İnsanlara hürriyət, millətlərə istiqlal!

Rosarionun balaca “Birə”si dünyanın ən böyük əfsanəsinə necə çevrildi - “La Pulga”nın 39-cu baharı...

648 24.06.2026 10:29 İdman A A

Bu gün təkcə Argentinanın deyil, dünya futbol tarixinin ən böyük ulduzlarından sayılan Lionel Andres Messi 39 yaşını qeyd edir. Əminliklə söyləmək olar ki, o, sadəcə oyunçu deyil, həm də bütöv bir dövrün simvollarından biridir. Argentinalı superulduz təkcə qazandığı titullarla deyil, milyonlarla insanın qəlbində yaratdığı sevgi hissi ilə futbol tarixinin ən böyük əfsanələri sırasında yer alır.

1987-ci il iyunun 24-də Argentinanın Rosario şəhərində dünyaya gələn Messi uşaqlıq illərində böyümə hormonu çatışmazlığı problemi ilə üzləşib. Bir çoxları üçün bu xəstəlik arzuların sonu ola bilərdi. Lakin Messi üçün bu, yalnız başlanğıc oldu. Onun qeyri-adi istedadını görən “Barselona” rəhbərliyi 13 yaşlı yeniyetməni İspaniyaya gətirdi və müalicə xərclərini öz üzərinə götürdü.

WhatsApp Image 2026-06-24 at 00.11.58.jpeg (789 KB)

Sonralar futbol dünyasının ən möhtəşəm hekayələrindən biri məhz burada yazılmağa başladı. Boyunun balacalığına görə “La Pulga” (Birə) ləqəbi ilə tanınan Messi qısa zamanda “Barselona” akademiyasının ən böyük istedadına çevrildi. 2004-cü ildə əsas komandada debüt edən argentinalı sonrakı 17 ildə Kataloniya klubunun simvolu olub.

WhatsApp Image 2026-06-24 at 00.11.59.jpeg (418 KB)

Messi “Barselona” forması ilə 10 dəfə La Liqa çempionu olub. Eyni zamanda 7 dəfə İspaniya Kubokunu qazanıb. 8 dəfə İspaniya Superkubokunun sahibi olmağı bacarıb.

Messi Avropa turnirlərində də adından söz etdirib. 4 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə isə UEFA Superkubokunu əldə edib. Üç dəfə də Klublararası Dünya Çempionatının qalibi olub.

WhatsApp Image 2026-06-24 at 00.11.59 (1).jpeg (494 KB)

“Barselona” tarixinin ən yaxşı bombardiri kimi adını əbədiləşdirən Messi yüzlərlə qola imzasını atmaqla futbolu sənət səviyyəsinə yüksəldən fenomenlərdən biridir. 2021-ci ildə maliyyə problemləri səbəbindən göz yaşları içində “Barselona” ilə vidalaşan Messi Fransanın PSJ klubuna keçdi. Parisdə iki dəfə Fransa çempionu oldu və Fransa Superkubokunu qazandı. 2023-cü ildə isə futbol dünyasını təəccübləndirən qərarla ABŞ-nin “İnter Mayami” klubuna transfer olundu. Onun gəlişi ABŞ futboluna görünməmiş maraq yaratdı. Minlərlə azarkeş yalnız Messini canlı izləmək üçün stadionlara axışmağa başladı.

WhatsApp Image 2026-06-24 at 00.11.58 (1).jpeg (427 KB)

Ulduz futbolçu Argentina millisi ilə yarımçıq qalan arzusunun gerçəkləşməsinə də nail olub. Əminliklə demək olar ki, karyerasında ən böyük mübarizəsini ölkəsinin millisi ilə yaşayıb. Uzun illər milli komanda ilə böyük titul qazana bilmədiyi üçün tənqidlərə məruz qalan futbolçu heç vaxt mübarizədən vaz keçmədi. 2005-ci ildə gənclər arasında dünya çempionu olan Messi sonradan Argentina millisinin əsas simasına çevrildi.

Milli komanda ilə qazandığı ən böyük uğurları 2021 Amerika kuboku çempionluğu, 2022 Finalissima qalibliyi, 2022 dünya çempionluğu və bir daha 2024-cü ildə əldə etdiyi Amerika kuboku çempionluğudur. Xüsusilə 2022-ci ildə Qətərdə keçirilən Dünya Çempionatı Messinin futbol nağılının zirvəsi oldu. Argentina millisini dünya çempionluğuna aparan kapitan nəhayət ki, karyerasının ən böyük arzusuna çatdı. Finalda Fransaya qarşı nümayiş etdirdiyi oyun futbol tarixinin ən möhtəşəm çıxışlarından biri hesab olunur.

WhatsApp Image 2026-06-24 at 00.11.58 (2).jpeg (518 KB)

Messi karyerası ərzində rekord sayda fərdi mükafatlar qazanıb. 8 dəfə “Qızıl top”un (Ballon d'Or) sahibinə çevrilib. 6 dəfə Avropa “Qızıl buts”una layiq görülüb. FİFA tərəfindən dəfələrlə ilin futbolçusu mükafatını alıb. Dünya Çempionatının ən yaxşı oyunçusu mükafatını da muzeyinə aparıb. Amerika kubokunun ən yaxşı oyunçusu mükafatları da var. Məhz bunlara görə milyonlarla azarkeş onu “GOAT”ı, yəni bütün zamanların ən yaxşı futbolçusu adlandırır.

Messi təkcə qolları ilə deyil, xarakteri ilə də insanların sevgisini qazanıb. Təvazökarlığı, sakit davranışı və qalmaqallardan uzaq durması onu digər superulduzlardan fərqləndirir. Argentinada onun şəkilləri divarları bəzəyir, uşaqlar onun formasını geyinərək böyüyürlər. Barselonada Messi bir futbolçudan daha artıq məna daşıyır. Dünyanın hər yerində milyonlarla insan onun oyununu izləmək üçün gecələr yatmır, minlərlə kilometr yol qət edir.

WhatsApp Image 2026-06-24 at 00.11.59 (2).jpeg (1016 KB)

Messi böyük ürəyə sahib idmançılardan biri kimi də tanınır. 2007-ci ildə yaratdığı Leo Messi Fondu vasitəsilə minlərlə uşağın təhsilinə və müalicəsinə dəstək verib. O, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun xoşməramlı səfiridir və müxtəlif humanitar layihələrdə fəal iştirak edir. Dünyanın müxtəlif ölkələrində xəstəxanaların, məktəblərin və sosial proqramların maliyyələşdirilməsinə kömək göstərib.

WhatsApp Image 2026-06-24 at 00.11.59 (3).jpeg (544 KB)

Bir çox futbolçular üçün 39 yaş karyeranın sonu hesab edilir. Messi isə hələ də ən böyük səhnədədir. Argentina millisinin kapitanı hazırda ABŞ, Kanada və Meksikada keçirilən 2026 Dünya Çempionatında komandasını növbəti uğura aparmağa çalışır. Bu yaşda vurduğu 5 qolla bombardirlər siyahısında birinci yerdədir və hazırda dünya kuboklarında ən çox qola sahibdir. Qətərdə qazandığı dünya çempionluğundan sonra Messi yenidən kuboka doğru irəliləyir. Azarkeşlər onun son dünya çempionatında daha bir möcüzəyə imza atacağına inanırlar. Bəlkə də futbol tarixində bir daha Lionel Messi kimi biri olmayacaq. Çünki o, sadəcə qollar vuran oyunçu deyil. O, milyonlarla insanın uşaqlığını, arzularını və xatirələrini bəzəyən bir əfsanədir. 39 yaşında da futbolun ürəyi onunla döyünür. Dünya hələ də Lionel Messinin sehrini izləməyə davam edir...

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR