İnsanlara hürriyət, millətlərə istiqlal!

“Riyakar siyasət” - Qənirə Paşayevanın yazısı

1224 18.11.2022 11:23 Analitika A A

İranın Azərbaycan Respublikasına qarşı təxribatları, riyakar siyasəti ara vermir. Ən ilkin təəssürat odur ki, Azərbaycanın 44 günlük müharibədəki Zəfəri Ermənistandan çox İranı narahat edib. Bəli, məscidlərə donuz dolduran, monoetnik yapıya sahib (ərazisində tək bir müsəlmanın yaşamasına belə müsaidə etməyən) Ermənistanı, əhalisinin mütləq əksəriyyəti müsəlman (hətta İranın hakim ideoloji xəttini xatırlasaq, şiə məzhəbində) olan Azərbaycandan üstün tutur... Bir İslam Respublikası üçün bu nonsens olmalıdır. Əhalisinin yarıdan çoxu bizim soydaşlarımız olan bir ölkə üçün bu ağıslızlıqdır, nifrətdən ağır əziyyət çəkməyin ifadəsidir. Riyakar İran, daha dəqiqi Fars-Molla rejimi tolerant Azərbaycana qarşı monoetnik Ermənistanı “müdafiə” edir. Məgər 30 il içində Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini tanıdığını bəyan edən İran, İslamın müqəddəs ocaqlarını, “Allah ev”lərini təhqir edən, Xocalı Soyqımı kimi bir akta imza atmış təcavüzkar Ermənistana davamlı dəstək verib... Belə bir qonşuya etibar etmək olarmı? Belə bir qonşu ilə hansısa anlaşmaya varmaq asandırmı? Açıq-aydın görünür ki, Azərbaycanın tarixi Zəfərindən sonra, Ermənistanla Azərbaycan arasında anlaşmanın, ədalətli sülhün əldə edilməsini əngəlləyən dövlətlərdən biri məhz İrandır. Zəngəzur dəhlizinin gerçəkləşməməsi üçün min hoqqadan çıxan məhz İrandır. Bunlar hansı qonşuluğa, hansı ədalətə, hüquqa sığır? Məgər bunlar İslam dəyərlərinə daban-dabana zidd deyilmi? İranın etdikləri pislik deyilsə bəs nədir?

İran İslam Respublikası, daha dəqiqi Fars-Molla rejimi açıq təxribatlarla “gücə təhriketmə” siyasəti yürüdür. İranda nə İslamlıq, nə Respublikaçılıq qalıb? İran islam Respublikası elan olunandan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Əhalisinin mütləq əksəriyyətini öz ana dilində yazıb-oxumaq hüququndan məhrum edən ölkə məhz İrandır. Üstəlik, beynəlxalq hüquqa, inkişaf və tərəqqiyə tərəfdar olan, özü bir örnək təşkil edən humanist Azərbaycan Respublikasının sərhəddinə qoşun yığır, hərbi təlim keçmək adı ilə bizə hədə-qorxu gəlir. Doğrudur, İranın riyakarlığı yalnız bizə qarşı deyil, ümumən rəsmi Tehranın nüvəsi anti-Türk yoğrulub. Başqa ölkələrə “İslam ixracı”nı ideoloji-siyasi xəttə çevirmiş İran, öz əhalisini hətta adi insani hüquqlardan məhrum edir. Belə “İslam respublikası”, belə “müsəlman təəssübkeşi” və “mehriban qonşu” olarmı?

Özünün əsassız ambisiyalarının girovuna çevrilmiş Fars-Molla rejiminin çox uğursuz xarici siyasəti vardır. Rejim son 40 il içində qatıldığı heç bir müharibədə qələbə çalmayıb, heç bir “himayə etdiyi müsəlman ölkəsi”ni nəinki xaosdan çıxara bilməyib, əksinə daha çox hərc-mərcliyə səbəb olub. Bax, İranın “əmin-amanlığ”ı, “sabitlik yaratması” budur. – Faktdan başqa fakt yoxdur: Fələstinə, Bəhreynə, Yəmənə baxmaq, həmin ölkələrdə on illərdir davam edən münaqişələrə baxmaq yetərlidir. Suriyadakı, Livandakı xaos da artıq illərdir davam edir, dağıntılarla, ölüm-itimlərlə müşahidə olunur. İran İslam Respublikasının “himayə”si budur, özü dəstəyə möhtac İranın “dəstəy”i budur.

İranın özünəməxsus “təsir etmə” şəbəkəsi var – bilirik. Bilirik ki, İran “İmam Xomeyni İmdad Komitəsi”, “İran Mədəniyyət Mərkəzi” vasitəsi ilə “humanitar yardım”la məşğuldur. “Qonşu İslam respublikası” məhz adıkeçən “humanitar qurumlar” üzərindən, yardım paylamaq adı ilə respublikamızda da kök atmağa çalışıb; müqəddəs dəyərləri sui-istifadəyə cəhd edərək, siyasi təşkilatlanma həyata keçirib, müstəqil Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa çalışıb. Daha bilməyib ki, müstəqil Azərbaycan Respublikası nə kiminsə işinə qarışmır, nə də kimisə işlərinə qarışmağa qoymayacaq. Bilməyib ki, Azərbaycan dövləti öz hüquq və mənafelərini kiminləsə bölüşəsi deyil, burada qüdrətli dövlət var, dövlətçilik ənənələri var, azadlıq eşqi var; dövlətə, vətənə sədaqətlə qulluq edənlər ordusu var burada.

Bəli, müstəqil Azərbaycan Respublikası İranla bağlı məsələlərə özəl həssasiyyətlə yanaşıb – bu, hər zaman belə olub. İran isə... adındankı İslam sözünə, İslam dəyərinə və həmrəyliyinə zidd siyasət yürüdüb. İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman (və hətta şiə) olan respublikamıza qarşı davamlı “ideoloji mübarizə” aparılıb... İrana qarşı sanksiyalara tərəfdar olmayan, öz ərazisindən İrana qarşı hər hansı üçüncü ölkənin müdaxiləsinə meydan verməyən Azərbaycan öz etibarını, dəyanətini nümayiş etdirib. Bəli, “bizim sözümüz imzamız qədər keçərlidir”. Bununla belə, dövlətlərimiz arasında müxtəlif əməli fəaliyyət sahələrini əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Üstəlik, bir həmhüduq dövlət olaraq, İranla Azərbaycan Respublikası arasında sıx ticari-iqtisadi əməkdaşlıq olub. Bu isə ilk növbədə İran əhalisinin yarıdan çoxunu soydaşlarımızın təşkil etməsi ilə sıx bağlıdır. Əlbəttə, soydaşlarımız öz dədə-baba torpaqlarında yaşayır və onların vətəndaşı olduğu ölkə ilə müstəqil Azərbaycan Respublikasının mədəni, mənəvi dəyərlərlə bağlı olduğu heç kəs üçün sirr təşkil etmir.

Fikir verin: İndiyədək Azərbaycan Respublikasında ifşa olunmuş bir sıra dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiyi tam sübuta yetirilib – necə deyərlər, təkzibolunmaz faktlarla! Artıq yavaş-yavaş din pərdəsi altından çıxmağa başlayan İranın müxtəlif qurum və quruluşları, yüksək çinli məmurları, generalları, din xadimləri müxtəlif bəhanələrlə Azərbaycan Respublikasına hərbi müdaxilə üçün ictimai rəy formalaşdırır. Fars-Molla rejiminə xidmət edən daha bir neçə terrorçunun üzə çıxarılması və həbsi isə sübut edir ki, İran hal-hazırda Azərbaycanda dini, milli nifaq salmaq, mövcud tolerantlığı pozmaq planı içindədir.

30 il davam etmiş qanlı işğala, müsəlmanların öz torpaqlarından təhqir olunaraq qovulmasına, məscidlərin, İslam ibadətgahlarının donuz damına, heyvanxanaya çevrilməsinə səssiz qalan Fars-Molla rejiminin Qafanda konsulluq açması, Ermənistanı isə Təbrizdə konsulluq açmağa təhrik etməsinə nə ad vermək olar? Bu sualın cavabını hər kəs çox yaxşı bilir!

Bəs əslində necə olmalıydı? Azərbaycan Respublikası kimi özünə hörmət qoyan, qonşuluqda etibarlı, üzərinə götürdüyü öhdəliklərə sadiq ölkə ilə qonşuluğun, əməkdaşlığın qədir-qiyməti bilinməliydi. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, Qoşulmama Hərəkatına sədrlik edən, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan və bütün dönəmlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan Respublikası ilə hədə-qorxu, təhdid üslubunda qanacaqsız davranmaq heç kimsə fayda gətirməz. Üstəlik, öz torpaqlarını hərbi-siyasi yolla azad etmiş, Rəşadətli Silahlı Qüvvələrə malik ölkədən danışırıq! İran öz mümkün potensialını, ikitərəfli münasibətlərin mahiyyətini adekvat qiymətləndirməliydi. Güney Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birinə sahib Azərbaycan bütün təxribatlara qarşı gərəkən formada cavab vermək gücündə olan ölkədir.

Biz yaxşı bilirik ki, İran Ermənistanın işğalı altında olan şəhər və kəndlərimizdə talançılıq siyasəti yürüdüb. Ermənistanla əlbir olan Fars-Molla rejimi 30 il içində bizim şəhər və kəndlərimizdəki bütün mülki infrastrukturu, mədəniyyət ocaqlarını, dini obyektləri, vətəndaşlara və dövlətə məxsus mülkləri dağıdıb, təbii sərvətlərimizə çox böyük zərər-ziyan vurub. Bax, İranın “din qardaşlığı”, “İslam həmrəyliyi” belədir...

Və nəhayət! – “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlarından məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir... Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbay­can­çılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”. – Bu tarixi sözlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu ayın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışın­dandır. – Bəli, hədəf bəlli, yol bəlli, bütün Dünya azərbaycanlılarının yeganə müstəqil dövləti və bu dövlətin mənəvi öhdəlikləri bəllidir!

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR