İnsanlara hürriyət, millətlərə istiqlal!

Robotların 1 mayı

1887 01.05.2022 14:32 Yazarlar A A

(pessimist zəhmətkeşin bayram cızmaqarası)

Bu gün 1 maydır, dünya zəhmətkeşlərini, o cümlədən milli zəhmətkeşlərimizi həmrəylik günü münasibətiylə təbrik edirəm. Hərçənd, bu dəqiqə dünyada ən az həmrəy olan, bir-birinə ən az dəstək verən zümrə, sinif varsa, o da elə zəhmətkeşlərdir. Qansoranlar, oğrular, quldurlar, faşistlər, yalançılar, yaltaqlar, manyaklar və sairə pis-pis əməllərin yiyələri, həmçinin avara-uvaralar daha çox həmrəylik nümayiş etdirir, nəinki zəhmətkeş insanlar. Bunu özünüz də adi müşahidə ilə, qəti zəhmət çəkmədən araşdıra bilərsiniz. Məsələn, oğru aləminin öz qrupları, bir-birinə yardım əli uzatması, böyük-kiçiyi var. Fəhlələr arasında isə yoxdur. Bir kənddə hansısa yaltağın hörməti daha böyükdür, nəinki əli qabarlı əkinçinin. Xalqa çörək yetişdirən əkinçi mal tövləsində yaşayır, xalqın qanını soran icra nümayəndəsi isə sarayda.

Ancaq sizə deyim, bu ayrıseçkilik, saxta “əməyə hörmət” teması təzə deyil. İndi bəziləri SSRİ-nin xiffətini çəkir, lakin o vaxt fəhlə-kəndlinin günü bundan da pis keçirdi. Bir qrup partnomenklatura bəy kefində yaşayırdı, özlərinə məxsus dükanlardan alver edir, uşaqlarını xüsusi məktəblərdə oxudur, xaricə yalnız özləri çıxırdılar. Qalan millət də dükan növbələrində zülüm çəkir, ən pis məişət şəratində yaşayırdı. Görkəzmə, yalançı reklam üçün hər kənddə bir “Sosialist Əməyi Qəhrəmanı” da uydururdular, təbii. Saxta rəqəmlərlə guya hansısa sağıcı hər inəkdən 1000 litr süd sağırdı, olurdu partiya qurultayının deputatı, nümayəndəsi-filan. Dükanda isə adi qatıq, süd, yağ tapılmırdı.

İndiki uşaqlar bilməz, o vaxt ABŞ prezidenti vardı, Ronald Reyqan. Reyqanın ən sevdiyi işlərdən biri sovet anekdotlarını toplamaq idi, tədbirlərdə həmişə belə lətifələrdən danışıb SSRİ ilə məzələnərdi. Reyqanın sevdiyi o lətifələrdən birini burda yazıram.

Bir gün sovet vətəndaşı gəlir maşın növbəsinə yazılır. Ona deyirlər ki, 10 il sonra, filan ayın filan günü gələrsən. Adam deyir səhər gəlim, yoxsa günortadan sonra. Növbəni yazan təəccüblənir: “Söhbət 10 il sonradan gedirsə, bunun səhər ya axşam olmasının sənin üçün fərqi nədir?” Adam deyir: “Bilmirsiniz, həmin gün səhər santexnik gəlib bizim krantı düzəltməlidir”.

Başa düşürəm, indiki nəsilə “maşın növbəsi”, “JEK-dən çağırılan santexniki gözləmə müddəti”, “sovet bürokratiyası” kimi anlayışları izah eləmək çətindir, hətta mümkünsüzdür. O rejimin “ləzzətlərini” yalnız yaşamış adamlar bilər. Mən çatdırıb bir az o rejimdə yaşamışam, gördüyümü görmüşəm. Elə bu 1 mayı bütün SSRİ-də necə fısqırıqla, pafoslu, boşboğaz sevinclə qeyd edərdilər... Parad, nümayiş, rayon mərkəzlərində lafetdə inək sağa-sağa keçən qadınlar, şar-mar... Xüsusən kənd uşaqları üçün kasıb valideyndən 1-2 manat qopardıb rayon mərkəzindəki nümayişə getmək, ona qıraqdan baxmaq, axırda dondurma alıb yalamaq xoşbəxtliyin zirvəsi sayılırdı. 1 may nümayişi sovet uşağının Disneyləndi, karuseli, əlçatmaz nağılı, nə bilim, rəngli yuxusu kimi bir şey idi. Dondurma yemək üçün paradı, portağal üzü görmək üçün 31 dekabrı gözləmək nədənsə bəzilərinin indi nostaljisi, xoşbəxtlik düsturu sayılır. Əlbəttə, onlara “1991-ci ildə bu səadət oazisini Qorbaçov dağıdanda niyə etiraza qalxmırdınız” sualını versən, nəsə dəxli olmayan bir şey tapıb mızıldanacaqlar.

Bəşəriyyət sürətlə zəhmətkeşliyin ümumiyyətlə dəyərdən düşdüyü bir epoxaya gedir. Daha dəqiqi, intellektual zəhmət, ağıl, bilik fiziki zəhməti, kobud gücü, qabarlı əli əvəz etməkdədir. Kim başını işlədirsə, o da qalib gələcək. Robotlar fəhlə-kəndli sinfini arxivə gömməkdədir, doğrusu bunun tam yaxşı hal olduğunu da deyə bilmərik – kütləvi işsizlik bəşəriyyəti gözləyir. İndi hələ proqramçı-filan işinə ehtiyac var, ancaq yaxın gələcəkdə proqramları da robotlar yazmağa başlayanda nə edəcəyik? Artıq buna başlayıblar prinsipcə.

Robotların həmrəylik gününə, bayram nümayişinə ehtiyacları olacaqmı, hansı ata robot bala robota dondurma pulu verəcək – bunu da zaman göstərər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR