Qərbin mülki missiya adı altında qüvvələrinin yerləşməsinə razılıq verib. Bu qüvvələr əslində mülki missiyadan daha çox keçmiş hərbçilər, polislər, kəşfiyyatçılardan ibarətdir ki, bu da bölgədə geopolitik qarşıdurmanı gücləndirir. Lavrovun narahatlıq hiss edilən həmin açıqlamaları bununla əlaqədardır”.

Politoloq onu da dedi ki, Lavrov narahatlıq və narazılıqlarını ifadə etməklə yanaşı, həm də Ermənistanı suverenliyini itirə biləcəyi ilə təhdid edib: “Lavrov hətta Ukraynanın başına gələnləri dolayısı ilə İrəvana xatırladıb. Rusiya görür ki, Ermənistan cəmiyyətində Rusiya hərbi bazasının çıxarılması tələbləri  güclənməkdədr. Bu baxımdan da narahatlıq keçirir. Hesab edirəm ki, Ermənistan hökuməti 102-ci hərbi bazanın fəaliyyətinin tezliklə dayandırılması kimi radikal addıma getməyəcək. Ermənistan müqaviləni poza bilməz. Rusiyanın hədə və təhdidləri öz işini görəcək”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR